BİRİ İKİSİNDƏ – Ülkər Nicatlının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Ülkər Nicatlının şeirləri təqdim edilir.

 

 

 

ŞEİR VAXTI

 

Ülkər NİCATLI

 

 

GÖRDÜM

 

Taleyin yolları azıb dumanda,

Göz yaşım can verir neçə gümanda.

Kövrək arzularım nicat umanda

Ümidin boynunu bükülü gördüm.

 

Səbrim daşa çırpıb öz yaddaşını,

Ocağım söndürüb köz yaddaşını.

Doldura bilmədim söz yaddaşını,

İçində nə qədər söz külü gördüm.

 

Bir kövrək çiçəyi qoxuyum-dedim,

Durub gözlərini oxuyum-dedim.

Bəxti bircə naxış toxuyum-dedim,

Ömrün ilməsini sökülü gördüm.

 

 

ANAMA MƏKTUB

 

Yuxuma gəlmisən bu qış gecəsi,

Qayğılı qəlbinə qurbanam,ana.

Dünyanın ən böyük müqəddəsliyi,

"İncil"im, "Törat"ım, "Quran"ım, ana.

 

Yuxuma gəlmisən bu qış gecəsi,

Yastığım bələnib sənin ətrinə.

Yenə də səpilir layla qoxusu

Ömür kitabının hər bir sətrinə.

 

Yuxuma gəlmisən bu qış gecəsi,

Ömrü çiçəkləyib yuxularımın.

Sənin gəlişinlə həyat qapısı

Bağlanıb üzünə qorxularımın.

 

Yuxuma gəlmisən bu qış gecəsi,

Köz düşüb üstünə xatirələrin,

Yuxunu yorğantək çəkir üstümə

Sənin nəvazişli, kövrək əllərin.

 

 

XƏZƏRİN PAYIZI

 

Mənim könlümdəki duyğular kimi

Bu payız günündə çırpınır Xəzər.

Ruhumdan ələnən söz qoxusunu,

Allah,bu dənizin sularına sər.

 

Sahilə can atan coşqun dalğalar

Vüsala tələsən könlüm kimidir.

Tufanlar içində boğulan qayıq

Uzaqdan əl edən ölüm kimidir.

 

Sənli xatirələr üşüyür burda,

Yenə ürəyimi həsrət dağlayır.

Dənizin üzünə qəriblik hopub,

Dalğalar hönkürür, sahil ağlayır.

 

Payız saçlarını sərib dənizə,

Ayrılıq havası qoxuyur sular.

Yuvatək boşalan sahillər üçün

Tənhalıq nəğməsi oxuyur sular.

 

 

YUXUSU ÜŞÜYƏN KÖRPƏ

 

Yurd uğrunda şəhid olub atası

Bu körpənin yuxusuna qar yağır.

Açılmayan dili üstə, İlahi,

"Ata"sözü qoxusuna qar yağır.

 

Vətən qədər tarixi var, yaşı var,

Bax üstündə uyuduğu mundirin.

Başqa dili anlamaz o, bilməz o.

Bu körpəni yurd dilində dindirin.

 

Böyüdükcə böyüyəcək dərdi də,

Ürəyindən ağrı-acı yığışmaz.

Öz ömründən asar ata şəklini,

Şəhid adı çərçivəyə sığışmaz.

 

Ta oxşamaz bu körpənin boyunu,

Döyüşdədir atasının qolları.

Bu körpənin xatirinə yol gəlir,

Uzaqlardan qələbənin yolları.

 

 

MƏNİ UNUT DEMİŞDİN

 

Dəniz gözlüm, məni unut demişdin,

Gözün aydın, sətir-sətir unutdum.

Gördüm səni unutmağa tabı yox,

Ürəyimi sənə xətir unutdum.

 

Sevgi mehi öpməz daha üzündən,

Dadı qaçıb ömür adlı bu yolun.

Götür mənim göz yaşımı, nə olar,

Öz əlinlə göz yaşını yu yolun.

 

Çatılıbdı qaşı sənli günlərin,

Xatirələr üzün tutub qəhərdən.

Bütün dünya ayrılığa yoluxub,

Sevgi köçüb sən yaşayan şəhərdən.

 

Vaxtın olsa, bu yaralı misramın

Könlün alıb, göz yaşını silərsən.

Dəniz gözlüm, məni unut demişdin,

Sevmək özü unutmaqdır, biləsən.

 

 

GÜNAH NAĞILI

 

Gözlərinin gözlərimə yazdığı

O məktubun gözlərindən gen düşək

Duyğuların əlifbası gizlidir,

Gəl bu gizli əlifbada görüşək.

 

Al ovcuna əllərimi şeirtək,

Xatirələr heca-heca oxunsun.

Sevgi-sevgi çiçəkləyən dodaqlar

Bir meh kimi yanağıma toxunsun.

 

Əl eyləyək ötüb gedən anlara,

Çıxarmasın bu sevgini yadından.

