Füzulu və müasir ədəbiyyatşünaslığımız - HƏMİD ARASLI VƏ MİR CƏLALIN XÜSUSİ ƏMƏYİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə Məhəmməd Füzuliyə həsr edilib.

 

 

 

Füzuli irsinin öyrәnilmәsi tarix etibarilә çox qәdimdir. Bu dahi söz ustasının ağılları vә ürәklәri heyrәtә salan zәngin yaradıcılığının, sәnәtkarlıq qüdrәtinin tәdqiqinә istәr Qәrbdә, istәrsә də Şәrqdә yüzlәrlә әsәr hәsr edilmişdir. Yüzlәrlә zәka sahibi bu böyük sәnәtkarın qәlәmindәki şeiriyyәtin sirlәrini açmaq üçün düşünmüşdür. Yüzlәrlә ürәk bu könülaçan şeir lalәzarından vәcdә gәlmişdir.

Füzulinin şeir xәzinәsi tükәnmәzdir. Öz xalqının qәlbinә, ruhuna vә varlığına ürәkdәn bağlı olan Füzuli bizim dövrümüzdә özünün hәqiqi vә yüksәk qiymәtini almışdır.

Xalqımızın milli iftixarı olan bu dahi şairin әsәrlәri … dәfәlәrlә vә böyük tirajla nәşr edilmişdir. Füzulini oxucu kütlәsinә tanıtdırmaq, onun şairlik şöhrәtini geniş ölçüdә yaymaq, Füzuli sәnәtinin incәliklәrini izah etmәk işindә Azәrbaycan әdәbiyyatşünaslarının da әmәyi vardır... Başqa klassiklәrimizlә birlikdә, Füzuli yaradıcılığının tәdqiqi xüsusi elmi mәktәb halına düşmüşdür. Onun haqqında dissertasiyalar, monoqrafik kitabçalar vә mәqalәlәr yazılmışdır. Әlbәttә, bu әsәrlәr nәhәng bir sәnәtkarın çoxcәhәtli, rәngarәng yaradıcılığını hәlәlik tamamilә әhatә etmir.

Müasir әdәbiyyatşünaslıqda Füzulinin öyrәnilmәsi, tәdqiqi vә izahı iki istiqamәtdә olmuşdur. Birincisi, onun elmi-tarixi tәdqiqi, digәri isә yaradıcılığının, sәnәtkarlıq xüsusiyyәtlәrinin, poetik görüşlәrinin şәrhi vә izahıdır.

Füzuli irsini ciddi elmi tәdqiqat әsasında öyrәnmәk işindә iki әdәbiyyatşünasın – professor Hәmid Araslı vә professor Mir Cәlalın әmәyini qeyd etmәk lazımdır.

H.Araslının 1939-cu ildә çap olunmuş “Füzuli” kitabçası, “Azәrbaycan әdәbiyyatı tarixi”ndәki (I cild, 1943) “Füzuli” oçerki, Azәrbaycan dilindә ilk “Leyli vә Mәcnun” әsәri, “Yeddi gözәl” vә “Yeddi cam” әsәrinin müqayisәsi, “Füzulinin müәmmaları”, “Füzuli vә vәtәn” vә sair mәqalәlәri Füzulinin әdәbiyyatımızdakı mövqeyini göstәrir, onun tәdqiq tarixinә dair әtraflı mәlumat verir. Bu әsәrlәrdә şairin tәrcümeyi-halı geniş işıqlandırılır, әsәrlәri yığcam halda tәhlil edilir. H.Araslının tәdqiqat әsәrlәri vә mәqalәlәri sovet dövründә Füzuli haqqında düzgün vә әtraflı mәlumat verәn ilk mәxәzdir. Bir istedadlı әdәbiyyatşünas olaraq H.Araslının tәdqiqat üsulunda özünü göstәrәn әsas cәhәt faktları, tarixi hadisәlәri hәqiqәtә uyğun tәrzdә, dürüst vә dәqiq vermәkdir. H.Araslı Füzuli yaradıcılığını tәhlil etmәzdәn әvvәl şairin yaşayıb-yaratdığı dövrü vә bu dövrün mürәkkәb siyasi, tarixi hadisәlәrini elmi dәlillәr әsasında tәhlil edir. Mәlumdur ki, bu, elmdә dәfәlәrlә özünü doğrultmuş әsl tәdqiqat üsuludur. Şairin yaradıcılığını vә hәyata baxışını onun yaşadığı konkret hәyat şәraitindәn, dövrün mühüm ictimai-siyasi faktlarından tәcrid etmәdәn izah etmәk vә bu siyasi-tarixi hadisәlәrә әsaslanıb qiymәtlәndirmәk yeganә vә düzgün üsuldur. Müәllif dә öz tәdqiqatında bu prinsipi әsas götürmüş vә Füzulinin yaşadığı orta әsrin әn mürәkkәb tarixi, siyasi hadisәlәrini izaha çalışmışdır. Daha sonra H.Araslı Füzulini tәdqiq edәn Qәrb vә Şәrq alimlәri üzәrindә dayanır, onların әsәrlәrindә şairә verilәn müxtәlif qiymәtlәrә öz münasibәtini bildirir.

