“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Həkimə Babakişizadədir.
Həkimə Babakişizadə
Ərdəbil
*
Qapsamlı ümidsizlik sindromu
Sam yeli kimi əsir içimizə
Lallıq kəndirindən asılır
Qan ağızın dillənməyən dili.
Ümidsizlik hörümçəyi
Hüceyrəmizdə tor toxuyan çağ
İnsanın qalın gönü başlayır öyüd məsləhətinin vərin tutmağa
Həyata bir meyilli var olmaqdan
Qurumlayır ürək evinin qara damın
Tapmacalarda kilkəli qızın saçları.
Qaranlıqlarda batan ümid tozanı
Daşınır işıq əllərilə
Bacadan çəkilən uzun yollara
Allah dərd də verib, dərman da deyib
Möcüzələr yoluna göz tikir bəşər.
Ümid allahdır
Ümidsiz şeytandır deyir.
Başını dişi kimi ağardan analar
Analar!
Analar qorxaq yaşayırlar xəstəlik qoxusunda
Leşi batmış arzuları görən zaman...
Keçdi
Sevgililər əl-ələ verib
Qızımız arzu
Oğlumuz ümid doğulacaq deyib qoşulub qaçan zamanları.
İndi sevgili oğlan ya gözdən düşür,
Ya damdan.
Qızların da qapısı şahsız evin
Bayquş xarabasıdır.
Qızların gömülmüş qızıllığının üstündə
İlan yeyib əfi olan ümidsizlik yatıb
Yalqız bağrında daş yatan kimi.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)