Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.
İynə götürməz bu sapı,
Tikməz bu boyda əzabı.
Niyə allahın hesabı
Xeyirdə- şərdə çəkilir?
-deyə şair yenə də dünyanın tərs işlərindən şikayətçidir.
Həqiqətən, gözəldir.
Şeir sevimli şairimiz Rüstəm Behrudiyə ithaf edilib. Rüstəm Behrudi indi xəstədir, yastığı yüngül olsun.
Xoş mütaliələr!
Çəkilir
Hamı yaşamaq istəyir,
Amma ki, şərtə çəkilir.
Dərdi yaxşı çəkən adam
Özü də dərdə çəkilir...
İynə götürməz bu sapı,
Tikməz bu boyda əzabı.
Niyə allahın hesabı
Xeyirdə- şərdə çəkilir?
Hamı dinir yad dilində,
Quş dilində, ot dilində.
Köhnə sevgi not dilində
Təzə xəbərdə çəkilir...
Gül açılır gül üzünə,
Qoy dağılsın yel üzünə...
...Gün tutulur? yer üzünə
Yoxsa ki, pərdə çəkilir?...
“Ədəbiyyat və incəsənət”
(12.12. 2024)