Güney Azərbaycan Prozası Antologiyasında Həsən Umudoğlunun “Azərbaycan adının etimologiyası” essesi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Təbrizdə yaşayan Həsən Umudoğludur.

 

Həsən Umudoğlu

Təbriz

 

AZƏRBAYCAN ADININ ETİMOLOGİYASI

 

“Tədqiqatçıların fikrinə görə, Azərbaycan, Atropatena sözü ilə əlaqədardır. Həmin söz müxtəlif şəkildə səslənsə də, onların hamısının bir ümumi cəhəti vardır: Mənaca oda sitayiş edilən, Zərdüşt dininin geniş yayıldığı diyar, ölkə deməkdir. Buna görə də Azərbaycana (Odlar diyarı) deyilir.”

H. Həsənov

 

İzah: Bu fikir səhvdir. Bu Yunan xalqının uydurduğu ad və mənadır. Guya ki, İskəndər dövründə buranın hakimi “Atropat/Atorpat” bir şəxs olmuş və Yunanlılar ona görə bura “Atorpaten” (Atropatenanın yurdu) demişlər. Bu adı Fars şovinizmi “Odlar diyarı” kimi məna edir. Necə olur ki, Yunan mənşəli ad, Fars sözü kimi izah edilir. İskəndər miladdan qabaq 323-365-ci illərdə yaşamışdır. Həmin dövrdə “İran” və “Fars dili” hələ yaranmamışdır. Azərbaycan sözünü Erməni vb... Dillərlə də bağlayır. Halbuki Azərbaycan adının yarandığı zamanda Grigori Erməniləri, məsihiyyət dünyası mövcud olmamışdır. Azərbaycan Türk məmşəli addır. Onun mənasını da Türk dilində axtarmaq lazımdır. Bizcə bu adın birinci hissəsi “Azr-Adr” odla, atəşlə heç bir əlaqəsi yoxdur. Azr/Adr sözündə olan “Z/D” hərfi sakindir, heç bir hərəkəsi yoxdur. Amma İran alimləri onu fəthə (اَ – Ə) ilə oxuyurlar.

Azr/Adr: (Uca yer və yüksək yer” deməkdir. Bax: “Divan lüğat-ət-Türk, 84-cü səh, Dr. Məhəmməd Dəbirsiyaqi) “Azerbazok”, “Azertağ”, “Azerlek” sözlərinə. Bay/Bak hissəsi əmir, hakim, varlı və sərvətli deməkdir. Bax: (Həmin kitab) və (cığatay sözlüyü. Şeyx Süleyman Əfəndi, çevirən: h. Umudoğlu, s. 7).

Qan/Xan komponenti uca, yüksək deməkdir. Fars dilində “q” məxrəci olmadığı halda qan hissəsi bu dildə “gan” və ərəb dilində isə “can”, başqa xalqlarda “kan” kimi gedir. Həmin qan hissəsi sonralar məkan bildirən şəkilçi kimi də işlənmişdir. Məşhur Fars lüğətinin müəllifi “məhəmməd hüseyn xələfı təbrizi” Azərbaycan/Azərbaygan adını belə izah edir: «y /ی  hərfi ilə azərabadegan vəznində və anlamındadır və Təbrizin Atəşgahının adıdır və bir vilayət adı olduqda, Təbriz də o vilayətin şəhərlərindən sayılır. Deyirlər “oğuz”(xan) o vilayəti aldıqda, “Ocan” (indiki Bostan abad) Çayırlığı Azərbaycanın bir vilayəti olduğu halda, oğuz xana xoş gəlmiş və hər bir insanının öz ətəyində bir ovuc torpaq gətirməsinə və ora tökdüyünə buyruq vermişdir. Oğuz xan özü də bir ovuc torpaq gətirib və o yığıldığı təpənin üstünə tökmüşdür. Bir böyük təpə düzəlib, oranın adını azərbaygan qoymuşdur və Azər türk dilində uca/böyük anlamında və baygan “böyüklər və möhtəşəmlər” mənasındadır. Onun müərrəbi və ərəbi formu “Azərbaycan”dır. (Borhanı qatı. M.h. Xələfı Təbrizi. Çap edən: doktor Moin. C.1.s. 249. Tehran. 1376. 6- cı çap. Fars dilində).

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.