“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib. Bu gün sizlərə “Heydər Əliyevin Füzuli sevgisi” məqaləsi təqdim ediləcək.
...1994-cü ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi tamam olacaqdı. Şübhəsiz, ölkəmizin həmin ağrılı-acılı illərdə məruz qaldığı bütün çətinliklərə baxmayaraq, bu yubileyin dünya miqyasında böyük təntənə ilə keçirilməsinin, bəşər mədəniyyətinin ən önəmli hadisələrindən biri kimi qeyd edilməsinin böyük əhəmiyyəti vardı. Azərbaycan bu yolla düşmən təbliğatı nəticəsində öz tarixi və mədəniyyəti haqqında həyasızcasına irəli sürülən əsassız iftira və böhtanlara tutarlı cavab verə bilərdi. Lakin təəssüf ki, 80-ci illərin sonundan başlayaraq respublikamızda yaranan mürəkkəb vəziyyət bir sıra başqa taleyüklü mühüm mədəni hadisələr kimi bu yubileyi də arxa plana sıxışdırmış, az qala yaddan çıxarmışdı.
Füzulinin yubileyinin beynəlxalq miqyasda layiqli şəkildə qeyd olunmasına hərtərəfli hazırlıq işləri məhz Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıtmasından sonra başlandı. Həmin il sentyabrın 21-də, Azərbaycan üçün son dərəcə çətin və həyəcanlı günlərdə Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşən Heydər Əliyev müharibədən və iqtisadi çətinliklərdən daha çox mədəniyyətə qayğıdan danışmış, Füzulinin qarşıdan gələn yubileyinin yüksək səviyyədə keçirilməsi zəruriliyini vurğulamışdı.
Görüşdəki nitqində Heydər Əliyev demişdi: “...Bizim mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz Nizamidən, Füzulidən danışarkən onları tək şair kimi deyil, böyük filosof kimi, dünyaya, dünya mədəniyyətinə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq... Biz Füzulini təkcə “Leyli və Məcnun” poemasının müəllifi kimi yox, dünya miqyaslı filosof kimi, böyük alim kimi dünyaya tanıtmalıyıq...”.
Bu sözlər deyilən vaxt Heydər Əliyev üç aya yaxın idi ki, respublikaya rəhbərlik edirdi. Qəribə görünə bilər ki, belə bir vaxtda Azərbaycan dövlətinin başçısı hərbçilərlə, bir sırada ziyalılarla görüşməyə, Füzulinin yubiley tədbirləri haqqında danışmağa, Azərbaycan elminin və mədəniyyətinin dünya miqyasına çıxarılmasının vacibliyini bir daha vurğulamağa özündə vaxt və qüvvə tapırdı. Biz müxtəlif münasibətlərlə İkinci Dünya müharibəsi illərində blokada şəraitindəki Leninqradda Nizami Gəncəvinin 800 illik yubileyinin qeyd edilməsinin mədəniyyətə son dərəcə böyük vurğunluq, yüksək beynəlmiləlçilik və mənəvi qəhrəmanlıq olduğunu dönə-dönə etiraf etmişik. O da etiraf olunmalıdır ki, 1993-cü ildən sonra müharibə şəraitində yaşayan, yenicə əldə etdiyi milli dövlətçilyini itirmək təhlükəsi ilə baş-başa qalmış Azərbaycanda elmin, təhsilin, ədəbiyyatın, sənətin və mədəniyyətin inkişafına, görkəmli sənət adamlarının yubileylərinin keçirilməsinə və onların xatirələrinin əbədiləşdirilməsinə yönəldilmiş diqqət və qayğı heç də məşhur “Leninqrad fenomeni”ndən geri qalmırdı. Azərbaycan Prezidenti ölkənin ən çətin anlarında da onun xilasını yalnız silahda, hərbi qüvvədə deyil, həm də bu torpağın qədim və təkrarsız mədəniyyət yurdu olmasında axtarırdı, bu mədəniyyətin dünya miqyasına çıxarılması ilə bütün dünyaya Azərbaycanın olduğu kimi tanıdılmasına xüsusi önəm verirdi. Ona görə də Heydər Əliyevin nəzərində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin beynəlxalq miqyasda yüksək səviyyədə keçirilməsi ilk növbədə son illər hədsiz iftira və böhtanlara məruz qalmış yurdumuzu, dilimizi və mədəniyyətimizi yetirdiyi ən böyük sənət korifeylərindən birinin şəxsində dünyaya və insanlığa nümayiş etdirmək məqsədini güdürdü.
