“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib.
Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzulini ancaq vəhdət halında duymaq olar. Füzuli başqa cür dərk edilə bilməz.
Böyük bir ideal kəskin və sərrast məntiqlə ifadə edildiyi kimi, dəhşətli bir gülüş, amansız, sarsıdıcı bir satirada könül açan və ürək parçalayan məhəbbət lirikası ilə ifadə edilə bilər.
Füzuli öz fikirlərini daha çox sevgi lirikası ilə ifadə etmişdir.
Şair öz sənətinin bu başlıca xüsusiyyətlərindən birini müasirlərinə anlatmaq istəyirmiş kimi bir qəzəlinin sonunda:
Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
demişdir.
Biz Füzulinin böyük fikirlərini onun aşiqanə deyilmiş qəzəllərində axtarmalıyıq. Füzulinin aşiqanə sözləri onun həm də həkimanə sözləridir. Bizim klassik poeziyamızda o, bir qayda olaraq, həmişə mütəfəkkir bir aşiq kimi danışır.
Məhəbbətin dili ilə böyük həqiqətlərin şərh edilməsi nadir və təəccüblü hadisə deyildir, buna bütün xalqlarda rast gəlirik. Fəqət nədənsə yüksək fikirlərin aşiq dili ilə şərhi, ümumiyyətlə, Şərq və xüsusən Azərbaycan üçün çox səciyyəvi bir hal olmuşdur. Buna görədir ki, bir mütəfəkkirin aşiq dili ilə danışmasının nə demək olduğunu bilməyən şəxs Azərbaycan klassik poeziyasının məzmunundan çox çətinliklə baş çıxara bilər. Təsadüfi deyil ki, Azərbaycan şairləri indi də, Füzulinin ölümündən 400 ilə yaxın bir zaman keçəndən sonra belə, yenə öz fikirlərini aşiqanə lirika – qəzəl şəklində şərh etməyə qüvvətli meyil göstərirlər...
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm.
Kimə kim dərdimi izhar qıldım istəyib dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.
Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfin,
Səfadən dəm vuran həmdəmləri əhli-riya gördüm.
Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən
Və gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.
Ayaq basdım dəri-ümmidə, sərgərdanlıq əl verdi,
Hünər səriştəsin tutdum, əlimdə əjdaha gördüm.
Mənə göstərdi gərdun, tirə bəxtim kövbəkin yüz gəz,
Məni-bədbəxt ona hərgah kim baxdım, qara gördüm.
Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,
Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.
Gözəl sənət incisi olan bu qəzəldə nələr yoxdur! Siz bu kiçicik şeir gövhərini istəsəniz, zülm və haqsızlıq üzərində qurulmuş cəmiyyətlərdə yaşayan insanların tarixi xülasəsi adlandırın, istəsəniz, ona şairin içərisində yaşadığı ictimai mühitə qarşı yazılmış qüvvətli bir ittihamnamə deyin, istəsəniz, bunu həyatda vəfa, sədaqət və doğruluq eşqi ilə alışıb-yanan və öz alovları ilə də bəşəriyyətin səadət yollarını işıqlandıran böyük şair qəlbinin sirlərinin ifadəsi deyə tərif edin. Bəşər taleyindən bizə dastanlar danışan bu balaca bədii tabloya nə qədər dərin məna versəniz, yaraşar!
Füzuli böyük lirikdir. Diqqət edilsin ki, ədəbiyyat tarixində hər şairə bu ad verilmir. Böyük lirik hər şeydən əvvəl, həssas dahi insan, böyük mütəfəkkir deməkdir.
***
Füzuli sevir, Füzuli aşiqdir və bu adla da fəxr edir:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var
deyir. Füzuli qəzəllərində tez-tez özünü keçmiş zamanların, qərinələrin məşhur aşiqləri ilə müqayisə edir və özünü zəmanəsinin yeni qüdrətli aşiqi adlandırır.
Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,
Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.
Füzuli nədən özünə aşiqlik hüququ, aşiq adı qazandırmaq istəyir və bunu fəxr bilirdi? Bu sualın cavabı aydındır, çünki Füzulinin zamanı da əsrlərdən bəri davam edib gələn, doğma fikir mədəniyyətinə zidd və yabançı olan dini mistika amiranə bir tövr ilə: “İnsan, dünyanı sevmə, axirəti sev” deyib dururdu. O zaman Şərq də, Qərb də belə idi: “İnsan, sevmə! Həyat əsli deyil, fanidir” – batil etiqadlar carçısı zahidin və rahibin məşum səsi dünyanın hər tərəfində eşidilirdi.
