“Bir şeirin hekayəti" SAYMAN ARUZLA Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Əziz izləyicilərimiz, bu dəfə "Bir şeirin hekayəti" rubrikasının qonağı şair, yazıçı, AYB Güney Azərbaycan Şöbəsinin rəhbəri, AYB sədrinin müşaviri Sayman Aruzdur.

 

-Xoş gördük, dəyərli Sayman bəy!

Məlumdur ki, ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Poeziyada insan hisslərinin  ifadəsi- dərin emosiya və hisslərin təsviri ön planda olur.

Aristotel poeziyanın fəlsəfəyə daha yaxın olduğunu deyirdi. Kant isə poeziyanın bütün sənət növləri arasında ən üstün olduğunu vurğulayırdı…

Rubrikamızın şərtinə görə, əziz Sayman bəy, bizə şeirlərinizdən birinin yaranma tarixindən söz açmalısınız.

Beləliklə, dəyərli şairimiz, bizə " Bir şeirin hekayəti"- ni söyləyin.

 

-Xoş gördük, dəvətiniz üçün təşəkkür edirəm.

İzləyicilər üçün mənə çox dəyərli olan "Bir şeirin hekayəti"- ni danışmaq istəyirəm. Mən bu şeirdə otaylı, butaylı Azərbaycana bağlı olan hisslərimi, üstəlik dövlətə və dövlət başçısına olan həqiqi səmimi fikirlərimi, mövqeyimi ifadə etdiyimi hesab edirəm. Düzdür, təsirili şeirlərim çoxdur. Həbsdə olduğum dönəmdə yazdığım təsirli şeirlərim var. O taydan bu taya keçərkən yolda yazdığım şeirlər var ki, onlar da mənim üçün çox qiymətlidir. Buradakı müəyyən hadisələrdən təsirlənib yazdığım şeirlər də var ki, çox dəyərlidir. Lakin rubrikanız üçün seçfiyim şeir zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən təsirlənib və eyni zamanda Cənab Prezidentin  60 illik yubleyi  münasibətilə Şuşada yazdığım şeirdir. Ona görə bu şeir mənim üçün çox dəyərlidir. Bu şeiri Şuşada da, müəllifi olduğum “Körpü" verlişində düz Xudafərin körpüsünün yanında da səsləndirmişəm. Mənim arzum bütöv Azərbaycanın yaranmasıdır. Bu arzum gerçəkləşsin deyə, gecə- gündüz çalışıram. Hər cür kin-küdurətlə, şərlə, böhtanla da qarşılaşıram. Bununla belə xalqımızın, dövlətimizin qayğısını, sevgisini də görürəm. Hədəfə olan inamım və imanım məni bu yolda irəli aparır, dayaq olur və sarsılmağa imkan vermir. Hesab edirəm ki, hədəfi müqəddəs və ümummilli olan insan heç vaxt məğlub olub uduzmur. Heç vaxt naümid olmur. Torpaqdan ilhamlanaraq arzunu daxilində yaradırsansa, torpaq sənə xəyanət etmir deyə, arzu da xəyanət etmir. Mən də öz torpağımdan, xalqımdan ilhamlanaraq arzulayıram  ki, Vətənim birləşsin, Azərbaycan bütöv olsun. Torpağım heç kimin istilasında olmasın, Vətən də, vətəndaş da müstəqil olsun, bütöv olsun, var olsun! Hiss edirəm ki, bu arzuma çatacağam. Ona görə belə əmin olaraq  söyləyirəm ki, bu, bir ya iki fərdin arzusu deyil, tamamilə Azərbaycan xalqının, Azərbaycan dövlətinin arzusu kimi cilalanır, rənglənir və öz həqiqətinə yaxınlaşır.

Əslində, bu şeirdə mən bir növ xalqın nümayəndəsi olaraq Cənab Prezidentə müraciət etmişəm.