1994-cü ilin əvvəllərində Prezident Heydər Əliyevin başçılığı ilə Füzulinin yubileyinə dövlət səviyyəsində geniş hazırlıq işləri başlandı. Görkəmli ədəbiyyatşünaslar, dilçilər, mətnşünaslar, tarixçilər, kulturoloqlardan ibarət mötəbər yubiley komissiyası yaradıldı. Füzuli yubileyinə bu dərəcədə böyük əhəmiyyət verilməsinin başqa bir ciddi səbəbi də vardı: Azərbaycan müstəqillik qazanandan sonra onun düşmənləri bu böyük tarixi nailiyyətlə barışmaq istəməmişdilər. Füzulinin yubileyinin beynəlxalq səviyyədə keçirilməsinin buna layiqli cavab olacağını vurğulayan Heydər Əliyev özünəməxsus təmkinli bir qəzəblə düşmənləri belə qırmanclayırdı: “...Hamımıza məlum olan düşmən qüvvələr həmişə sübut etməyə çalışmışdır ki, Azərbaycan xalqının zəngin tarixi olmamışdır, onun kökü yoxdur. Şübhəsiz ki, bu, cəfəngiyyatdır. Bəzən buna heç cavab vermək istəmirsən. Lakin xalqımıza düşmən olan, qəsd etmək istəyən dairələr, qüvvələr, bəzən də millətlər respublikamızı parçalamaq, onun ərazisini qəsb etmək istəyənlər əvvəllər də çalışmışlar və indi də çalışırlar sübut etsinlər ki, guya Azərbaycan xalqı tarixi köklərə malik olan bir xalq deyildir. Ona görə də Füzuli kimi şəxsiyyəti bir daha dünyaya tanıtmaqla onun necə böyük şair, mütəfəkkir, filosof olduğunu və dünya mədəniyyətinə nə qədər töhfə verdiyini, onu necə zənginləşdirdiyini göstərəcəyik. Buna bizim əvvəllər də ehtiyacımız olmuşdur, lakin bu gün xüsusilə vacibdir. Çünki Azərbaycan müstəqil dövlətdir, xalqımız milli azadlığa nail olmuşdur və biz müstəqilliyimizin daimi, əbədi olması üçün çalışırıq və bundan sonra da çalışacağıq”.
Heydər Əliyev öz çıxışında dünya ədəbiyyatının klassiki Məhəmməd Füzulinin yalnız Azərbaycanın sərhədlərindən kənarda deyil, ölkə daxilində də yaxşı tanıdılmasını, onun yüksək və nəcib hisslərlə, zəngin və tutarlı fikirlərlə dolu əsərlərinin hər bir azərbaycanlı evinə, azərbaycanlı ailəsinə çatdırılmasının vacibliyini və əhəmiyyətini göstərirdi.
Əsərlərini Yaxın və Orta Şərqin geniş yayılmış üç klassik poeziya dilində yazan Məhəmməd Füzulini yalnız Azərbaycan türkləri deyil, böyük türk dünyasının digər nümayəndələri, habelə ərəblər və farslar haqlı olaraq öz sənətkarları sayırlar. Ümummilli liderimiz hər dəfə onun yaradıcılığının bu beynəlmiləl mahiyyətinə və ensiklopedik xarakterinə ayrıca diqqət yetirmiş, bunu Füzulini və onun təmsil etdiyi Azərbaycan mədəniyyətini yüksəldən, ümumbəşəri və humanist ideallara qovuşduran mühüm fəlsəfi və estetik amil kimi nəzərə çatdırmışdır: “...ərəblər və farslar Füzulini öz şairləri sayırlar. Türkdilli xalqlar isə belə hesab edirlər ki, o, türkdür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda bunu türkmən, özbək, qazax, Türkiyədə yaşayan türklər, İraq türkmanları da deyə bilərlər. Qoy Füzuli hamıya məxsus olsun, tarixə bəşəri bir şəxsiyyət kimi düşsün”.