Füzuli poeziyasındakı dәrin lirizmi, fәlsәfi ümumilәşdirmә qüvvәsini vә zәngin forma xüsusiyyәtlәrini düzgün qiymәtlәndirәn görkәmli alim vә şәrqşünaslardan misal gәtirmәklә müәllif, şairin dünya әdәbiyyatı şeirindәki mövqeyini tәyin etmәyә çalışır. Xüsusilә onun ingilis alimi Gibbdәn gәtirdiyi misal Füzuli sәnәtinin ümümdünya әhәmiyyәtini düzgün müәyyәn edir. Gibb yazır: “Füzuli ilhamını bir türk vә ya fars şairinin әsәrlәrindәn deyil, öz könlündәn alırdı. Öz dühasının işığı, izi ilә gedәn Füzuli!.. Sәləflәrin heç birinin aça bilmәdiyi yeni bir yol tapmışdır. O, könül şairi kimi tәk qalmışdır”.

H.Araslı tәdqiqat әsәrlәrindә tarixi-әdәbi faktları tәkrar etmir, eyni zamanda bu faktları elmi bir dillә, bәzәn dә publisistik tәrzdә ifadә edir. O, Füzulinin dil vә üslub xüsusiyyәtlәrindәn danışarkәn, hәr şeydәn әvvәl, bunu nәzәrdә tuturdu: “Öz doğma dilini, bәxtiyar anasının qucağında öyrәnәn Füzuli böyüdükcә o dilin xüsusiyyәtlәrini dәrindәn tәdqiqә başladı. O, tәhsilini artırmağa çalışdı, әrәb vә fars dillәrini incәdәn-incәyә öyrәndi”.

H.Araslının Füzuli haqqındakı bu tәdqiqatında diqqәti cәlb edәn xüsusiyyәtlәrdәn biri dә şairin ayrı-ayrı әsәrlәrinin düzgün elmi tәhlilidir. Müәllif sadәcә olaraq, şairin әsәrlәrinin mövzu, süjet vә ideyasını, sәnәtkarlıq xüsusiyyәtlərini, dil vә üslubunu tәhlil etmәklә kifayәtlәnmir. İlk növbәdә, bu әsәrlәrin yaranması tarixini, özündәn әvvәlki klassik şeirlә әlaqәsini izaha çalışır. Şairin әsәrlәrindә dövrlә, mövcud tarixi şәraitlә bağlı olan cәhәtlәri elmi dәlillәrlә әsaslandırır. Füzuli sәnәtinә qida verәn amillәri; onun konkret hәyat hadisәlәri әsasında yazdığı әsәrlәrindәki fәlsәfi-ictimai mәsәlәlәri, xalq rәvayәtindәn vә hәyatdan gәlәn motivlәri işıqlandırır. Bu cәhәtdәn onun “Azәrbaycan dilindә ilk “Leyli vә Mәcnun” әsәri daha sәciyyәvidir”.

