“Sənsiz bu şəhər bağrıma qan sərdi bu axşam…” - GÜNEYDƏN ELŞƏN ÇAYPARALI Featured

 

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Elşən Çayparalının şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

TELDƏN

 

Dərdimsə yağışsız ələnir hey cana teldən, 

Könlüm yanaşır nisgilə dönmüş hana, teldən. 

 

Saçlar da köçür durnaların ah xəyalında, 

Uçsan ürəyimdə qalacaqsan sona teldən. 

 

Bağrım ələnir qanlı buludlar dodağından, 

Barmaqlarımın iç kefini sən xına, teldən. 

 

Yarpızlığımın ahlarını dildə tutardım, 

Nərgizliyini oxşayıram mən nana teldən. 

 

Mən gizlədirəm min cəsədi ağ ciyərimdə, 

Qançıl bu yaram qoy səpilə hər yana teldən. 

 

Dardan asılı qaldığım illər damar ağlır¹

Qansız məni al sən apar allah qana teldən. 

 

Ehmal yapış, ağrım iki qız var; biri kordur 

Layla beşiyim ağlayacaqdır ana teldən. 

 

Tel-tel otağım bir daraq əkmiş ürəyimdə,

Bəlkə gələsən sən yuxuma yan-yana teldən. 

 

BU AXŞAM 

 

Sənsiz bu şəhər bağrıma qan sərdi bu axşam. 

Ağrımla itən göylümə dan sərdi bu axşam. 

 

Baxdıqca qapım pəncərəni yoldu, apardı, 

Yollar hayıma ahla duman sərdi bu axşam. 

 

Dildən başa-baş qəlbimə dən-dən düzülürdün, 

Leş-leş xəyalın ağzıma can sərdi bu axşam. 

 

Sənlə namaz oldum qılıram dil-dodağımdan, 

Tanrım ürəyin boyda quran sərdi bu axşam. 

 

Gəl kefli olaq bir otaq içrə sən ilə mən, 

Bax... Bax, nə gözəlliklə zaman sərdi bu axşam?! 

 

Duyğumda neçə körpə baxış mənsə doğuldu, 

Məndən sənə nazlım xiyaban sərdi bu axşam. 

 

Addımlayıram mən özümü hərdən özümdə, 

Sənsiz bu şəhər bağrım qan sərdi bu axşam. 

 

SƏRƏLƏNMİŞ

 

Sənsiz necə gözlərdə dolan qan sərələnmiş,

Tık-tık çalınan dəyqələr hər an sərələnmiş. 

 

Bilsən ki, boğuldum boğazın sağ sükutundan, 

Sözsüz cəsədəm, sözlərim heyran sərələnmiş. 

 

Köksümdə vərəqlər sökülür kəlmələrimlə, 

Gölsüz qələmin cövhəri dan-dan sərələnmiş. 

 

Öldüm, ahımı bağrıma basdız, nəyim oldu? 

Beş qat kəfənin üstünə yorğan sərələnmiş. 

 

Yaz-yaz payızı dadmağa mən dil göyərirdim, 

İllərdi leşim üstünə tufan sərələnmiş. 

 

Sənsiz içirəm hey içimi, hey dadıram mən, 

Bax, bax ki, bu bəxtsizliyim hardansərələnmiş?! 

 

Nadir², nə xəyallarda yazıbsan qəfəs uçdu, 

İllərdi olar göylərə zindan sərələnmiş. 

 

BU ŞƏHƏRDƏN

 

Dur gəl darıxan sözlərimi al bu şəhərdən. 

Yoldan asılan gözlərimi al bu şəhərdən. 

 

Köçdüm yağışın bağrına ağlar bulud oldum,

Gəl yaşlıca sən izlərini al bu şəhərdən. 

 

Sənsiz sükutun qibləsinə mən namaz idim, 

Səcdəm asılı, dizlərimi al bu şəhərdən. 

 

Beynim alışır bax, dodağımda xəyalın var,

Odlandı saçım, közlərimi al bu şəhərdən. 

 

İllərdi bahar xonçasını qoynuna saldım, 

İllər dolanan yüzlərimi al bu şəhərdən. 

 

Yol-yol şəhərim qaytara bilməz məni sənsiz, 

Daşdan danışan, düzlərimi al bu şəhərdən. 

 

Göylümdə qəzəl var göyərib dil aça bilmir, 

Dur gəl darıxan sözlərimi al bu şəhərdən.  

 

¹ Təbrizdə ləhcədir. Əslində “Ağlayır”dır.

² Nadir İlahi.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.