Füzuli klassik Azərbaycan ədəbiyyatı ilə maraqlanan hər bir həmvətənimiz kimi, Heydər Əliyevin həyatına və mənəvi-poetik dünyasına da ilk gənclik illərindən daxil olmuş və ömrünün bütün sonrakı mərhələlərində onun daimi yol yoldaşına çevrilmişdi. Özünün etiraf etdiyi kimi, Ulu öndərimizin Məhəmməd Füzuli şəxsiyyəti və yaradıcılığı ilə ilk tanışlığı 1930-cu illərin ortalarında Naxçıvanda orta məktəb şagirdi olarkən başlamışdı. O da əlamətdardır ki, gənclik illərində rəssamlığa və memarlığa böyük maraq göstərən Heydər Əliyevin çəkdiyi ilk rəsm əsərlərindən biri də Məhəmməd Füzulinin portreti olmuşdur. Böyük şairə böyük məhəbbətlə çəkilmiş bu portret hətta həmin dövrdə məktəblilərin rəsm əsərlərindən ibarət müsabiqədə birinci yeri tutmuşdu. Əyalət şəhərindəki orta məktəbdə təhsil alan və rəssamlıq sahəsində ilk addımlarını atan bir gəncin məhz Füzulinin şəxsiyyətini, heç bir portreti dövrümüzə gəlib çatmamış böyük şairin zahiri görünüşünü təxəyyülünün gücünə əsaslanaraq yaratmağa çalışması bir tərəfdən onun özünün böyük Füzuli sevgisindən, o biri tərəfdən isə 1930-cu illərdə Füzuli yaradıcılığına böyük maraq və məhəbbətdən irəli gəlirdi.
İstər Füzulinin, istərsə də başqa görkəmli klassiklərimizin əsərlərinin nəşr edilərək geniş oxucu kütləsinə çatdırılması, xalqın malı edilməsi məsələsi də həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuş, bu işə bütün ömrü boyu çox ciddi diqqət və qayğı göstərmişdir.
Heydər Əliyev ədəbiyyatşünasları, mətnşünasları, dilçiləri və başqa sahələrin mütəxəssislərini yalnız Füzulinin əsərlərini çapa hazırlamaqla öz işlərini bitmiş hesab etməməyə çağırırdı. Ümummilli liderimizin fikrincə, Füzuli haqqında yazılmış ayrı-ayrı mühüm tədqiqat əsərlərinin Azərbaycanda nəşri hələ heç də görülməsi tələb olunan işlərin hamısı deyil. Ona görə də yubileyə hazırlıq dövründə Heydər Əliyev Azərbaycan ədəbiyyatşünaslarının qarşısında Füzulini dünya miqyasında tanıda biləcək dərin elmi mündəricəli, yüksək tədqiqatçılıq keyfiyyətlərinə malik, lakin eyni zamanda geniş oxucu kütləsi üçün yazılmış populyar bir əsər qələmə alınmasını aktual bir vəzifə olaraq qarşıya qoyurdu. Klassik ədəbiyyatımızın bilicisinin fikrincə, professional elmi səviyyədə ərsəyə gətirilən və müxtəlif Avropa dillərinə tərcümə olunaraq dünyanın çeşidli ölkələrində yayılan belə bir kitab təkcə Füzuli irsinə deyil, bütünlüklə Azərbaycanın təkrarsız klassik poeziyasına işıq tuta bilərdi.
Avropa ölkələrində yayılması nəzərdə tutulan bu kitabın janrını da Heydər Əliyev qabaqcadan müəyyənləşdirmişdi – həmin əsər aydın və ifadəli bir dillə, maraqlı, cəlbedici üslubda, elmi-populyar tərzdə yazılmalı və daha çox tanıtma xarakteri daşımalı idi: “Füzulinin əsərləri oxucunun dahi şairə hörmət və məhəbbətini təmin edir. Ancaq Füzuli haqqında yazılan elmi-tədqiqat əsərləri onu alim, mütəfəkkir, şair, böyük insan kimi göstərmək üçün çox lazımlıdır. Bunlarla yanaşı, Füzulini ölkəmizdə, xüsusən xaricdə yaxından tanıtmaq üçün onun haqqında populyar bir kitab olmalıdır. Elə bir kitab ki, oxuyan hər kəs Füzulini tezliklə tanıya bilsin. Zənnimizcə, Füzuli haqqında elə bir kitab lazımdır ki, biz onu ingilis, fransız, alman, ərəb, fars dillərinə tərcümə edib yayaq”.
Lakin belə bir kitabın hazırlanıb nəşr edilməsini də Heydər Əliyev Füzulinin dünya miqyasında təbliği sahəsində son söz hesab etmirdi. Onun fikrincə, belə bir populyar kitabla yanaşı, şairin öz əsərləri də yüksək səviyyədə Avropa dillərinə tərcümə olunmalıdır. “Bunu gələcəkdə etməliyik” – vəsiyyəti ilə o, Füzuli yubileyinə hazırlıq görüldüyü günlərdə Azərbaycan füzulişünaslarının, istedadlı tərcüməçilərin və klassik Azərbaycan ədəbiyyatı mutəxəssislərinin qarşısına ciddi bir vəzifə qoymuşdu.