Hәmin mәqalәdә müәllif Şәrqdә vә Şәrq şeirindә geniş yayılmış “Leyli vә Mәcnun” mövzusu üzәrindә dayanır. Bu mövzunun hansı әsaslara görә istәr xalqlar arasında, istәrsә dә klassik Şәrq poeziyasında bu qәdәr geniş yayılmasının sәbәblәrini şәrh edir. Müәllif “Leyli vә Mәcnun” mövzusunda dәyәrli әsәrlәr yaradan Cami, Hatifi, Nәvai, Nizami kimi klassik Şәrq şairlәrinin sәnәtkarlıq mәharәtini, üslub xüsusiyyәtlәrini göstәrir. O, bu mövzunun ilk dәfә әrәb әfsanәsindәn alındığını, daha sonralar yazılı әdәbiyyata keçәrәk yuxarıda adları çәkilәn sәnәtkarlar tәrәfindәn mükәmmәl surәtdә işlәndiyini qeyd edir. Mәqalәdә diqqәti cәlb edәn cәhәt “Leyli vә Mәcnun” mövzusunda әsәr yazan iki şairin – Nizaminin vә Füzulinin sәnәtindәki yaxınlığı, incә bağlılığı izah etmәkdәn ibarәtdir.

Hәqiqәtәn dә, Nizaminin mәşhur “Leyli vә Mәcnun” poemasından sonra bu mövzuda әn qüvvәtlisini yaradan Füzuli olmuşdur. Bu iki böyük Azәrbaycan şairini әsrlәr ayırsa da, onları ruh, fikir vә poetik ustalıq baxımından bir-birinә yaxınlaşdıran vә bağlayan cәhәtlәr daha qüvvәtlidir.

Nizami әnәnәlәri ilә Füzuli şeirinin әlaqәsini, hәr şeydәn әvvәl, bu iki Azәrbaycan şairinin hәyata bağlılığında görәn müәllif, hәr iki sәnәtkarın başqa әsәrlәrindә dә meydana çıxan oxşar cәhәtlәri elmi şәkildә sübut edir. Әlbәttә, müәllifin qeyd etdiyi kimi, hәmin oxşar cәhәtlәr zahiri bәnzәyişlәrdәn ibarәt deyildir. Nizami sәnәti ilә Füzuli yaradıcılığı arasındakı incә yaxınlıq vә bağlılıq qüdrәtli söz demәkdәn, dәrin fikir söylәmәkdәn, şairlik dühasının gücündәn irәli gәlәn müsbәt bir cәhәtdir.

H.Araslı Nizaminin “Yeddi gözәl” poeması ilә Füzulinin “Hәft cam” әsәrlәrindәki fikir, forma vә ideya baxımından bir-birinә yaxın cәhәtlәri araşdırarkәn dә hәmin tәlәbә uyğun olaraq hәrәkәt etmişdir. Hәmin әsәrlәri müqayisә edәrkәn müәllif daha çox bu iki şairin hәyata, cәmiyyәtә, ictimai hadisәlәrә baxışı üzәrindә dayanır, onları fәrqlәndirәn vә birlәşdirәn fәlsәfi nәticәlәri şәrh edir. Bundan başqa, istәr Nizami, istәrsә dә Füzulinin elmi-әdәbi görüşlәrindәki bәnzәyişlәri dә izah edir.