Həyat sevgisi olmadan insan necə yaşaya bilərdi?
İnsana “sevmə” o demək idi ki, insan, sən öz mahiyyətindən əl çək! Bu məvhum müddəa açıqdan-açığa həyatı və ömrü inkar edirdi. Mistika və batil etiqad insanın bütün yaradıcı qüvvələrini öldürür, şəxsiyyətin mənəviyyatını və iradəsini əlindən alır, onu adi oyuncağa çevirirdi. Həqiqi insan və həqiqi həyat zəmanəyə görə mistikanın öldüyü və şəxsiyyətin azad olduğu yerdə başlayaçaqdı. Füzuli böyük sələfləri Nizami və Nəsimi kimi bunu aydın dərk edə bilmişdi.
Füzuli hər şeydən əvvəl öz xalqının doğma mədəniyyətinin böyük varislərindən biri, insan və insanın məziyyəti, insanın ləyaqəti və şəxsiyyətinin böyük müdafiəçisi olduğundan bu metafizik hökmə qarşı “eşqdir hər nə varsa aləmdə” müddəasını irəli sürmüş, həyat sevgisini inkar edənlərin cəhalət, avamlıq yuxusu təbliğatçıları olduğunu göstərmiş və öz oxucularına qulaq sırğası olsun deyə, belə nəsihət etmişdi:
Vaiz sözünü dutma qulaq, qafil olma kim,
Qəflət yuxusunun səbəbi ol fəsanədir!
Füzulinin nəzərində insan hər şeydən əvvəl həyat aşiqi, elm və idrak aşiqi, gözəllik aşiqi deməkdir.
Füzuli sənətinin iki əsas canlı məsdəri vardır: eşq və idrak. Füzuli varlığa da bu yolla mərifət yetirirdi. Bunun üçündür ki, qəti hökm ilə:
Sərmənzili hər muradə rəhbərdir eşq,
Keyfiyyəti hər kəmalə məzhərdir eşq,
Gəncineyi-kainata gövhərdir eşq,
Hər sadir olan nəşəyə məsdərdir eşq
demişdir:
Ötən günlərdə bizim ata-babalarımız Füzulinin qəmlərinə şərik olmağı, Füzulini anaraq kədərlənməyi çox sevmişlər, çünki bu qəmlər həyatda onlara da üz vermişdir. Mən bir anlığa yarımsavadlı ağsaqqal bir ixtiyarı xəyalımda canlandırıram. Budur, o qoca fələkzadə yadelli işğalçılar tərəfindən altı üstünə çevrilmiş xanimanının qarşısında qabarlı əllərini qoynuna qoyub dayanmış və qollarında zəncir, qürbət yerlərə sürgünə göndərilən, gözünün ağı-qarası bircə oğlunun dalınca həsrətlə baxa-baxa böyük Füzulinin sözlərini öz-özünə dodaqaltı pıçıldayıb gizli-gizli ağlayır.
Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.
Mən Füzuliyə bu cür yanaşmaqda o qocanı müqəssir görmürəm və başa düşürəm ki, bu öz-özlüyündə bir faciə, həm də bütöv bir xalqın faciəsidir. Başa düşürəm ki, bu odlu göz yaşları düşmənə boyun əymək istəməyən bir elin faciəsi idi. Başa düşürəm ki, bu:
Yetər, tavuztək üçbilə qıl arayişi-surət,
Vücudindən keçib aləmdə bir ad eylə ünqatək.
Gövhərtək qılma təğyiri-təbiət, dəlsələr bağrın,
Qərar et, hər havada olma şürəngiz dəryatək.
deyən böyük şairin nəsihətinə sadiq qalan məğrur bir nəslin faciəsi idi, bu göz yaşları da xalqa, vətənə olan məhəbbətin ifadəsi idi.
Füzulinin xalqı çox əziyyət çəkdi, çox inlədi, ancaq əyilmədi...
Səadəti-əzəli qabili-zaval olmaz,
Günəş yer üstünə gər düşsə, payimal olmaz!..
Füzuli kədərini ancaq öz xalqını düşünən, elin dərdinə qalan həqiqi, kamil insanlar və namuslu, qeyrətli vətəndaşlar anlamağa qabildirlər.
