Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Ədəbiyyat adamlarının bir dərdi də ədəbiyyatdan danışmağa həmsöhbət tapa bilməmələridir. Bir yaş dövrü gəlir, ədəbiyyat adamları çəkilir küncə, olur hamının “uzağı”. Çoxluq onun təkliyini min yerə yozur, hətta Adam Smitin “qocalıqdandır” deməsi kimi, “oxumaqdandır” deyirlər hər anlaşılmaz davranışına.
Hə, ədəbiyyat adamının dərdidir ədəbiyyatdan danışa bilməmək. Bir ortamda, bir mühitdə iki ədəbiyyat adamının qısa müddətdə bir-birini tapması möcüzə deyil, onların danışmaq və eşidilmək ehtiyacının qarşılıqlı cazibəsidir. Bu cazibənin sehrinə qapılıb üz-üzə əyləşdik dəyərli şair, AYB Şəki bölməsinin sədri Vaqif Aslanla. Söhbətimiz tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevdən düşdü... Vaqif Aslan düşüncəli-düşüncəli danışmağa başladı:
-Böyük adam idi... 1936-cı ildə Şəkidə anadan olub. 10 yaşında ailəsi Bakıya köçüb. Türkiyədən, İraqdan, İrandan, Rusiyadan gələn ədəbiyyatşünaslar ona “div ədəbiyyatşünas” deyirdilər. Yaşar Qarayevin ədəbiyyatşünaslıqla bağlı fikirləri son dərəcə milli, həm də bəşəri idi. Ədəbiyyat İnstitutunun direktoru idi. İnstitutun nəzdində “Folklor sarayı” Elmi Mədəni Mərkəzinin yaradılmasına nail oldu. Sonra o mərkəz oldu Folklor İnstitutu. 2002-ci il avqustun 25-də dünyasını dəyişdi. Dəfn mərasimində prezident tərəfindən göndərilmiş əklili daşıyanlardan biri mən olmuşam... Fəxr edirəm bununla. Yaşar Qarayev böyük adam idi. Tabutunun qarşısında növbə çəkənlərdən biri professor Nizami Cəfərov idi. O, deyirdi: “Yaşar Qarayev böyük ədəbiyyatşünas və ədəbiyyat filosofu idi”. Yaşar Qarayevin bu dünyadan gedişi də ehtiramlı idi...
-İnsanın öz xalqının mədəniyyətində, ədəbiyyatında iz qoyub getməsi xoşbəxtlikdir. Yaşar Qarayevə bu mənada həsəd aparmamaq mümkünsüzdür...
-İstəyirdi, Azərbaycan ədəbiyyatını insanlara elə təqdim etsin ki, orada şübhəli yer olmasın. Onun məşhur əsəri var: “Tarix: yaxından və uzaqdan”. Yəni Azərbaycan tarixini özünə yaxınlaşdırırsan, ona yaxından baxırsan. Ki, görək, tariximizdə kimlər var, nə şəkildə var. Eyni zamanda, bu günü özündən uzaqlaşdırırsan. Baxır, insan tarixi nə qədər bilir. Adam var, 200 il əvvələ - Azərbaycanın ruslar tərəfindən işğalınadək gedib çıxa bilir. Adam var, 10 min il əvvələdək tarixi özündən uzaqlaşdıra bilir. Yaşar Qarayev mümkün qədər özündən uzaqlaşdırdı və tarixə baxdı. Azərbaycanın siması, mədəniyyəti, folkloru ondan ibarətdir ki, görək, bu xalq necə yaşayıb. Məsələn, bu xalqın toyu, yası, ağrısı, göz yaşı necə olub... Folklor burada şaxələnir: mahnı, layla, oxşama, bayatı, ağı...
-Tariximizin güzgüsüdür folklorumuz. Yaşar Qarayev həmin güzgüdə həqiqəti olduğu kimi görənlərdən idi.
