“Mən ki tanıyırdım günahları adbaad…” – Rəvan Cavidin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbəRəvan Cavidindir.

 

 

 

NEY ÜFÜRMƏDƏN...

(Salam Sarvana şərq sualları)

 

Soruşun, neçə il axtarıb aşiq

quyudan qeyb olan yaşsız qocanı?

Biz hansı dənizin ləpədöyəni,

hansı çöldə yanan közsüz ocağıq?

 

Soruşun, Şəmsini tapdımı Rumi?

Kərbəla içdimi Hüseynin qanın?

İsa qovuşdumu bəs atasına?

Musa tapmadımı qutsal olanı?

 

Məcnuna Leylini vəd edən yolun

sonunda nə vardı, bilinmədimi?

Min ildir axtarıb tapammadılar

Kərəmi yandıran o sarı simi.

 

Hansı bomba idi, yaxıb kül etdi

Şərqin uzağında sakuraları?

Neçə əli kəsib Xəzərə atdı

Yoldaş Stalinin dil şuraları?

 

Soruşun, kim idi edam günündə

öz xalqına baxıb köksü odlanan?

Otuz yaşlı məğrur, əyilməz əzmi

edam səhrasında dəyərsiz qılan.

 

Kim idi göylərə yol çəkən adam,

niyə yandırmışdı yazdıqlarını?

O hansı dəliydi, baxıb gülürdü

sırayla məftildən asdıqlarına?

 

Kim idi sübh vaxtı minarədəki,

niyə kəsilmişdi büllur avazı?

Hansı uşaqlıqdı, mərmi altında

hələ də gözləyir ətirli yazı?

 

 

N DAİRƏSİ

 

Sən də mənim kimi yadına salma,

hansı küçə idi bizi ayıran?!

neçə il təqvimə baxa bilmədim,

neçə ildi həmin günü sayıram,

neçə ildi güllər fidan qalıbdır,

neçə ildir açmır yaz bənövşəsi,

bu necə kədərdi, rüsvay elədi

içdiyim qəhərin sərxoş nəşəsi.

 

Bu necə yol idi, tozu-torpağı

hələ də üstümə sinmiş kimidir,

hansı xəyanətin yıxmışdı məni,

qürurum təzəcə dinmiş kimidir,

hansı acizliyin köləsi idim,

kim idi başımın üstündə cəllad?

 

Mən niyə inandım, hələ bilmirəm,

mən ki tanıyırdım

günahları adbaad,

çox da fikirləşmə, gözümün nuru,

mənim sahilimdə mirvari çoxdur,

qaç, qurtar özünü qəmin əlindən,

neçə gözəl gördüm, qəmə yoluxdu:

saçları tiftikləndi, üzləri soldu,

gözləri qəm çanağı, səsləri bərbad.

 

Nə badə yadına salma ayrılığı!

 

 

ÖLÜM ÜÇÜN

 

Ölümdü də,

gələr ömrün bir cığalbaz yazında.

yaşıl otlar üstündə,

burnumuzda yonca qoxusu,

gözlərimizdə günorta yuxusu.

 

Ölümdü də,

gələr yayın ortasında,

qorabişirən istidə.

sahil, dəniz, soyuq pivə...

ölüm də bunlar kimi bir meyxoş hissdi də.

 

Gələr ən səmimi payızda,

təzədən aşiq olub

bir qızın ətrinə aldandığımız noyabrda,

ayaqlarımız xəzəlləri əzdikcə

ömrümüz əzə bilməyəndə əcəli

bir şeir də yadigar qoyarıq kağızda,

içində ölüm sözü keçən bütün surələr

yarımçıq qalar ağzımızda.

 

Ölümdü də,

gələr bir qış gecəsi –

sobabımızın buxarı təzəcə səngiyəndə,

belimiz torpağa əyiləndə­­­–

insan nə gözəl sualdır qocalanda

"Bu hansı yoldur" cümləsinə.

 

Ölümdü də,

ya iyirmi beşdə, ya əllidə,

guya fərqi nə?

Ya yaşıl otlar üstündə,

ya da isti yorğan-döşəkdə,

guya fərqi nə?

 

yollardı da, hərəsi bir səmtdən gəlir,

eyni səmtə çıxmaq üçün,

soyuq dodaqlarımız hərəkətsiz,

gözlərimiz dolu hüzn.

 

 

QALATA

 

Yenə bir ulduz uçdu

sənin məmləkətindən mənim məmləkətimə,

yenə birinin ovuclarında yetim qaldı arzusu,

yenə ömür dediyin yalnızlığa məhkumdur.

 

Sənin yolunu sevdim,

nə qədərmiş yolçusu...

ən böyük yalanımı da sənə söylədim,

mən saf sevgilərin qədər ovçusu.

 

Mərmərəyə axıtdım bütün göz yaşlarını,

yumruğum havada ağlaya bilmərəm,

amma içimdə sancı, içimdə bir ağrı var,

bizim davamızın neçə ildir bağrı qan.

 

dostlarımı itirdim yalan pərvazlarında,

gözlərində dinməyən həqiqətin məşəli

Söndü Promoteyin əlində.

 

Rum qızı,

hardan tapdın bu yıxılmaz əzmini?

mənə də öyrət,

neçə güllə öldürər bu üsyankar ruhunu?

 

Güllə səsləri, qırılan şüşələr, polis siqnalı...

mən Qalataya baxıram qolların arasından,

şəhər səma edir,

şəhər sanki səmazən.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.