Füzuli elin dərdini çəkirdi. Füzulinin qəmləri elin qəmləri, elin şikayətləri idi. Füzuli əsərlərinin başında böyük bir qəm karvanı dolanır ki, bu karvan el qəminin, el dərdinin karvanıdır.
Füzuli sevirdi. Füzulini başa düşmək üçün hər şeydən əvvəl sevən qəlbə malik olmaq lazımdır. Elə bir qəlbə ki, sevib yüngülləşmək deyil, sevib kədərlənə bilmək üçün də döyünsün. Sevib yüngülləşmək, nəşələnmək çox asandır, bu cür sevməyi hər kəs bacarır. Sevib kədərlənmək, xalqın, elin, bəşərin dərdinə şərik olmaq isə çox çətindir.
Mən kiməm? – Bir bikəsü-biçarəvü-bixaniman,
Taleyim aşüftə, iqbalım nigun, bəxtim yaman,
Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman,
Ahü-naləm navəki peyvəstə, xəm qəddim kaman,
Tiri-ahım bixəta, təsiri naləm bigüman,
Müttəsil qəmxaneyi-spnəmdə yüz ğəm mihman,
Harda bir ğəm itsə, məndə istəsinlər, mən zəman,
Yox mənə qeydi-bəlavü dami-möhnətdən aman.
Füzuli belə sevirdi. Füzuli öz böyük qəlbində bəşərin bütün eşqini, ələmini belə gəzdirirdi.
***
Mən Füzulinin əsərlərini xoşlamayan və qorxan adamlar çox görmüşəm. Bunlar həmin adamlardır ki, barmaqlarına bir tikan batanda və ya papiroslarının vaxtı keçəndə bütün dünyanın və ömrünün mənasız olduğuna hökm verə bilərlər. Belə adamları üzdən tanımaq çox çətindir, çünki onlar mənəvi boşluqlarını zahiri parıltı və dil pəhləvanlığı ilə gizlətməyi məharətlə bacarırlar. Ancaq belələrini tanımaq üçün sanki böyük Füzulinin sözləri məhək daşıdır. Siz belə adamların əsl varlığını, mənəvi boşluğunu müəyyən etmək üçün onların yanında Füzulinin bir qəzəlindən təkcə bu beyti oxuyun:
Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,
Sədəf su almayınca əbri-neysandan göhər verməz.
Bu zaman siz onlardan aşağıdakı sözləri eşidəcəksiniz: “Bu qəmgin, köhnə sözlər nədir oxuyursunuz?”
Bu qəribə adamlar Füzulidən nə üçün qorxurlar?! Sualın cavabı aydındır; çünki Füzulinin əsərləri düşündürür, kədərləndirir. Onlar isə düşünmək, kədərlənmək və başqalarının dərdinə şərik olmaqdan dəhşətli bir yanğından qorxan kimi qorxurlar.
Belə adamları təkcə üç sözlə xasiyyətləndirmək olar: özü üçün yaşayanlar... Bu yalançı “basavadlar” öz heysiyyət və milli iftixar hisslərini itirmiş adamlardır.
Fəqət mən qoca tarixin bir çox ciddi və ağır imtahanlarından çıxmış məğrur odlar ölkəsinin bugünkü ... nəslini gördükcə böyük səy və qeyrətlə öz milli mədəniyyətlərini irəli apardıqlarının şahidi olduqca, nəhayət, Füzuli sənətinə, Füzuli dühasına böyük hörmət və məhəbbətlə yanaşan xalqımızın yüzlərcə və minlərcə ləyaqətli və istedadlı oğullarını, ağıllı-kamallı qızlarını gördükcə qəti bir inamla deyirəm:
– Füzuli yaşayır, Füzuli sevilir, Füzulinin xalqı böyük xalqdır!..
Füzuli sevirdi. Füzuli sözün geniş və yüksək mənasında həyat aşiqi idi. Həyat və idrak aşiqi – bu ad Füzuliyə çox yaraşır.
Füzuli sevirdi. Füzuli öz xalqını, onun keçmişini, gələcəyini, onun zəngin mədəniyyətini, ədəbiyyat, elm və sənətini, onun adət və ənənəsini, onun könül açan gözəl və şirin dilini dərin ehtirasla sevirdi.
Füzulini sevin!..
1941
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)