Hәr iki әsәri ayrı-ayrılıqda tәhlil etdikdәn sonra müәllif onları bir-birinә yaxın edәn cәhәtlәri: fәlsәfi istiqamәt, fikir, şeirin quruluşu vә s. izah edir vә bu nәticәyә gәlir ki, “Hәft cam” әsәri kompozisiya etibarilә Nizami tәsirindә olduğu kimi, elmi әsası ilә dә onunla bağlıdır. Lakin Nizaminin poeması çox geniş, xalq nağılları vә tәbiәt tәsviri ilә zәnginlәşdirilmiş, mәrdlik, qәhrәmanlıq, fantaziya genişliyi, hәyat tәsvirlәri ilә böyük bir alәmi әhatә etdiyi halda, Füzulinin әsәri, әsasәn, muğam, saqi vә musiqi mәclislәrindәn qırağa çıxmır. Şairin qoyduğu mütәrәqqi ideyalar ancaq musiqi vә şәrab mәclislәri çәrçivәsindә hәll olunur.

Yalnız “Leyli vә Mәcnun”da yox, ümumiyyәtlә, Füzulinin başqa әsәrlәrinin tәhlilinә hәsr edilmiş mәqalәlәrindә dә H.Araslı böyük şairin yaradıcılığını, görüşlәrini müәyyәn bir sistem halında götürür vә izah edir. “Füzulinin müәmmaları” adlı tәdqiqatı da belә bir elmi axtarışın nәticәsidir.

Mәqalә Füzuli yaradıcılığının incәliklәrinә dәrindәn bәlәd olan, bu yaradıcılığın fәlsәfi köklәrini, parlaq poetik formasını duyan vә dәrk edәn bir alimin istedad vә zәhmәtini nümayiş etdirir.

 

***

Füzuli sәnәtinin elmi-bәdii şәrhini verәn vә şairin poeziyasını düzgün qiymәtlәndirәn alimlәrimizdәn biri dә Mir Cәlaldır. Әgәr füzulişünas alim kimi H.Araslını daha çox şairin yaradıcılığının elmi-tarixi tәdqiqi maraqlandırmışsa, Mir Cәlal Füzuliyә yaradıcı sәnәtkar kimi yanaşmışdır. Onun “Füzulinin poetik xüsusiyyәtlәri” adlı elmi әsәri dә daxil olmaqla “Füzulinin lirikası”, “Nizami vә Füzuli şeirindә bәzi müqayisәlәr”, ““Rind vә Zahid”dә köhnәliklә yeniliyin mübarizәsi”, “Mәhәbbәt vә sәnәt”, “İnsanlıq fәlsәfәsi” vә sair mәqalәlәri Füzulini düşünәn, duyan vә sevәn hәrarәtli bir yazıçı – alim әmәyinin qiymәtli mәhsullarıdır.

Mir Cәlal bir filoloq kimi ömrünün xeyli hissәsini Azәrbaycan şeirinin, xüsusilә dә Füzuli poeziyasının tәdqiqinә vә tәhlilinә hәsr etmişdir. Bu da tәsadüfi deyildir. Mir Cәlalı hәmişә xalqın mәnәvi lәyaqәtini yüksәkliyә qaldıran, yaradıcılığı vә әdәbi mövqeyi etibarilә şeirimizin klassik mәktәbinә mәnsub olan nümayәndәlәri daha çox maraqlandırmışdır.

Müәllif Füzuli sәnәtinin ecazkar mәnasını, poetik ustalığını vә kamil forma xüsusiyyәtlәrini böyük diqqәt vә sәylә araşdırmış, şairin poeziya alәminә gәtirdiyi yeniliklәri sәlis, yığcam vә aydın bir dillә şәrh edә bilmişdir. Mir Cәlal daha çox Füzulinin hiss vә hәyәcanlarını, arzu vә meyillәrini, fәlsәfi-әxlaqi görüşlәrini ifadә edәn lirikasını, qәzәllәrini tәhlil edib qiymәtlәndirmişdir.

Müәllif, Füzulinin lirikasından danışarkәn onu mәzmun vә ideya istiqamәtinә görә dörd yerә ayırır vә mövzudan asılı olaraq hәmin qәzәllәrin tәhlili üzәrindә әtraflı bәhs açır. Füzulidә aşiqanә qәzәllәr, mәhәbbәt lirikası qüvvәtli olub mühüm yer tutduğuna görә müәllif dә şairin yaradıcılığının ümumi istiqamәtinә uyğun olaraq saf eşqi tәrәnnüm edәn qәzәllәri daha dәqiq vә әtraflı şәkildә tәhlil edir.

