“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Həkimə Babakişizadədir.
Həkimə Babakişizadə
Ərdəbil
İLLİK ANLAR
Yaşımın zirvəsində
Tamsındığım (illik anları)
Baxdığım eniş yoluna heyfsilənirəm.
Yüksəkliyi qırx illiyimin
Təpəsindən
Ürəyimin başına qaldırıram.
Ürəyim buz baltasıdır.
Gəldiyim yoldan getdiyim yolun sonuna qədər göz işləyir.
Dənizi çıxardıb balıqlıqdan, balığa göstərmək kimi
Bir anlayış doğulur canımın ruh qatında.
Qaça-qaçdan qurtaran arxayınlıq
Çöküb varlığın dibinə.
İki, bir arasından çıxan sirr sözdür
Dumana bürünən, gələcəyə düşündüklərim.
Ölüb-dirilməkdən qırxı çıxan adamam.
Yaşımın zirvəsi Babək qalasıdır
Diz ağrıların yollarda qorxudub gələn yolçuyam bu gün
Qorxulu götürülən bir xülyalı.
İndi
Müharibə çağı düşmən əlinə düşən ölkədə paslı
Post sandığından çıxan
Qırx illik suallar cavabına
Yazılmış məktubdur,
Çatdığım yol.
Bu yolun üstü yoxdur!
Bu yolun ucu başdır
Bu yolun başdan başlanırmış demə
Bu yolun arxasından gəldikdə
Lapdan diskinib dayanarmış adam.
Bu yol ömürün gedər durağı imiş deməli!
Çata-çata gedən bir yol...
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)