-Yaşar Qarayevin Azərbaycan ədəbiyyatına baxışı ədəbiyyatımızı anlamaq üçün ən gözəl baxış bucağıdır. Onun fikrincə, ədəbi əsəri qiymətləndirmək üçün müəyyən nüanslara diqqət edilməlidir. Birincisi, əsər ədəbidirsə, milli olmalıdır. Yəni bu əsərin qəhrəmanı hansı millətin nümayəndəsidir, bilinməlidir. Tutaq ki, indi yazırıq: “Qavroş yolla gedirdi”. Deyəcəklər: “Azərbaycanda Qavroş adlı adam olmayıb”. Yəni addan tutmuş, düşüncə tərzi, iştirak etdiyi mərasimlər, hadisələrə münasibəti - hamısı milli olmalıdır. İkincisi, əsər bəşəri olmalıdır. Əgər əsər bəşəridirsə, istər-istəməz ümumbəşərilik qazanır. Yəni dünyanın başqa xalqları üçün də bu əsər əhəmiyyətlidirmi? Bu məqamda Avropa bizi üstələdi, bax. Biz Azərbaycan ədəbiyyatında Jan Valjan obrazı yarada bilmədik. Müəyyən mənada, Şərqin iqtisadi-siyasi geriliyi ədəbiyyatına da təsir etdi... Azərbaycan ədəbiyyatı uzun müddət klassik stildən uzaqlaşa bilmədi.
-Təzyiq də vardı axı...
-Sözünüzə qüvvət, bizim başımızın üstündə duranlar vardı. Mən XIX əsr Azərbaycan ədəbiyyatından mühazirələr oxuyanda tələbələrə bunu izah etmək istədim. Ki, insan əsarətə düşəndə nələri itirir. Doğru deyirsiniz, təzyiq vardı... Başımızın üstündə bəy vardı, xan, sultan vardı. Sonra işğalçılar gəldi, bizim “bəy” dediyimiz oldu işğalçının nökəri, ən yaxşı halda, köməkçisi. Başladı, qələm tutan ələ təzyiqə ki, “işğalçının xoşuna gəlməyəni yazma”. Yəni oldu işğalçının adamı...
-Yaltaqlandı ki, əlində olan əlindən çıxmasın...
-Ərindim o yaltaqlanmaq sözünü deməyə. Bu reallıqdır də...
-Qınaya da bilmirik... SSRİ vaxtı qınayırdılar. Mən çox da qınayammıram. O hala düşməməyə çalışmaq lazım idi.
-Sağ olun! Gərək, biz müstəqilliyimizi qoruya biləydik. Torpağını qoruya bilməyən bacısını necə qoruya bilər? Tarixdə ad salmış Mete Xan deyirdi: “Üstündə bir ot bitməsə belə, torpaq dövlətin təməlidir və heç kimə verilməz”. Qədim türk nəğməsi var: “Torpaqlarımız əldən getdi, Qoyunlarımız çoxalmaz oldu, Qadınlarımızın gözəlliyi itdi...” Bizim tariximizin bircə səhifəsinə baxaq. 200 il əvvəl ki, Gəncə işğal oldu ha ruslar tərəfindən, nə baş verdi? Səhər oyandılar və dedilər: “Şəhər adlandırılmalıdır Yelizavetpol!” Ona görə ki, Yelizaveta I Aleksandrın arvadı idi. Gəncəlilərin qarşısında şərt qoyuldu ki, “Gəncə” deyən 1 manat gümüş pul ödəsin. Camaatın dili də çönmürdü “Yelizavetpol” deməyə... Bu, bir millətə vurulan zərbə idi, o millətə edilən zülm idi... Qayıdaq bayaqkı məqama. Mirzə Cəlil kəndxudanı necə görür? Xudayar bəyin burnu əyridir. Klassik ədəbiyyatda əyri burun hiyləgərliyin rəmzidir. Xudayar kəndxuda olmaqçün öz anasını pristava peşkəş çəkir. Dostu ölən kimi, onun əyalını yanlayır. Kəndin böyüyünə bax da! Bu ədəbi nümunəni oxuyaraq demək olarmı ki: “XIX əsrdə kəndxuda qeyrətli idi?” Əlbəttə, yox! Yəni ədəbiyyat dövrün mənzərəsidir, həm də.
-Dövrün insan xarakterinə təsiri, yaxud əksi də ədəbiyyatın carçılıq missiyasına daxildir.
-Ədəbiyyat bizə yarandığı dövrün necəliyini car çəkir. Əndəlib Qaracadaği deyir: “Ey gözəl, mən sənin xatirinə “Quran”ı yandıraram”. Biri deyir: “Ey dilbər, sənin xatirinə boğazımdan xaç asaram”.
-Biri deyir: “Ey tərsa gözəli, dönüb tərsa olaram...”