Füzulinin mәhәbbәt lirikası könüllәri ovlayan, gözәlliyi vә hәyatı parlaq, bәdii boyalarla rәsm edәn şәffaf bir bulağa bәnzәyir. Böyük şair insanı mәftun edәn, insan qәlbinin әn dәrin guşәlәrindәn qopub gәlәn hisslәri duyur, böyük bәşәri meyillәri yanıqlı bir dillә vәsf edir.

Füzulidәki hiss vә fikirlәr doğma Azәrbaycan dağlarından qopub gәlәn nәhәng şәlalәlәr kimi güclü, ildırım qәdәr parlaq, sәma qәdәr geniş, әngin bir dәrya qәdәr dәrindir. Bununla belә, şair bu rәngarәng hisslәri hәcmcә kiçik qәzәllәrindә böyük ustalıqla, yığcam ifadәlәrlә tәrәnnüm edә bilmişdir. Mir Cәlal Füzuli lirikasının başlıca xüsusiyyәtlәrindәn danışarkәn birinci növbәdә, onun aşiqanә ruhla yazılmış qәzәllәrini nәzәrdә tutur. Çünki qәzәl bir şeir şәkli olaraq Füzuli yaradıcılığının әsasında durur.

Müәllif Füzuliyә qәdәr vә Füzulidәn sonra gәlәn şәrq şairlәrinin yaradıcılığında qәzәl janrının nә kimi mühüm rol oynadığını vә necә inkişaf etdirildiyini maraqlı elmi dәlillәrlә sübut edir. O yazır: “Qәzәl janrı Azәrbaycan әdәbiyyatında Füzuliyә qәdәr uzun bir inkişaf yolu keçmişdir. Böyük Nizaminin, Xәqaninin, Nәsiminin, Xәtainin qәzәllәri bu sahәdә görkәmli nümunәlәrdir. Lakin Hafiz fars әdәbiyyatında, Nәvai özbәk әdәbiyyatında olduğu kimi, Füzuli dә Azәrbaycan әdәbiyyatında qәzәl şeirinin әvәzsiz, dahi sәnәtkarıdır. Füzuliyә qәdәrki şairlәrimizdәn; ondan sonra gәlәn Vaqiflәr, Vidadilәr, Zakirlәr, Seyid Әzimlәr, Bahar Şirvanilәrdәn heç biri Füzuli sәviyyәsindә, Füzuli kimi incә, zәrif, kamil qәzәl yarada bilmәmişdir”.

Qәzәl janrını inkişaf etdirib bu janrda klassik nümunәlәr yaradan Füzuli hәr şeydәn әvvәl, geniş oxucu kütlәlәrini, xalqı düşünmüşdür. Çünki qәzәl vasitәsilә söylәnәn fikirlәr xalq arasında istәr musiqi ilә, istәrsә dә musiqisiz daha tez yayılırdı.

Füzuli qәzәllәrindәki aşiqanә lirik motivlәr, fәlsәfi fikirlәr, nәsihәtamiz әxlaqi görüşlәr dövrün vә hәyatın әn qabaqcıl, mütәrәqqi meyillәri idi. Mәhәbbәt mövzusunda yazılmış parçalarda isә biz insanpәrvәr, nәcib bir şairin zәngin fikir alәmini, hәyatı sevәn vә insan lәyaqәtini hәr şeydәn yüksәk tutan bir şairin könül çırpıntılarını yaxından duyuruq.

Füzuli ürәyinin bütün tellәri ilә varlığa, hәyata bağlı şairdir. Boş, mücәrrәd xәyallar alәmindә üzәn, ayağı torpaqdan üzülәn, yalnız “gözәllik, gözәllik” deyәn romantik şairlәrdәn fәrqli olaraq, mübariz, mәğrur şairdir. Qürur hissi onun aşiqanә ruhlu qәzәllәrindә dә aydın hiss olunur.

