“Kibrit çöpü boydadı azadlıq…” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

 HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl  Təranə Dəmirin şeirlərini sizlərə təqdim etməkdədir. Əminik ki, onları bəyənirsiniz. 

 

Ömür kələ-kötür,

Ayaqlarım çəlik.

Ürəyimi  söz aparır,

Əllərimi təklik.

Təzə arzular, boyat misralar

Üşüyür varağın küncündə.

Kibrit çöpü boydadı azadlıq,

Yandırsam alışacaq.

Çətini Tanrıya çatanacandı,

Yaxşı ki, ümid var.

 

 

*

Hərə  bir rəngdə darıxır,

Hərə  bir dadda  üşüyür.

Hərə bir kökdə doğulur,

Hərə bir adda üşüyür.

 

Hərə bir sözə aldanır,

Hərə bir gözə aldanır,

Hərə bir közə aldanır,

Hərə bir odda üşüyür.

 

Qovhaqovdu, qaçaqaçdı,

Gəlhagəldi, köçəköçdü,

Küy-kələkdi, pıçapıçdı,

Hərə bir notda üşüyür.

 

Hərə öz dənin axtarır,

Hərə öz mənin axtarır,

Hərə öz tənin axtarır,

Hərə bir yadda üşüyür. 

 

 

*

Bu axşam dəyməyib hələ,

Ulduzu kal, ayı kaldı.

Buludu kal, yağışı kal,  

Sükutu kal, hayı kaldı.

 

Hər tərəf  həsrət içində,  

Hər yan töhmətin altında. 

Yuxu da qaçıb gizlənib  

Göyün yeddinci qatında.

 

Yarı işıq, yarı zülmət,  

Bilmirsən hardan baxasan.

Yoxdu qapısı, bacası 

Durub gecədən çıxasan.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.