“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Həkimə Babakişizadədir.
Həkimə Babakişizadə
Ərdəbil
GİZLİ YARALAR
Gəl ovundur, ya da aldat belə şıltaq yaramı,
Ya qanat, ya yarana bağla bu yarpaq yaramı.
Üzə çıxmaz yaramın gözlərini duzlamışam,
Gəl otur bir danışıb, ağlayaq ortaq yaramı.
Min otaqdır ürəyimdə belə gizli yaralar,
Halal olsun görən olsa başı çılpaq yaramı.
Gəzir özgür iliyimdən dərimə vəhşi yaram,
Belə gəl ovlayasan bəlkə bu qıvraq yaramı.
Qadasın mən yar alar, kim bu qədər yar yaralar!
Sel olub oyma bu qançır qara torpaq yaramı.
Darıxır qan yaramın qürbətini ağlamağa,
Yada sal gəl qapısın döy barı taq-taq yaramı.
Ya dəyişdir, ya bitişdir, ya yaramdan çək əlin,
Ya unut bağrıma od salma bu pıtraq yaramı.
Neçə illərdi yaramdan sənə pay duzlamışam,
Gəl apar saxsısı bişmiş oda bardaq yaramı.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)