“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Nizami Bayramlınındır.
MƏHKƏMƏ
Mən də insanam, möhtərəm hakim,
mən də insanam,
sizin məni təsəvvür etdiyiniz qədər yaradılmışam,
bəlkə də, elə qarşınızdakı, kağızda göstərilən cinayəti
etmək üçün doğulmuşam.
İndi sizə möhtərəm deyəcək qədər acizəm,
Acizliyimi sübut edəcək qədər çarəsiz…
bilmirəm ki, nədən başlayım…
atamın üç oğlu,
mənim isə cəmi üç günahım var.
Yəni mən atamın kiçik,
özümün böyük günahıyam,
oğurluğumu üzərimə götürüb,
doğruluğumu sübut edirəm deyə,
bu gün cəza kürsüsündəyəm.
Möhtərəm hakim,
dünya bir körpənin üzündəki təbəssüm boyda kədərdən ibarətdir,
kədər isə nələrdən ibarətdir, onu nə qanun,
nə də siz bilirsiz.
Cəza kürsüsündə olanlar, Tanrının belə sevindiklərinə kədərlənirlər!
Təəssüf hissi keçirmirəm, ona görə ki,
cinayətimin cəzasını özüm çəkirəm,
cəzam qədər cinayətim olmadığı üçün
təəssüf hissi keçirirəm, möhtərəm hakim!
Əgər sizin yerinizdə olsaydım,
susardım, hakim…
susardım…
TUT AĞACI
Yadımdadı uşaqlığım,
bir ağac vardı həyətimizdə
atamın nifrət etdiyi,
mənim kölgəsinə oynadığım,
anamın özünü asdığı,
qardaşımın baxıb ağladığı.
Kiminin qəzəbi,
kiminin sevinci,
kiminin ölümü,
kiminin göz yaşı idi bu ağac.
Atam sevgisini
mən oyuncağımı,
anam həyatını,
qardaşım anasını itirmişdi…
Bir gün evimiz o qədər soyuq idi ki,
atam o ağacı kəsib odun elədi.
Mən onda anladım,
atamın anamı unutmadığını.
O gün atam anamı
biryolluq qaytardı evimizə,
silib həyətimizin xatirəsindən.
YARIMFİNAL
Fikirli olarsan,
Gəlib ayağının yanından keçər başına dəyməyən daş.
Deyirəm ki, kaş Edison lampanın yerinə başqa bir şey icad eləyərdi.
Onun dövründəki insanların dərdi
İşıq deyildi.
Fikirli olarsan,
Sənə fikir verməzlər-əlifbanın sonuncu hərfi kimi yavaş səslənərsən.
Həvəslənərsən-dünyanın qurduğu oyunların tələsinə düşmək üçün.
Bir də görərsən ki, yarımfinaldasan.
Fikirli olarsan,
Fikrində olanların qurbanına çevrilərsən.
Sol çiynindəki mələklə başın söhbətə qarışar.
Sağ çiynindəki mələk danışar öz-özünə.
Qulağına səs gələr-kaş ki, toplananların yerini
dəyişəydim.
BU EVDƏ 10 NƏFƏR YAŞAYIRDI
Kəndimizin mərkəzində yerləşir bu ev.
Bir vaxt insanların,
İndi isə sükutun daha çox danışdığı otaqları var.
Saat əqrəbinin çıqqıltısının eşidilmədiyi,
Səs-küyün otel bilib yaşadığı bu evdə
10 nəfər yaşayırdı!
Əvvəl bir müəllimim gəlin köçdü,
Sonra bir müəllimim öldü bu evdə.
saatın əqrəbinə fürsət yaratmaq üçün
Dəridən-qabıqdan çıxdı bu evin adamları.
Pəncərələri belə tənhalıqdan bezib,
Bar-bar bağırır küləyə.
Adamsızlığın soyuqluğundan zəlzələni bəhanə edir,
Tir-tir əsir şüşələri.
Sobası üşüyür, qapısı darıxır,
Diqqət mərkəzindən nə qədər uzaqda olsa da,
Kəndimizin mərkəzində yerləşir bu ev.
Müəllimimin ölümündən dərs götürmüşdü özünə,
Kərpic-kərpic tikilmişdi,
Misra-misra sökülür.
MONİKA, PƏLƏNGİN BAŞINI ÇEVİR
Unutmaq fərziyədir, unudulmaq qorxudur,
Reallıq yaşamaqdır, istəməklə düzəlir.
Düşünmək ehtirası həqiqətdən yaranan
Ümid bataqlığıdır.
Dünya, günəşi söndür, yandır qaranlığını,
Görək kim tez unudur, görək kim kimi sevir…
Monika, pələngin başını çevir!
Gələn də bir daş atır, gedən də bir daş atır,
Otağın mənzərəsi səssizlikdən pozulur.
Yaşayanlar öldürür, öldürənlər yaşadır,
Kim yadına salar ki?
Ziyarətdən yetimdir, yüz ildir bir ölümdən
Tanrı da qoruyammır xaraba qalmış evi…
Monika, pələngin başını çevir!
Bizim həyatımızı iki yerə bölüblər,
Görünən tərəfində biri var, biri yoxdur.
Ömür başlamamışdan almalar çürüyüblər,
Nuş olsun yeyənlərə!
Tök daşı ətəyindən, çıxma daha quyudan,
Get, öldürmək istəsən, balaca şüşədədir.
Bəlkə, milyon nağıldan xilas edəsən divi…
Monika, pələngin başını çevir!
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)