POETİK QİRAƏTdə Əlizadə Nuri “Nəfəsdərmə” şeiri ilə Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. 

 

Ömür-qatar kimidi

Sonda depoya gedir..

 

-deyən şair sözdən ilmə toxuyur. 

Həqiqətən, gözəldir.

Xoş mütaliələr!

 

Nəfəsdərmə...

 

Günəşi gizlədiblər,

Buludun arxasında.

Kimi özgə toyunda

Kimi də öz yasında.

 

Silkələnir göy üzü,

Buludlar divar-divar.

Ulduzlar elə gəmgin...

Ayın da ay dərdi var.

 

...Tanrı insan yaradıb,

Hər yan haydı-haraydı.

Yoxsa tək darıxdı O?-

Gərək darıxmayaydı...

 

Yağış da yuya bilmir, 

Bu dünyadan hüzünü.

Baxıb yaratdığına 

Tanrı tutub üzünü...

 

...Yüz il ömür istəyir,

Əlli il bəs eləmir?

Allaha  bir ev tikib

Göyü günbəz eləmir...

 

Hər yan saxta parıltı-

Yox, ora girmirəm mən.

Qaranlıqdan qorxmuram,

İşıqda görmürəm mən...

 

Onun iştahına bax,

İstəmir tacı düşsün.

Göydən də üç alma yox,

Alma ağacı düşsün...

 

Nəfəs alıb verincə,

Öz nəfsinə qul oldu.

Hamını uddu... ancaq

Özünə məğlub oldu...

 

...Yanında qəm qardaşı,

Bu adam toya gedir.

Ömür-qatar kimidi

Sonda depoya gedir..

 

“Ədəbiyyat və incəsənət”

(13.12. 2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.