“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Təbrizdə yaşayan Hüseyn Səlahlıdır.
Hüseyn Səlahlı
Təbriz
I
Boynuna dayayır
Qulağının arxasına qoymaq üçün
İyirmi barmaqla axtarır
Dişlərinin arasında qılınc
Və qırmızı ipək məndil sərili daş üstündə
Əli onun altında bir vəziyyətdə
Sevişən iki yarıçılpaq insan
Nə alıb verdiyini anlamamaq üçün
Nə alıb, vermədiyi üçün
Nə verib, ala bilmədiyi üçün.
Oyuncaqlar hekayəsində
Canlı kukla olmuş ölü
Və oyuncaqla oynamağa davam edən xəbərsiz körpələr
Bir-birinə yapışıq iki körpə
Başdan, çiyindən
Birinin boynunda ip,
Taburet isə ötəkinin ayaqlarının altında.
İp yerini sarmış,
Bəyaz duvaq üstündən öpüşcüklər, qaşındırır.
Taburetin üstündə
Sidikdə üzən iki ayaq,
Əski alışqanlıqdanmı?
İki mələyin döyüşməsindənmi?
Taburet bir o yana, bir bu yana sallanır.
Taburetin üstündə oturmuş
Çiyindən yarı ayrı bir qol
Ruhunun beli qaşınır.
Əl çatmayan yerdə
Tam bağlı ələ yarı tutulmuş
Barmaq uclarında rəqs edən bir qu quşudurmu?
Bakirəliyini əldən vermiş bir Roma ilahəsimi?
Taburet bir o yana, bir bu yana sallanır...
“Ədəbiyyat və incəsənət”
(05.12.2024)