-Ay sağ olun! Şeyx Sənan kimi, donuz otarmağa razı olanlar da var. Qətiyyətli, əqidədə möhkəm ola bilməyiblər. Bu da işğalın Azərbaycan xalqına, eləcə də, onun mədəniyyətinə, ədəbiyyatına vurduğu bir zərbədir. Gəlin, birgə xatırlayaq. İşğaldan sonrakı dövrdə Azərbaycan qadını Füzulidə, Vaqifdə olduğu kimi, mərkəzi gözəllik rəmzi deyil artıq; xristian gözəlindən sonrakı pillədədir. Qadınlar da məğlub oldu... Görün, başımıza nələr gəlib, nələri itirmişik biz.
-Ədəbi dilimiz də sabit olmayıb.
-Məsələni ümumiləşdirək. Azərbaycan ədəbiyyatı tarixindən danışanda deyirlər: “Mədinə məktəbi”, “ərəbdilli Azərbaycan ədəbiyyatı” və s. Bəs yaxşı, ərəblərin Azərbaycana gəldiyi tarixi biliriksə, ərəbdilli ədəbiyyat ondan sonra yaranmağa başlayıbsa, ədəbiyyatımızın ilkinliyi, özəyi harada idi? Bunu izah etmədilər, “ərəbdilli ədəbiyyat” deyə-deyə öz ədəbiyyatımızı öz ədəbiyyatşünaslarımız şübhə altına aldılar. Demək lazım idi ki, o vaxt ərəblər doğma dildə yazılmış ədəbi nümunələri məhv edirdilər deyə, Azərbaycan ədibləri məcbur qaldılar ərəb dilində yazmağa. XI-XII əsrdən danışarkən deyilir: “Farsdilli ədəbiyyat”. Tələbəyə nə deyəsən? Axı onun ata-babası, uluları farsdilli yox, türkdilli olublar. Məsələnin kökünü izah etməliyik, sonra deməliyik: “Fars dilində yazılmış Azərbaycan ədəbiyyatı nümunələri”.
-O dövrdən gəlib çatan əsərlər arasında ana dilimizdə olanlar çox azdır.
-10-11 il əvvəl olardı. “Mehri və Vəfa” adlı dastanın bir nüsxəsi Şəkidə, bir nüsxəsi də Qazaxda aşkar edildi. Tədqiqatlar göstərdi ki, dastan 1056-cı ildə tamamlanıb. Qul Əlinin “Qisseyi-Yusif”inin 1212-ci ildə tamamlandığını deyirlər. Yəni XIII əsrdə. Belə çıxır ki, “Mehri və Vəfa” anadilli ədəbiyyat nümunəsi kimi, ondan 2 əsr qabaq qələmə alınıb. Dastanın dili “Dastani-Əhməd Hərami”dən də, “Qisseyi-Yusif”dən də sadədir, anlaşılandır. Buradan o nəticəyə gəlirik ki, öz ana dilimizdə də əsərlər yaranırmış. Sadəcə, onlar üzə çıxarıla bilmirmiş. Dövr öz sözünü deyirdi... Dövr ərəb istilasının nəticəsi idi. Bir də, tarixi tədqiqat problemləri var.
-Məsələn, mən “Dədə Qorqud”un tarixinin daha qədim olduğu fikrindəyəm.
-Hə, dastanda hadisələr islamaqədərki dövrlə səsləşir. Amma dastanın əvvəlindəki o cümlə var ha, “rəsulun zamanında...”, o cümlə çaşdırır. Kitabın hazırlanma prosesinə baxaq. Siz kitabı yazırsınız, gətirirsiniz mənə. Mən onu oxuyuram, fikirlərimi müqəddimə kimi yazıram. Yəni bir kitabın müqəddiməsi, əslində, o kitabdakı son yazıdır. Dastanların düzülüşündə də bu məqam nəzərə alınmalıdır. Hansı qolun hansı qoldan, hansı boyun hansı boydan sonra, yaxud öncə gəlməsini bilməkçün onun əhatə etdiyi dövrü öyrənməlisən. Bizim ədəbiyyatşünasları ilişdirən həmişə müəqddimələr, ilk cümlələr olur.
-“Dədə Qorqud”la bağlı elə əfsanələr var ki, dastanla bütövləşdirilə bilər. Məsələn, “Dədəm qorxdu” əfsanəsi. Bilqamışın ölümsüzlüyü axtarmasının izləri var o əfsanədə. Amma kənarda qalıb.
