ƏN YENİ POEZİYA Iqbal Nəhnətin “Qar yağır Yardımlıya” şeiri ilə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda şair Iqbal Nehmetdir. Şair yaşadığı Yardımlıya yağan qardan vəcdə gəlib və bu şeiri yazıb. Amma şair qəlbi qarın gətirdiyi fərəhə sevinməkdən çox yaranan çətinliklərdən kədərlənir. Axı həqiqətən Bakıya da, bölgələrə də qar yağdımı, uzun müddət altını çəkəsi oluruq.

Xoş mütaliələr. 

 

 

QAR YAĞIR YARDIMLIYA...

 

Şaxta susan dilləri danışdırmaq istəyir,

Çoxu elə düşünür, var yağır Yardımlıya.

Təbiət fəsillərin marağını izləyir, 

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

Fikir verənmi qaldı dəlisinə, gicinə,

Gələn olmaz ölənin yeddisinə, üçünə,

Yaşa, sag ol, ya da öl, məmurun nə vecinə,

İşıq pulu yığanlar dayanıblar qapıya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

Biri yorulub qalsa, biri ötəndi qardaş,

Gedib-qayıdacağıq,sonu kəfəndi, qardaş.

Qaçıb gedə bilmirik, axı Vətəndi, qardaş.

Düzən belə qurulub kim ac qala, kim doya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

Əvvəllər sevinərdik, qar yağanda eşikdə,

Şirin yatan körpələr oyanardı beşikdə,

Gizlənib sevincimiz görən hansı deşıkdə?

Dedim bəlkə səsimi kimsə eşidə, duya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

Tökülür göydən yerə tökülür incə-incə,

Təzə məktəb tikilib, hamının ürəyincə,

Uşaqlar donacaqlar, şaxta baba gəlincə,

Yazıq uşaq soyuqdan hansı dərsi oxuya?

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya. 

 

Düzü düz kimi danış düz kəsilsə başın da,

Yalan nadan üçündür, demə ahıl yaşında,

Deyirlər qar olarmış uca dağın başında,

Deyə-deyə veriblər oyaqları yuxuya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya. 

 

Çalış İqbal, düşünmə zay olacaq əməyin,

Əskik olan adamın artığını yeməyin,

Bir gün haqqı yazmasam, mənə şair deməyin,

Bəzən bir həqiqətim bərabərdir orduya,

Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.