Könül, “Ədəbiyyat və incəsənət”
Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda ustad şair Rafiq Yusifoğludur. Şeir bədxahlıq barədədir.
Ötən ay yazılıb.
QU DESƏN QULAQLAR
BATIRAN SÜKUT
Uğurun artdıqca, oxlov udacaq
Neçə dost sandığın batacaq qəmə.
Pambıqla baş kəsən görmüşdük, ancaq
Sükutla baş kəsən var imiş demə...
Güvəndiyim dağlar dalıb sükuta,
Ürək istəməsə söz demək olmur.
Hamının ümidi qalıb sükuta.
Ancaq həqiqəti gizləmək olmur...
Bu sükut dənizdə adaya dönüb,
Bu sükut qoynunda dağ uda bilər.
Şimşəklər bir qızıl sədaya dönüb,
Həsəd buludunu dağıda bilər...
Bir yağış yağar ki, zəfər yağışı,
Qara kötükləri yuyub aparar...
Pozar bu sükutu ümid alqışı,
Bir acı həqiqət haray qoparar...
Yelkənə çevrilər bəyaz bir bulud,
Günəş saf qızılın əyarı imiş.
Qu desən qulaqlar batıran sükut,
Mənim kimliyimin meyarı imiş...
Necə simsar olsun ürəyi buzla
İnsan düşüncəsi, insan amalı?
Susun, əziz dostlar, sükutunuzla
Mənim uğurumdan intiqam alın...
“Ədəbiyyat və incəsənət”
(11.12.2024)