“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu dəfə növbə dahi Məhəmməd Füzulinindir.
"İraq" sözü, nədənsə həmişə "fəraq" sözünü mənim yadıma salır. "Fəraq" sözü isə Füzulinin naməlum rəssam tərəfindən çəkilmiş məşhur şəklini gözlərimin qarşısında canlandırır.
Onun kədər dolu gözləri, baxışlarındakı izahedilməz həsrət, intizar böyük nəğməkarın qürbət odu ilə yanmış qəlbindən nələr söyləyir!
Mən Füzulinin bu şəkli ilə onun yaradıcılığı arasında elə üzvi bir yaxınlıq görürəm, elə bir vəhdət duyuram ki, sonralar, yarısı bu şəkildən, yarısı bayağı fantaziyadan yaranmış "yeni" şəkilləri görəndə ölməz şairin uzun illərdən bəri yaddaşımızda həkk olub qalmış nurani obrazının korlanıb şitləşdirildiyi məni daxilən sarsıdır.
Füzuli yaradıcılığı, ancaq məhəbbət fəryadı, könül sızıltısı, kədər, intizar və nakam eşqin həzin iniltisi deyildir. Füzuli yaradıcılığını, yalnız məhəbbət lirikasının ən geniş və yüksək mənada belə fəlsəfi cövhəri kimi qiymətləndirmək də tam olmazdı. Füzuli yaradıcılığı mənim təsəvvürümdə elə bir aləmdir ki, onun sonsuz rəngləri, bu rənglərin ən incə çalarları vardır. Burada insan gözünün görə bildiyi, heç bir bəyana, şərhə sığmayan zənginlik, insan qulağının eşidə bildiyi ahəng, səs, ün, pıçıltı, fəryad fırtınası, çağırış axını, hiss və duyğuların ləngər və təlatümü, insanı təsir qüvvəsinin məngənəsinə alıb uzun müddət əsir edən rayihələr, yalnız daxili görüş, daxili eşidiş, daxili qoxlayış, daxili toxunuşla duyula bilən incəliklər vardır.
Bütün bunlarla bərabər, Füzuli dedikdə onun doyulmaz poeziyasının ürək tellərini titrədən nakam məhəbbət melodiyası yada düşür. Onun həsrəti, fəryadı, intizarı gözlərimizdə, qulaqlarımızda canlanır. Füzuli poeziyası nədənsə hər zaman mənə azəri xalqının qüdrətli dühası ilə yaranmış, cilalanmış, əsrlərin iztirab və sevinclərini, qəhrəmanlıq, əzm və iradəsini, musiqinin ecazkar dili ilə ifadə edən muğamları xatırladır. Gözəl ifada, arif sənətkarlarımızın avazında bütün əzəmət və mənası ilə, bütün təravəti, illərin, əsrlərin hökmünə baş əyməyən gözəlliyi, qocalmazlığı, köhnəlməzliyi ilə yaşayan muğamlarımızı hər dəfə dinlədikcə sənətin təsir və təravət tükənməzliyinə heyran qaldığımız kimi, Füzuli şeirinin də zaman-zaman yeni, daha zəngin, daha təravətli, daha incə rənglərə çalan mənalılığı, dəruni ifadəliliyi, nakam məhəbbət həsb-halının səmimiyyətinə, yapışıq və cəzbinə, ürəyə yatarlığına, həyatiliyinə, bəşəriliyinə, pərvaz qüvvəsinə və adi canlı insan hiss və duyğularına oxşarlığına heyran qalırıq.
Füzuli deyəndə ki “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir”, biz onun keçirdiyi ruhi iztirabı qəlbimizin çırpıntısında duyuruq. Məcnun:
“Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
Az eyləmə inayətin əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni”
– deyəndə bu fəryad, bu yalvarış, bu cəsarət və fədakarlıqda biz, Füzuli qəlbinin döyüntülərini duyuruq.
İnsan böyük yaraların ağrısında kiçik yaraların sızıltısını duymaz. Füzuli üçün eşqin, məhəbbətin iztirabı qorxulu deyil. Onun böyük dərdi, böyük yarası – qürbət dərdi, vətən yarası vardır. Bu yaranı, bu dərdi açıq-aydın onun sətirlərində axtaranlar əbəs zəhmət çəkirlər. Bu qürbət dərdi, bu böyük həsrət, yanıqlı intizar Füzuli poeziyasının bütün ruhuna hopmuş, bütün varlığına çökmüşdür. O:
“Vəfa, hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm”
– deyərkən yalnız vağamlamış fərdi ümidin gileyini deyil, bütün bir aləmin səciyyəsini lövhələndirmiş olur.