Füzulinin tәsvir etdiyi aşiqin kәdәr vә iztirabı sezilsә dә, bu, ruhi zәiflik, düşkünlük әlamәti deyildir. Әksinә, bu, insanı düşündürәn müqәddәs kәdәrdir. Hәm dә bu aşiq yaşamağa, dünyanın gözәlliklәrindәn vә mәnasından zövq almağa çağıran, nikbin, sağlam bir әhval-ruhiyyәli aşiqdir. Belә әhval-ruhiyyә isә Füzuli şeirindәki realizmdәn, hәyata bağlılıqdan irәli gәlir.

Mir Cәlal Füzuli lirikasındakı mәhәbbәtin dәrinliyi vә genişliyini izah edәrkәn, әn çox şairin real insan hisslәrinә vә münasibәtlәrinә әsaslandığını göstәrir. O, Şәrq şeirindә Füzuli qәzәllәrinin tutduğu mövqeyi, bu qәzәllәrin әhәmiyyәtini belә qiymәtlәndirir: “Bütün Yaxın Şәrqdә dastan dedikdә Firdovsi, rübai dedikdә Xәyyam, әxlaqi-didaktik şeir dedikdә Sәdi xatırlandığı kimi, qәzәl dedikdә dә hәr kәsdәn әvvәl Füzuli yada düşür. Eşq, mәhәbbәt mövzusunda hәcmcә xırda, mәnaca böyük әsәrlәr yazan böyük şairin şirin, mәlahәtli sözlәri yalnız Azәrbaycan dilini bilәnlәri deyil, söz sәnәtini başa düşәn bütün oxucuları heyran qoyur”.

Füzulinin sevgisi hәyati olduğu qәdәr dә fәlsәfi mündәricә daşıyır. Onun “aşiq vә mәşuq”, “bülbül vә gül”, “pәrvanә vә şam” obrazları altında irәli sürdüyü fikirlәr, tәrәnnüm etdiyi hisslәr dә mәhdud-intim münasibәtlәrdәn uzaqdır. Böyük şair mәhәbbәtin real mәnası ilә yanaşı, fәlsәfi mәzmununu da açıb göstәrir. Müәllifin çox haqlı olaraq dediyi kimi: “Füzulinin vәsf etdiyi sevgi mәna vә mәzmunca çox yüksәk bir sevgidir. Bu sevgi sәdaqәt, etibar, sәmimiyyәt kimi hәqiqi insani hisslәrlә zәngindir. Bu, qәlbin, insan mәnәviyyatının geniş fәzasında doğan vә insanı yaşamağa, yaratmağa çağıran bir sevgidir”. Ürәk vә ağıl Füzuli sәnәtindә ecazkar bir ustalıqla birlәşdirilmişdir. Ağıl eşqin fәlsәfi-ictimai әsaslarını nümayiş etdirirsә, qәlb bu eşqin tәbiәtindәki qüvvәti, canlılığı büruzә verir.

Mir Cәlal, Füzulinin lirikasını tәhlil edәrkәn şairin ictimai-siyasi fikirlәri üzәrindә dә geniş dayanır vә bu fikirlәrin dövrün, ictimai quruluşun qanunları ilә necә üz-üzә gәlib toqquşduğunu söylәyir. Hәqiqәtәn dә, Füzuli haqsızlığa qarşı cәsarәtli çıxışlar etmişdir. Bu mәnada, Füzuli sәnәti lirik, incә xüsusiyyәtlәri ilә yanaşı, hәm dә qәzәb vә nifrәt poeziyası olmuşdur. Şair öz dövrünün hakim tәbәqәlәrinin rәzil işlәrindәn tәngә gәlmiş, dövlәt mәmurlarının özbaşınalığını, rüşvәtxorluğunu nifrәtlә damğalamış, şahların vә sultanların saraylarında yaşamağı, onlara boyun әymәyi şәninә sığışdırmamışdır.

