“Bir ömür daldalandıq. Bəlkələr daldasına…” - GÜNEYDƏN HÜSEYN MİSRİ Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Hüseyn Misrinin  şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 I.

Biz çıxılmaz
Bir küçə ağaclarının
Baharsız röyalarıyıq.
Qızmar bir günəşdə
Birimiz
İlan röyalı bir ovçuya tuşlandıq
Və ölümlə zəhərləndik
Birimiz
Anılar məbədində
Mnemozinaya adaxlandıq
Və o yasaq gizəm
Dilimizdən öpərkən -
Günəş
O gündən
Bir dörd divar
O tayda qaldı bizdən.

II.
Sənə məktub yazıram;
Yazıram ki,
Əllərim unudubdur
Uçmaq həvəsini
Sənsizlik duraqlarında
Duraq ki, nə deyim
Hər dəqiqə başı
Barmaqlarımın ucundan
Tüstü qanadlayır.
Qanadlanır
Külək qorxulu buludlar
Doğru
Və canımdan bir parçasını
Paylaşır onunla.
Mən sənə yazıram ki,
Yaşam burada hər an
Dəyişir boyasını.
Gah dağa çırpılıram,
Gah dərəyə düşürəm.
Mən sənə yazıram ki,
Kaş pəncərəniz olaydı
Və mən bir gün
Yuxudan
Səni görmək həvəsinə
Oyanardım.

III.
Gecələr
Burada
Sənli günlər röyaları
Qanadsız quş olur
Gözlərimdə.
Bir bəyaz kağız
Masa üstə
Və bir də titrək əllərim
Şeir astanasında.
Mən
Səni bir qısa şeir yox,
Mən
Səni hüzün dolu 55 misralı
Şeir uzunluğu susuram.
Və bir deprem acısını
Yaşayıram bir anda -
Sənə varmaq
Ehtimal duraqlarında.
Göylər yavaş-yavaş
Geyinir
Ayazlığın
Ağ donunu.
Yenə o tanış
Yenə
O ögey səs
Ucalır yaxınlıqda
Və birdən güllə səsi
Pozur röyalarımın
Yenicə qurulmuş
Damğalarını.

IV.
Bir ömür daldalandıq
Bəlkələr daldasına.
Biz işartı görüb ocaq sandıq
"Bəlkə"lərdə qaldıqca
Qat-qat düyünə dönüb
Ayağımızdan tutdu.
Sabaha gediş anlarını
"Bəlkə"lər
Ömür dolaylarında
Dara çəkdi,
Biz güldük.
Əbəs yerə gülüşlər
Özümüz də bilmədən
Oxşadı dodaqları.
Dedik həyatımızın
Ağ vərəqləri yalnız
Al gülüşlə yazıldı.
Utanmadıq, bilmirəm
Bəs niyə o zaman?!
Özümüzü sorğuya,
Suala tutmadıq heç!
Doğma vicdanımızın
Həzin hıçqırıqlarını
"Bəlkə"lərlə boğarkən
Eşitməzliyə vurduq.
Bir nəslin,
Taleyini
Özümüz
Belə yazdıq.

V.
Səni hansı möcüzə
Mənə qaytaracaq?
İsanın baxışlarına
Yoxsa
Musanın çəliyinə
Yalvarım mən?
Səni hansı qibləyə,
Səni hansı yönə
Gözlərimdə dolub
Ürəyimdə
Səcdə-səcdə
Ağlayım mən?
Səni hansı bir tanımadığım duraqda
Və hansı bir
Heç gəlməyən qatardan
Buludları çəkib gözlərimə
Soraqlayım mən?
Sən gəlmədin!
Sən gəlmədin
Və bəlkə də...
Yalnız mən
Yuxularda
Arzularımı
Tumarlayıb
Böyüdüb,
Böyüdüb
Özümə bir yük edəcəyəm
Və bir səhər erkən
Bir qara kağız
Qapıları döyəcək
Qəfildən...

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.