-Sikloplar haqqında məlumat ancaq odur ki, onları Geya doğub. Necə doğulmaları haqqında heç nə öyrənə bilmirik, düzdür? Amma “Dədə Qorqud” dastanında biz Təpəgözün niyə doğulmasını da oxuyuruq. Çoban Pəri qızına əl atdı, Pəri qızı vədə tamamında pərdənin içindəki uşağı gətirib çobanın üstünə atdı ki, “al, məndə əmanətin var”. Bu uşaq zorakılıqdan doğuldu... Çoban neynədi? Onu dəyənəyiylə, təpiyiylə qurdaladı ki, görsün nədir pərdənin içindəki? Sevgisizlikdən doğulan, anasından, atasından sevgi görməyən, hələ dünya işığı görməmiş təpiklənən uşaq nə olmalıydı ki?! Elə Təpəgöz oldu. Sosial münasibətlərin, insanın sevgisizlikdən nə hala düşdüyünün izahını görürsənmi? Üstəlik, dastanda günəşə tapınmanın izləri də var. Basat Təpəgözdən kim olduğunu soruşanda deyir: “Atam aslan”. Aslan günəşin rəmziydi təfəkkürdə.
-“Dədə Qorqud”la bağlı tədqiqatlarınız haqqında eşitmişəm, amma oxumaq imkanım olmayıb.
-Mən heç vaxt “mən” sözündən istifadə etməmişəm. 2 cilddən ibarət “Kitabi-Dədə Qorqud ensiklopediyası” nəşr olunub. Ensiklopediyada əsərim haqqında yazılan məqalənin adını çəkiblər, mənim əsərimdən bəhs etməyiblər. Gördüm, heç nə demədim, amma içimdən bir ağrı keçdi... “Oğuz elinə salam” kitabımda dastanın hər boyunu öz düşüncə süzgəcimdən keçirmişəm. BDU-nun professoru var, Yeganə İsmayılova. Doktorluq işində əsərimi gözəl təhlil edib, mənə istinad edib. Halal xoşu olsun! Adam öz əsərinin oxunmasını, kiminsə ondan faydalanmasını görəndə xoşbəxt olur.
-Gözəl ədəbi söhbət etdik. Kaş, vaxt ola, bu cür söhbətləri tez-tez edək.
-Eh... İki ayda bir dəfə Yaşar Qarayevin yanına gedirdim Bakıya. Söhbətləşirdik. O günləri xatırladım. Burada-Nakam adlı Şəki Mərkəzi Kitabxanasının ikinci mərtəbəsində otağım vardı. Şəkinin hər yerindən, ətraf rayonlardan gələn qələm adamlarını orada qarşılayırdım, söhbətləşirdik, ədəbi müzakirələr aparırdıq. Kitabxana təmirə bağlandı. Təmir bitəndən sonra mənə “gəl, otağını yenidən verək sənə” deyən olmadı. İndi bax, başıma yığılanlarla ancaq bu cür-çay evlərində ortururam. Çay da ki, içəndə fikrim qarışır, söhbətin nizamı pozulur deyə, içmirəm. Mən Şəkidə ədəbiyyat adına çox şeylər etməyə cəhd göstərmişəm... Etdiklərimi başqaları danışar sizə. Səməd Vurğunun 100 illiyini keçirmişəm burada. Hamını dəvət etmişəm, gəliblər. Son illərdə yaradıcılığımda da önəmli hadisələr olub. “Vaqif” pyesim Şəki Dövlət Dram Teatrında səhnəyə qoyulub. “Sənin şeirlərin” adlı sevgi şeirlərindən ibarət kitabım işıq üzü görüb. “Mühazirələr: XIX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə” kitabında isə tələbələrimin elmi işləri cəmlənib. Bu kitabı onlardan xəbərsiz çıxarmışam, əlimə həm kitab, həm də Şəki paxlavası götürüb düz qapılarına getmişəm. Onların üzündəki minnətdarlıq duyğusu məni xoşbəxt edib.
-Mənim hansısa müəllimim bunu etsə, xoşbəxtliyi qatbaqat yaşayaram...
-Qələm adamının xoşbəxtliyi də ayrı cür olur... Təki, bütün qələm adamları xoşbəxt olsunlar!
“Ədəbiyyat və incəsənət”
(09.12.2024)