Bu aləmin möhnət və iztirabı ancaq Füzuliyə – böyük aşiq-müğənniyə deyil, çoxlarına aiddir. Füzuli hər yana baxsa, özündən daha betər dərdə mübtəla olan insanları görür. Bu insanların ancaq eşq dərdinə mübtəla olduqlarını zənn etmək sadəlövhlük olardı. Bu, daha böyük, daha ictimai və əlacı müşkül olan bir dərddir:
Kimə kim dərdimi izhar qıldım, istəyib dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.
Muğamatın bir musiqi poeması kimi inkişafında əsas melodik xəttin enişi, qalxışı, haçalanması, birləşəsi rəngləri, diringiləri olduğu kimi, Füzuli şeirinin də müxtəlif çalarları, həzinliyi, major və minor notları vardır. Lakin əzəmətli muğam kimi onun poeziyasında hər fədakarlığa hazır, saf, ülvi məhəbbət, məhəbbət yolunda həyatın bütün iztirab və işgəncələrinə dözən, bu iztirab və işgəncələri böyük insan məhəbbəti naminə həvəslə qəbul edən, onlardan mənəvi bir zövq duyan, bu iztirablar bahasına həyatın gündəlik incikliklərindən ayrılıb yüksələn, dözüm və səbrinin hüdudu olmayan bir insan ruhunun hekayətləri eşidilir. Burada hicranlı, sitəmli, nakam və fədakar bir məhəbbət başına gələnləri bəzən həzin, bəzən qəzəbli, coşqun bir dillə danışır.
Mən hər zaman Füzulini oxuyarkən, onun illərdən bəri hafizəmizdə qalmış qəzəllərini, “Leyli və Məcnun”un bir çox hissələrini öz-özümə təkrar edərkən düşünürdüm: – necə olur ki, vətənindən, elindən uzaq düşmüş, ta çocuqluq illərindən qürbətdə ömür sürməyə məcbur olmuş bir adam ana dilində belə kamil şeirlər yazmışdır. O, azəri xalqına məxsus olan bir sıra ifadə, obraz, təşbeh üçün mayanı haradan almışdır?
Onun şeirlərinin, dövrünə görə, son dərəcə kamil, sadə və anlaşıqlı dili – azəri dili hardan qidalanmışdır? Nəhayət, o, azəri dilində şeirlərini kimin üçün, hansı oxucular üçün yazmışdır?
Yazıçı əsərlərini oxuyacaq adamların – o dillə danışan, o dili bilən adamların mövcud olduğunu bilməsə, yaza bilərmi? Axı ana dili – yazıçının əsərlərini yazıb-yaratdığı dil, onun suyu, havası, torpağıdır! Balıq sudan çıxarıldıqda ölən kimi, yazıçı bütün demək istədiklərinin ifadə vasitəsi olan doğma dildən məhrum qalarsa, necə yazıb-yarada bilər, yazıb-yarada bilməzsə, onun ömrünün mənası nədir? Füzuli kimi böyük sənətkar ərəb-fars dillərini gözəl bilə-bilə, bu dillərdə klassik şeir nümunələri, elmi əsərlər yarada-yarada, türkcə – azəricə nə üçün, kimin üçün yazmışdır?
...Füzuli, onun şəxsiyyəti, yaradıcılığı, bu yaradıcılığa qida verən mühit, onun istiqamət və xarakterini müəyyən edən amillər hansılardır? Necə olub ki, vətənindən, doğma mühitindən ayrı düşmüş şair, ölməz “Leyli və Məcnun”unu, təkrarolunmaz gözəllik və mənaya malik qəzəllərini azəricə yazmışdır, kimin üçün yazmışdır? Bu suallar bu yaxındakı İraq səfəri zamanı bir qədər aydınlaşıb müəyyən məntiqi bir silsiləyə bağlandı.
Mən inandım ki, Füzulinin yaşayıb-yaratdığı yerlərdə onun azəricə əsərlərini oxuyan, onun poeziyasına qiymət və qüvvət verən minlər, yüz minlər varmış! Füzuli, dili dilindən, dərdi dərdindən, sevinci, arzusu, həsrəti onunla bir olan doğma xalq əhatəsində yaşamışdır. O, indi Kərbəlada, zəngin və əzəmətli görkəmi ilə diqqəti cəlb edən İmam Hüseyn məqbərəsinin qarşısında yorğun bir qərib kimi dayanmış bəzəksiz, təntənəsiz, həzin, kədərli:
“Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri”
– misralarını xatırladan, son mənzili – şair türbəsi kimi yox, bütün iztirab və məhrumiyyətlərinə baxmayaraq, hər gün doğma xalqının səsini eşidən, onun ifadəsini duyan bir övlad kimi, öz həmdilliləri ilə bir torpaqdadır. Təsadüfi deyil ki, bu gün Şimali İraqda, Kərkük, Ərbil, Mosul dolaylarında xalq arasında məşhur olan bəzi xoyratların – bayatıların Füzuliyə aid olduğunu söyləyirlər...
1961
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)