Füzulinin tәbiәtindәki mәğrurluq onun şeirlәrindә dә aşkar görünür. Qürur motivi Füzuli lirikasında sәciyyәvi bir hal olmuşdur. Çünki “bütün haqsızlıqlara qarşı Füzuli öz qürurunu saxlayır, öz cәbhәsindәn dönmür. O, әsrinin dövlәt adamlarından – qaragüruhdan uzaq durmağı, kәnar gәzmәyi mәslәhәt bilir. Lakin bu, güşәnişinlik, tәrki-dünyalıq deyildir. Bu öz arzu vә ideallarının sәviyyәsindә durmağı, heç bir qüvvәnin tәsirinә alçalmamağı bacarmaqdır”.

“Füzulinin lirikası” mәqalәsindә müәllif şairin lirik şeirlәrinin formasından vә bәdii xüsusiyyәtlәrindәn dә bәhs etmiş, bu şeirin qәlbi vә ruhu oxşayan cәhәtlәri, şairin söz ehtiyatı haqqında maraqlı fikirlәr söylәmişdir.

Füzuli şeirinin dәrin tәhlilini verәn elmi әsәrlәri içәrisindә әn görkәmli yeri “Füzulinin poetik xüsusiyyәtlәri” adlı kitab tutur. Bu әsәr şairin yaradıcılığını, xüsusilә qәzәllәrini elmi şәkildә, bütün incәlik vә xüsusiyyәtlәri ilә tәhlil edәn qiymәtli tәdqiqat işidir. Müәllif hәr şeydәn әvvәl, şairin şeirә baxışını, estetik görüşlәrini dәrindәn izah edir. Kitab beş fәslә bölünmüşdür. Fәsillәrdә şairin lirikası, şeir mәktәbi, bәdii dili, peyzajları vә s. tәhlil olunur. Tәdqiqatçı, Füzuli şeirlәrindәki forma xüsusiyyәtlәrini, bu şeirin mәfkurәvi-ictimai mәnasını, fәlsәfi köklәrini, söz ehtiyatını, tәsvirlәrini, bәdii dilindәki obrazlılığı sәlis, yığcam vә yüksәk elmi bir dillә şәrh etmişdir.

Füzulinin poetikası dedikdә müәllif şairin özündәn әvvәlki klassik irsә münasibәtini, şeirә gәtirdiyi yeniliklәr, lirikasındakı bәdii qüvvәti vә mәntiqi inandırıcılığı nәzәrdә tutur vә tәhlilini dә hәmin istiqamәtdә aparır.

Bütün görkәmli klassiklәrimiz kimi, Füzuli dә öz әsәrlәrindә yeri gәldikcә bәdii yaradıcılığının bir sıra mühüm nәzәri mәsәlәlәrinә toxunmuşdur. Әlbәttә, müәllifin qeyd etdiyi kimi, Füzuli bu xüsusda ayrıca bir elmi әsәr yazmamışdır. Lakin şairin söz sәnәti haqqında, sözün tәsir gücünә dair, elmlә şeirin, bәdii yaradıcılığın vәhdәti, şairin cәmiyyәtdәki mövqeyi, özündәn әvvәl yazıb-yaradan ustadlarına münasibәti vә sair mәsәlәlәrә dair çoxlu qiymәtli, orijinal mülahizәlәri var ki, hәmin mülahizәlәri öyrәnmәk bugünkü әdәbiyyatşünaslıq elmi üçün çox faydalıdır.

Füzuli sözә böyük qiymәt verirdi. Yerindә deyilәn sәrrast vә mәnalı sözü incidәn qiymәtli sayırdı. Şair söz dedikdә obrazlı ifadәni, sәnәti, bәdii fikri nәzәrdә tuturdu. Bu haqda yazdığı “Söz” rәdifli qәzәli xüsusilә maraqlıdır. Füzuli söz sәnәtinә yiyәlәnmәyi böyük mәharәt sayırdı. Yeni, tәsirli vә mәnalı söz deyәn şairi kamil, ağıllı, fәrasәt sahibi kimi yüksәk qiymәtlәndirirdi.