Mən Cənubi Azərbaycanda dünyaya gələn bir insan kimi öz Prezidentimə müraciət etmişəm ki, bizə arxayın olun, əmin olun ki, dünyada yaşayan hər bir azərbaycanlının ürəyi Azərbaycan dövləti və onun başçısıyladı. Bizə arxayın olun, illərlə bizə iranlı dedilər, illər boyu müxtəlif dillərin, fikir mərkəzlərinin təsirinə salmağa çalışdılar, amma biz, həqiqətən də, öz kökümüzü, nəslimizi itirmədik. Biz böyük Azərbaycanın elə böyük hissəsiyik. Güney Azərbaycanda 45 milyondan artıq soydaşımız yaşayır. 100 ildən çoxdu manqurt kimi yetişdirilməyə   cəhd edilir. Onları milli kimliyindən uzaq saxlayırlar. Onların müstəqillik, azadlıq haqqı, arzusu var. Çox sevinirəm ki,  artıq bu haqq Azərbaycan dövləti tərəfindən də müxtəlif  formalarda bəyan edilir. Möhtərəm Prezidentimizin Səmərqənd çıxışı və o çıxışda da İranda yaşayan soydaşlarımızın  haqqını, hüququnu, mənafeyini qorumaqla bağlı verdiyi mesajlar tarixi mesajlar idi. Bu mesajdan sonra o soydaşlarımız bildilər ki, onların belə möhtəşəm və qalib dövləti, onları düşünən dövlət başçısı var. Onlar artıq ümidlə, gələcəyə inamla yaşayırlar.

Hər bir Vətənini, torpağını sevən insan üçün; şairdisə milli məfkurədə şeiri, rəssamdırsa  milli müstəvidə çəkdiyi rəsmi, bəstəkardırsa  milli zəmində bəstəsi ona övladı qədər əzizdir.

Mən də ona görə bu şeirin  hekayətini danışdım. 

 

Dünya azərbaycanlılarının Lideri, Ali Baş Komandanımız İlham Əliyevin 60 illik yubileyi  münasibətilə yazdığım şeir:

 

Nə Araz, nə də ki, dikanlı məftil,

Xalqın niyyətini bölə bilmədi.

İki yüz ildir ki, erməni qafil,

Sənin millətini bölə bilmədi.

 

Bu gün ad günündür, cənab Prezident,

Altmışı haqladın, mübarək olsun!

Gücümüz gücündür, cənab Prezident,

Gözlərin sevinclə, zəfərlə dolsun!

 

Sən altmış yaşında, biz altmış milyon...

Böyük bir millətin ümidi sənsən.

Sonadək şərəflə dayandın, durdun,

Sən özün Vətənsən, özün Vətənsən!

 

İzn ver izinlə sürünüb gedək,

Bakıdan Şuşaya, ordan Təbrizə.

Vətən torpağına bürünüb gedək,

Əmrinlə düşməni gətirək dizə.

 

Gözlərin yol çəkir, görürəm hərdən...

O yolun sonunda vətən görünür...

Xalqın qüdrətini görür efirdən,

Qoca da, cavan da sənlə öyünür..

 

Lütfən kədərlənmə, sən gül hər zaman,

Güləndə gülürük biz də səninlə.

İlləri həsrəti silinir, inan,

Vətənə yaydığın gur nəfəsinlə.

 

Sən ey Azad vətən, ey azad dəniz,

Səninlə vətənə zəfər dolacaq.

19 ildir ki, səninləyik biz,

Min illər keçsə də belə olacaq.

 

Dəmir yumruğunla, ləyaqətinlə,

Xalqın ürəyində heykəl qurubsan.

Vətən məhəbbətin, saf niyyətinlə,

Ordunun önündə özün durubsan.

 

Ey son yüz illərin məğrur fatehi! 

Sən ey ölümsüzlər Baş Komandanı!

Dədəm Xətainin ruhu səndədir,

Bütövlət, bütövlət Azərbaycanı! 

 

İkinci Qarabağ savaşı bizə,

Həmrəylik, bütövlük nəğməsi oldu.

Düşməni qarşında gətirən dizə,

Müzəffər savaşa qoyduğun qoldu.

 

Sən təkcə Şuşanın fatehi deyil,

Həm də ürəklərin fatehisən, bil.

İlhamın nə xalqın düşüncəsindən,

Nə də tarixindən silinən deyil.

 

Şuşanı işğaldan azad edəndən,

Günbəgün dirçəlir dumanlı Təbriz.

Sənə səslənirik Xudafərindən,

Bizə arxayın ol, səninləyik biz...

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.