BİRİ İKİSİNDƏ – Vüqar Rahinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Vüqar Rahinin şeirləri təqdim edilir.

 

 

İzn ver, ey gözəl afət, ölək eşqində sənin,
Dirilək, tazədən atsın ürək eşqində sənin.

Ağladıq vəslivə bəs qədri fərağında yetər,
Ki, gərəkdir daha, ey gül, gülək eşqində sənin.

Nəzəri
mərhəmətin kəm deyil əğyarlərə,
Biz də bir fikrivə hərdən gələk eşqində sənin.

Şövqi
vəslinlə coşan eşqdə bir biz deyilik,
Dağıdır aləmi, ey gül, külək eşqində sənin.

Müntəzir olmaya kimdir sənə taətdə bəşər?
Sən o kəssən, baş əyibdir mələk eşqində sənin!

Yetən hər aşiqin, ey can, sənə bir layiqi yox,
Sənə layiqli yetişsin gərək eşqində sənin!

Ərseyi
eşqə çağır, cümlə buyursun gəlsin,
Kim olur Rahiyə nisbət görək eşqində sənin?

***

Ağlamaqdan, gülüm, eşqində gözüm qan qoydu,
Sənə biganədən aşiq məgər az can qoydu?!

Ey vəfasız, sənə könlüm nə vəfasızlıq edib,
Ayrılıq şərbətini qarşıma dövran qoydu?!

Mən ki bir tac eləmişdim səni, ey gül, başıma,
Belə bir tacı nə bir xan, nə də sultan qoydu!

Məni məhrum edib əğyarı yetirdin vəslə,
Bu vəfasızlığın, ey gül, məni heyran qoydu!

Neyləmişdim sənə, etdin məni vəslindən uzaq,
Məni pis günlərə sənsiz belə hicran qoydu...

Ayrılıq dərdini səbrim tükənib çəkməkdən,
Məni, ya Rəbb, nəzərindən niyə canan qoydu?

Rahi, bu eşq Minasında şikayət qılma,
Səni layiq bilib Allah bura qurban qoydu!


***

Biganə istəməz sənə aşiq sözün demək,
Ey gül, qalır bizə sənə ancaq düzün demək.


Müşkül olan fərağına dözməkdi dilbərin,

Yoxsa ki iş deyil durub, ey dil, dözün demək.

Qəlbində şö’lələnsə kimin atəş eşqdən,
Yüz seyli-qəm də söndürə bilməz közün, demək.

Ey dil, cəmali-həqqə təmaşa edənlərə
Musasifət yetər sənə bir mö’cüzün demək.

Şəmsi-həqiqətin üzünü açsa lütfi-yar,
Əbri-siyəh də gizlədə bilməz üzün, demək.

Dünya gözüylə seyr eləməzlər həqiqəti,
Görmürsə qəlbivin gözü, görmür gözün, demək.

Rahi, açıqdı bəndəyə babi-behişti-yar,
Girdinsə gər cəhənnəmə, etdin özün, demək.

***

Bir müjdə o güldən mənə, ey badi-səba, ver,
Qəmdən tutulan könlümü aç, zövqü-səfa ver.

Tək qoyma qaranlıqda bu can Yusifi, ya Rəbb,
Qurtar bu şəfadən məni, lütf eylə, şifa ver.

Sən gah verib badeyi-vəslin, gah alırsan,
Məndən onu bir dəf’əlik al sən, mənə ya ver.

Ey daği-qəm, aləm deməsin dadrəsin yox,
Can tişəsinin zərbəsinə əksi-səda ver.

Görsün bütün aləm nədir eşqində dəyanət,
Bir Kərbü-bəladən mənə yüz Kərbü-bəla ver!

Eşqində bəla Rahini qorxutmayır əsla,
Mərdanə dayanmış, nə qədər varsa bəla, ver!

 

***

Hər kimsədə olmaz bu gözəllikdə özəllik,

Göydənmi enibdir yerə, kimdir bu gözəllik?

Görcək onu könlüm elə bir gəldi ki vəcdə,

Təkbir deyib sübhədək istər edə səcdə.

