Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb.
İkinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalışıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işləyib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azərbaycanlı döyüşçülərin Avropa müqavimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mənə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə mövzusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub. Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsərlərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.
Süleyman Vəliyev 1916-cı ilin 21 dekabrında doğulub, bu şənbə növbəti doğum günü qeyd edildi, 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)