Füzulinin şeir, sәnәt qarşısında qoyduğu mühüm tәlәblәrdәn biri dә elmә, biliyә hәrtәrәfli yiyәlәnmәk idi. Çünki “elmsiz şeir, әsassız divar kimi bir şeydir”. Şairdә istedadla yanaşı, gözәl bәdii zövq, dәrin ağıl, mәntiq vә bilik olmalıdır. Mir Cәlal, Füzuli sәnәtindәn çıxış edәrәk, şairin sәnәtә, elmә vә biliyә verdiyi әhәmiyyәti izah edәrәk deyir: “Füzulinin şeirdә söz sәnәtindәn etdiyi ilk әsas tәlәblәrdәn biri elmdir, bilikdir. Şair gәrәk bilik versin, әsәr gәrәk oxucunu vә dinlәyicini mәlumatlandırsın, onun sәviyyәsini artırsın, onu yüksәltsin. Belәliklә, şeir gәrәk oxucu kütlәlәrini silahlandırsın, tәrbiyәlәndirib hәyata, mübarizәyә hazırlaşdırsın”.

Füzuli öz dövrünün böyük şairi olması ilә yanaşı, hәm dә hәrtәrәfli dünyagörüşünә malik alim – mütәfәkkir idi. Buna görә dә o, şeiri, sәnәti dәrin tәsir gücünә malik, hәyatın vә cәmiyyәtin qarşısında duran vacib mәsәlәlәrә cavab verәn bir mәfkurә silahı kimi yüksәk qiymәtlәndirirdi. Şair hәr bir sәnәt xadimini ilk növbәdә cәmiyyәtә, xalqa arxalanan, hakim tәbәqәlәrlә üz-üzә dayanan vә onlardan qorxmayan mәğrur tәbiәtli görmәk istәyirdi. O, eyni zamanda sәnәtkarın tәvazökar olmasını, öz qәlәm yoldaşlarının sәnәtinә ehtiram bәslәmәsini dә tövsiyә edirdi.

Müәllif Füzulinin sәnәti ilә әdәbi görüşlәrinin eyni bir mәnbәdәn qidalandığını dәqiq vә inandırıcı faktlarla sübut edir.

Füzuli söz sәnәtinә dair söylәdiyi fikirlәrini әyani surәtdә yaradıcılığına tәtbiq edәn sәnәtkar idi. O, qәzәlin geniş yayılmasının sәbәblәrini izah edәrkәn bu formada yazmağın şәrәf vә mәsuliyyәtindәn danışır, qәzәli “hünәr bağının gülü” adlandırır. Çünki qәzәl yazmaq, lirik şeir yazmaq, insan qәlbinin daxili alәminә vaqif olmaq vә onun incәliklәrini duyub ifadә etmәk çox çәtindir. “Qәzalü-qәzәl seydi asan deyildir”. Şairin şairliyi dә, Füzulinin dediyi kimi, insanın ancaq hiss vә hәyәcanlarını nә dәrәcәdә düzgün ifadә elәmәsindә bilinәr.

Bu mәharәtә malik olmayanlar, Füzulinin fikrincә, şeir sәnәtindәn uzaqlaşmalıdırlar. Füzulinin 400 il qabaq dediyi bu fikirlәr bu gün belә doğrudur. Mir Cәlal әsәrindә Füzuli poeziyasının mayasındakı hәyat eşqini – lirika xüsusiyyәtlәrini, şairin bәdii dilindәki incәlik vә obrazlılığı, fikirlәrindәki dәrinlik vә genişliyi, qәzәllәrin şәkli xüsusiyyәtlәrini inandırıcı tәhlil edir.

 

Mənbə: Məsud Əlioğlu.Darıxan adamlar. 

Bakı, 2009, səh.266–275

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.