Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihənin icrasına start verilib. 3 ay müddətinə həyata keçiriləcək bu layihə xalqımızın taleyində, tarixində, ərazi bütövlüyümüzün bərpasında mühüm əhəmiyyətli Vətən müharibəsində qazandığımız böyük Zəfərin tariximizin ölkəmizdə və türk dünyasında yaradılan müasir ədəbi-bədii əsərlərdə necə əksini tapması və milli özünüdərk prosesinə təsirlərindən bəhs edir.
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı AzərTAC-a bildirilib ki, Azərbaycan xalqının müasir taleyində və tarixində böyük dönüş yaradan Vətən müharibəsində qazanılan Qələbə XX əsrin ən bariz faktı olmaqla, bizim milli düşüncəmizdə, o cümlədən, mədəni düşüncəmizdə yeni, başlıca strateji paradiqmanı da müəyyənləşdirmiş oldu. Bu qürurlu tarixi olayların timsalında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsi olaraq, qalib xalqın qalib mədəniyyəti, ədəbiyyatı, elmi yaranmalı, ədəbi-estetik cəhətdən əlaqəli şəkildə inkişaf etməlidir: “Uzun illər erməni işğalında qalıb çözülməz beynəlxalq münaqişə düyününə düşən doğma Qarabağı azad etmək ruhu hər bir Azərbaycan insanının varlığının məqsədi olub. Eyni zamanda xalqımızın Vətən müharibəsindəki mübarizliyi, həmrəyliyi mənəviyyatımızda yeniləşmə təməlidir. Ədəbiyyatımızda torpaqlarımızın müdafiəsi uğrunda birliyini, əzmini, sevgisini nümayiş etdirən azərbaycanlı obrazı Vətən müharibəsinin elə ilk günlərindən mətbuatda görünməyə başladı. Qarabağ ədəbi-bədii salnaməsinin yeni səhifəsi də tariximizin bu həlledici anından ibarətdir. Vətən müharibəsinin ədəbi-bədii düşüncədə təsirləri təkcə Qarabağ mövzusu ilə kifayətlənmir, keçmişə, bu günə və gələcəyə baxışlarımızın daha optimal koordinatlarının müəyyənləşməsində, mədəni düşüncəmizi yeni mərhələyə, yeni üfüqlərə keçməsi şərtlərini və məsuliyyətini şərtləndirir”.
Bildirib ki, Vətən müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğuların, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin ən aktual stimuluna çevrilməsində ədəbiyyatın müstəsna rolu var: “Vətən müharibəsində Zəfər tariximizdən bəhs edən, Azərbaycanda və türk dünyasında yaradılan ədəbi-bədii əsərləri toplamaq, ən yaxşılarını seçmək, mükafatlandırmaq və bu poetik nümunələrdən ibarət sanballı bir antologiya hazırlamaq İctimai Birliyin qarşısına qoyduğu məqsədlərdən biridir. Bununla da müharibə mövzusunda ədəbiyyatın inkişafına dəstək verməyi nəzərdə tutub”.