Yubiley günlərində ədəbi ictimaiyyətimizi və ümumən hər bir azərbaycanlını iyirmi ildən bəri maraqlandıran ciddi bir məsələyə – Məhəmməd Füzulinin qəbrinin Kərbəladan Bakıya köçürülməsi mövzusuna da toxunulmuşdu. Yubiley komissiyasının iclasında bu kövrək və ağrılı mənəvi-siyasi məsələ barədə söhbət açaraq problemə aydınlıq gətirən Heydər Əliyev demişdi: “Füzulinin qəbrinin Bakıya köçürülməsi barəsində də söhbət getdi. Bu, yeni məsələ deyil. Hələ 70-ci illərdə Füzulinin qəbrinin Bakıya köçürülməsi məsələsi çox geniş müzakirə edilirdi. Mən də bu məsələ ilə məşğul olurdum. 1981-ci ildə Yazıçılar İttifaqının qurultayında bu məsələ qaldırılanda mən tanınmış yazıçılarımıza, Allah onlara rəhmət eləsin, narazılığımı bildirərək dedim ki, siz məsələni ortaya atır, lakin təşəbbüs göstərmirsiniz. O zaman mən bu məsələni rəhmətlik Mirzə İbrahimova tapşırdım...”.
1981-ci ildəki “Füzuli insidenti”ndə Heydər Əliyev Azərbaycan yazıçılarını, bütövlükdə isə Azərbaycan ziyalılarını və respublika ictimaiyyətini milli dəyərlərə münasibətdə daha mübariz və prinsipial mövqe tutmağa çağırırdı. O, yüksək postlara yiyələnən, tez-tez müxtəlif xarici ölkələrdə olan, hər cür diqqət və qayğı ilə əhatə edilən canlı “klassik”ləri xələfləri olduğu klassik ədəbi irsə böyük hörmətlə yanaşmağa, Füzulinin məzarı ilə bağlı problemi dünya miqyasına çıxarmağa, tanınmış ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilatların diqqətinə çatdırmağa səsləyirdi. Bu, kommunist rejimin bütün qadağalarına baxmayaraq, Heydər Əliyevin öz ana dilinə, milli ədəbiyyatına və ənənələrimizə böyük hörmət və ehtiramının birbaşa ifadəsi idi. Bu, onun gənclik illərindən tanıdığı və sevdiyi böyük söz ustadı Füzuliyə bəslədiyi sonsuz məhəbbətin daha bir əyani təzahürü idi...
1994-cü ildə, yubiley ərəfəsində Fuzulinin cənazəsinin qalıqlarının Azərbaycana köçürülməsi söhbəti yenidən gündəliyə çıxarılanda Heydər Əliyev bu məsələdə hər şeyi yüz dəfə ölçüb-biçməyi, böyük sənətkarlarımızın əziz xatirəsinə uyğun hərəkət etməyi məsləhət bilmişdi...
...Füzulinin yubileyi müstəqil Azərbaycan Respublikasının keçirdiyi ilk beynəlxalq miqyaslı mədəniyyət və sənət bayramı idi. Böyük şairə həsr olunmuş tədbirlər onun doğulduğu İraqda, Mərkəzi Asiya respublikalarında, UNECKO-nun iqamətgahının yerləşdiyi Parisdə, qonşu İran və Türkiyədə, habelə Rusiyada keçirildi. Sonuncu iki ölkədəki yubiley təntənələrində Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak etmişdi.
Heydər Əliyevin Türkiyə parlamentindəki nitqi, sənət və ədəbiyyat barədə söylədiyi bütün əvvəlki nitqləri kimi öz obrazlılığı, ifadə gözəlliyi və aydınlığı ilə seçilir. Şair haqqında, həm də Azərbaycan türkcəsini öz poetik dühasının əzəməti ilə cilalayaraq təkrarsız poeziya dilinə çevirmiş orijinal bir söz ustadı haqqında danışdığını göz önünə alan Ulu öndər bu nitqində ana dilinin zəngin ifadə imkanlarından bacarıqla istifadə etmişdir.
