HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl Təranə Dəmirin şeirlərini sizlərə təqdim edəcək. Əminik ki, onları bəyənəcəksiniz.
Bu baxış o baxış deyil
Dərə keçdim, dağ dolaşdım,
Əlim, üzüm ağ dolaşdım,
Özümlə küsdüm, barışdım,
Bu barış o barış deyil.
Məni saldılar həvəsdən,
Yoruldum, düşdüm nəfəsdən,
Çırpındım ömür qəfəsdə,
Bu naxış o naxış deyil.
Topladım, çıxdım zamanı,
Dağıtdım, yığdım zamanı,
Yüyürdüm çıxdım zamanı,
Bu yoxuş o yoxuş deyil.
Saçlarım dəndən asıldı,
Ürəyim qəmdən asıldı,
Gözlərim nəmdən asıldı,
Bu yağış o yağış deyil.
İsinmədim od baxışda,
Ovunmadım yad baxışda,
İlahi, məni bağışla,
Bu baxış o baxış deyil.
Bir az gec tanıdım səni, bağışla.
Mən günəş tərəfdən baxırdım sənə,
Sən demə nə boyda sazağın varmış.
Elə vurulmuşdum azadlığına,
Bilməzdim eşq adlı yasağın varmış,
Bir az gec tanıdım səni, bağışla.
Əlim əllərində donanda bildim,
Ürəyim sevgidən sınanda bildim,
Neyləyim , naşıydım , son anda bildim,
Bir az gec tanıdım səni, bağışla.
Mən eşqə tutundum, sən sözə qaçdın,
Mən qəlbdən yapışdım, sən gözə qaçdın,
Mən sükutla sevdim, sən səsə qaçdın,
Bir az gec tanıdım səni, bağışla.
Sevgiylə həvəsi dəyişik saldım,
Zülmətlə işığı qarışıq saldım,
Mən səni çözdükcə dolaşıq saldım,
Bir az gec tanıdım səni, bağışla.
Min sual bir cavab etmədi, neynim,
Bir qəlb ikimizə yetmədi, neynim,
Bu sevgi könlünə yatmadı, neynim,
Bir az gec tanıdım səni, bağışla.
Göyün üzündən yıxılan ağac
Gözlərimin qabağında
Can verdi ərik ağacı.
Bu həyətin, bu bacanın,
Bu evin çörək ağacı.
Bu ağac öz torpağından,
Daşından quruyub getdi.
Şaxtasından, sazağından,
Qışından quruyub getdi.
Yıxildı öz ocağından,
Külündən yıxıldı ağac.
Yarpağından, budağından,
Gülündən yıxıldı ağac.
Heç kimin əli gəlmədi,
Özü özündən yıxıldı.
Yerin dibində bitmişdi,
Göyün üzündən yıxıldı.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)