Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Poeziyamızın qızıl fondundan növbəti təqdim edəcəyim şeir şair Davud Nəsibdəndir. O dünyası gözəl olsun, gözəl şair idi, lirik şeirləri qəlb oxşayırdı.
Xüsusən onun ata haqqında şeirləri vaxtında çox populyar olub. Və belə şeirlərdən ən məşhurunu sizlərə təqdim edirəm.
Xoş mütaliələr!
BİR DƏ ATA HAQQINDA
Mənə: "Atadan çox yazırsan" deyib
tənbehləyən dostlarıma.
Bilirsiz günləri necə sayıram?
Günlərim mənimlə belə görüşüb:
Təkcə öz ömrümü yaşamayıram,
Bir ata ömrü də öhdəmə düşüb.
Ömrün yollarında xəyala dalıb,
İntizar-intizar yaşa yetmişəm.
Atamdan bir şəkil yadigar qalıb.
Mən şəkli özümə ata etmişəm.
Dayanıb şəkilin qarşısında mən,
Onu bu günümlə görüşdürürəm.
Kədəri, sevinci bilmirəm nədən
Mən cansız şəkillə bölüşdürürəm.
Bir dərdin oduna qoşa yananıq,
Biz birgə olmuşuq hər şeyə şərik.
Elə bil, bir qəlbli iki insanıq,
Hər şeyi birlikdə başa düşürük.
Bir insan olmuşuq onunla bu gün,
Yoxsa bir böyüyüb yaşa dolmuşuq?
İşə bax, atamla yaşıdıq bu gün,
Yaxın dost olmuşuq, yoldaş olmuşuq.
Hamının yolunda ömrünü bütün
Verdi, Çəkinmədi atam heç nədən.
Həzin misralarla atamı bu gün
Hamının yerinə yaşadıram mən.
Məni qınayanlar
Məni nə sayır…
Bu torpaq
Deyirlər, atamınkıdır.
Bəli, mən atamam -
Atam yaşayır,
Yazdığım şeirlər atamınkıdır.
Bağırsam dünyanı bürüyər hayım,
Elə kövrəlmişəm,
Elə dolmuşam.
Ata həsrətindən necə yazmayım?!
Ata həsrətiylə şair olmuşam.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)