Fikrimizi əsaslandırmaq üçün Heydər Əliyevin nitqindən aşağıdakı parçanı misal gətirmək istərdik: “Füzuli 500 il bundan qabaq da nurlu bir ulduz kimi parlayıbdır, dünyaya öz şüalarını yayıbdır. Füzuli təkcə Şərqdə yox, müsəlman aləmində, türk dünyasında yox, bütün dünyada, o cümlədən inkişaf etmiş Qərb ölkələrində çox məşhur olmuşdur. Amma Azərbaycan xalqı üçün, bizim üçün Füzuli daha əziz olmuş, sevilmiş, son əsrdə xüsusən yüksək zirvələrə qaldırılmışdır. Bu gün çox böyük iftixar hissi ilə deyə bilərik ki, Füzuliyə bizim Azərbaycan xalqının, Azərbaycan alimlərinin verdiyi qiymət, onun əsərlərindən daim bəhrələnmələri xalqımızın öz kökünə, adət-ənənəsinə, keçmişinə, tarixinə, dininə, dilinə nə qədər sadiq qalmasını sübut edir”.
Heydər Əliyev qonşu Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Füzuli tədbirlərində də şəxsən iştirak etmişdi. Öz nitqində o zamankı ölkə başçımız əvvəlki onilliklərdə də Moskvada bir sıra Azərbaycan ədəbiyyatı və mədəniyyəti nümayəndələrinin xatirələrinin təntənəli qeyd olunduğunu yada salmış, lakin bu sıradan keçirilən tədbirlər içərisində Füzulinin yubileyini ayrıca qeyd etmişdi. Çünki Füzuli müstəqil Azərbaycanın keçmiş sovet respublikalarının müştərək paytaxtı olan Moskvada anılan ilk nümayəndəsidir. Gənc dövlətimiz üçün həm mədəni, həm də siyasi baxımdan vacib əhəmiyyətə malik bu fakta diqqəti cəlb edən Heydər Əliyev qəlbi millət üçün döyünən böyük bir rəhbərin insani qürur hissi ilə deyirdi: “Bu gün biz fasilədən sonra, müəyyən müddətdən sonra yenidən birlikdəyik və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyini birlikdə qeyd edirik. Şairin yubiley ilini UNESCO Füzuli ili elan etmişdir. Füzulinin yubileyi Azərbaycanda, bir çox ölkələrdə geniş qeyd edilir, lakin bu, Azərbaycan xalqı üçün xüsusilə dəyərli və əhəmiyyətlidir ki, Füzulinin yubileyi Moskvada, zəngin mədəni və ədəbi ənənələri olan bir şəhərdə də qeyd olunur...”.
Nəhayət, Füzulinin 1996-cı ilin baharında Bakıda keçirilən yubiley şənlikləri də məhz Prezidentin arzuladığı kimi müstəqil dövlətin ilk böyük ədəbiyyat və mədəniyyət bayramına çevrildi. Və o da təsadüfi deyil ki, həmin tədbirdə Füzuli yaradıcılığının ümumbəşəri əhəmiyyəti, onun poeziyasının qeyri-adi təsir qüvvəsi və həmişəyaşarlığı barəsində yalnız yazıçılar, şairlər, ədəbiyyat xadimləri deyil, həm də Heydər Əliyev danışdı. UNESCO baş katibinin və dünyanın onlarla ölkəsindən gəlmiş nümayəndə heyətlərinin iştirak etdiyi Füzuli bayramı beş əsr əvvəl Şərq intibahının və humanizminin bayraqdarlarından birinə çevrilmiş dahi Azərbaycan şairinə böyük ehtiramın nişanəsi idi... UNESCO-nun qərarı ilə 1996-cı il dünya miqyasında Füzuli ili elan olunmuşdu. Bu qərarın qəbul edilməsinin nə kimi texniki və yaradıcılıq çətinlikləri ilə bağlı olduğu məlumdur. Azərbaycanda isə tam əminliklə demək olar ki, 1994-cü ildən 1996-cı ilə qədər, tam üç il ərzində Füzuli illəri yaşandı. Bu müddətdə şairin əsərlərinin yeni altı cildliyi və iki cildliyi çap olundu, altı dildə Füzuli irsindən seçmələr işıq üzü gördü, şair haqqında yeni tədqiqat əsərləri ədəbi ictimaiyyətə təqdim edildi. Şübhəsiz, Ümummilli lider Heydər Əliyevin klassik irsə ehtiramı, ədəbiyyata bağlılığı, Füzuliyə sevgisi də burada az rol oynamadı...
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”
(Bakı, Elm, 1998) kitabından, s.51–70
“Ədəbiyyat və incəsənət”
(05.12.2024)