Ey göz, hələ sən vəsfə gələn surətə bir bax,

Ey çeşmeyi-təb'im, nə durubsan belə, coş, ax.
 

Gözlər qara dərya, qaşı dağ, zülfü şəlalə,

Tər qətrəsi gül çöhrəsi üstündəki jalə.

Ey varlığı ne'mət olan aləmdə sözümçün,

Xaliq səni xəlq eylədi ehsanmı gözümçün?

Ya Rəbb, ölürəm hər nəfəs ol yarə baxanda,

Çarə elə, yarə məni – biçarə baxanda.

Sən mehrin, İlahi, mənə yar eylə o mahi,

Yoxsa belə can tapşıracaqdır ona Rahi.

***

Ey gül, tapa bilməzsən dünyadə elə bəndə,

Can gəzdirə cismində, sən qılsan əgər xəndə.

Bal ləblərivin nəqli başdan çıxarıb əqli,

Könlüm buna meyl eylər bir tutisifət qəndə.

Sən öylə çiçəksən ki, yox buyinə bənzər bu,

Xoşhal eləyir ətrin bülbülləri gülşəndə.

Ey hər iki aləmdə həm dövlətim, həm varım,

Sənsən bir ömür yarım olduqca nəfəs təndə.

Eşq ilə get, ey Rahi, rahi Şəhi Mərdanı,

Olmaq diləmirsən gər məhşər günü şərməndə.

***

Nuş et, şərabi-sağəri-hicran, əcəl deyir,
“Dari-fənadən ayrılıb üqbayə gəl”, – deyir.

Meyxanələrdə piri-muğan tapşırıb bizə:
“Saqi əyağına yetirin mütləq əl”, – deyir!

Dərk et qədəhdə badeyi-gülrəng rəngini,
Meysiz cəmali-batinin olmaz gözəl, deyir!

Qədri-kəmali-əhli-dilin imtiyazını
Mizani-həqdə ruzi-qiyamət əməl deyir!

Ya Rəbb, bu şəb yetirmə nəzər özgə bir qula,
Sultani-şe’r Rahi səninçün qəzəl deyir!

***

Görsəydi ay cəmalıvı açdıqda sən niqab,

Qəşş eyləyərdi, eyləməyib afitab tab.

Badi – səbayə ver ki, dağıtsın bu aləmə,

Mişkin saçın həvasına olsun gülab ab.

Hər dəm əlimdə cami – meyi – xoşgüvar var,

Lə'li – ləbindir aşiqə, ey gül, şərabi – nab.
 

Tapmaz kəmali – hüsndə bir kimsə nisbətin,

Hər gün diyari – eşqə düşüb gəzsə bab – bab.

Mədhi – Muhəmməd, ali – Muhəmməddi məqsədin,

Rahi, nə xoş bu halıva ki, eylədin səvab.

 

***

Bir gün çəkən xəyali-səri-zülfi-yarımı,
Min il çəkir hesabə qəmi
-ruzigarımı.

İstərsən et əsiri
-qəmi-eşq özün kimi,
Mən vermişəm sənə, könül, öz ixtiyarımı.

Ey zülf, tutmusan nədi rüxsari
-yarı sən,
Qoy bir doyunca seyr eləyim gül’üzarımı.

Dərdi
-fəraq içində verib vəsl müjdəsin,
Asudə eyləsin bu dili
-biqərarımı.

Bir qönçeyi
-muradım açılmaz bu dəhrdə,
Gülzari
-eşq içində görün növbaharımı.

Seyr eyləyəndə, bəlkə də, xatırladır sənə
Hər lalə dağdə bu dili
-dağdarımı.

Sandım ki, mən özüm deyiləm, özgədir baxan
Ayinədə görüncə mən öz hali
-zarımı.

Bildim, cahanda hər gözələ yoxdur e’tibar,
Ta bivəfa görüncə bu gün öz nigarımı.

Rahi, inanma qəlbinə bir eyləsin əsər,
Yüz yol eşitsə də o gözəl ahü-zarımı.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

 



 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.