Bircə misra məktub yazaq Allaha

Bu bir anlıq xoşbəxtliyin adından.

 

Günahına qurban olum, ay Allah,

Bu günahım oğurlayıb ağılı.

Bələnibdir taleyimin ətrinə,

Sevgi dolu bu günahın nağılı.

 

 

BAYRAQ

 

Mənası uludur, hikməti dərin,

Qanından rəng alıb neçə min ərin.

Şuşa qalasını alan əsgərin

Təbəssümlə dolu üzüdür bayraq.

 

Ürəklər boyuna açıb qucağın,

Şərəf tarixidir ötən hər çağın.

Millətin qəlbində yanan ocağın

Heç vədə sönməyn közüdür bayraq.

 

Bir üzü Turandı, bir üzü Quran

Qalalar endirən, sərhədlər quran,

Oğul qəbri üstə səssizcə duran

Şəhid anasının gözüdür bayraq.

 

Şanlı zəfərinlə, Vətənim, tanın

Şəhid ətirlidir damarda qanın.

Qələbə soraqlı Baş Komandanın

Yurdda dalğalanan sözüdür bayraq.

 

Dağlarda qalmayıb nə duman, nə çən,

Şöhrətin boy verir zirvələrəcən

Bu torpaq uğrunda canından keçən,

Şəhid oğulların özüdür bayraq.

 

 

GÜLÜMSƏ, QADIN    

 

Sən həyatın sevgi fəslisən, 

Hər səhər alnından öpür mələklər,

Diksinir

içindəki xatirələr...

Dodağında bir öpüş,

gözlərində unudulmaq

qorxusu üşüyür.

 

Qar altında gülümsəyən

bənövşə kimisən bir az,

Ətrinə, məsumluğuna can atar

ruhunda səni gəzdirənlər

və səni fəth etmək istəyənlər...

 

Bir ömür 

canında balıq kimi çırpınar

fəth olunmaq arzusu,

utanarsan

işğal olunmuş arzulardan.

 

Sənin adına

hopub Tanrı qoxusu,

Sən bütün duyğuların

and yerisən, qadın.

Baxma ayrılıqlara,

vüsal sənin özünsən,

qoy fələk səni

qoxlamasın,

özündən özünə sarı

yeri sən, qadın

 

Adın çiçəkləyən yerdə

Tanrı gülümsəyir

hər gün, qadın.

Sən də gülümsə,

bəxti açılsın tənhalığın...

Üzü gülsün

daraqsız saçların,

duvaqsız acıların.

Gülümsə, qadın

Tanrı üşüyür...

 

 

HƏR GECƏ GƏLƏRƏM YUXULARINA

 

Sənsiz çətin ömrüm sevgi qoxuya,

Könlüm əsir düşüb bu lal qoxuya.

Həsrəti bir misra verib yuxuya,

Hər gecə gələrəm yuxularına.

 

Qurudub gözümün yağışlarını,

Ovudub alnımın qırışlarını.

Söküb ayrılığın naxışlarını

Hər gecə gələrəm yuxularına.

 

Bir ovuc ümidi səpib ağrıma

Könlümə deyərəm: – daha ağrıma.

Sənli arzuları basıb bağrıma

Hər gecə gələrəm yuxularına.

 

Ovcunda saxlayıb göy ahlarımı,

Bir gün qurudacaq gün ahlarımı.

Yollara döşəyib günahlarımı

Hər gecə gələrəm yuxularına.

 

 

SON QATAR

 

Tənhalıq sözündən yıxılıb ömrüm,

Üzü çiçəkləyib ayrılıqların.

Ürəyi qırılmış bir misrayam mən,

Yağırsan gözümdən sən narın-narın.

 

Mənim ümidimin könlünü almaz

Həsrətin saçımı oxşayan əli.

Şirin günahların çicək yeridir

Sənin kimi aşiq, mənimtək dəli.

 

Qollarım uzanan hicran yoludur,

Sənsizlik bu yolda şütüyən qatar.

Uzaqda bir vüsal kövrəlib mənsiz,

Gəl məni bir misra özümə qaytar.

 

Üzü qəm qoxuyur xatirələrin,

Gözümdə islanıb gözümün yaşı.

Sən gedən yolların sinəsi üstə

Öpür saçlarımı həsrət yağışı.

 

Ümid qatarının pəncərəsindən

Atdım əllərimi sənin dalınca.

Yenə bu vağzalda oturub ağlar

Son arzum səndən bir xəbər alınca.

 

Fələk də gözünü çəkmir nə vaxtdı

Mən gözü yaşlıdan, mən gözü nəmdən.

Götürüb üsüyən arzularımı

Son vüsal qatarı keçir sinəmdən.

 

 

KƏDƏR OCAĞI

 

Bu söz heykəlinin önündə çoxdan

Cavabsız məktuba dönüb qalmışam.

Bugünkü həsrəti yola salmamış

Yenə ayrılıqdan məktub almışam.

 

Sənin insafına yenə qar yağır,

O sevgi qoxulu yolların hanı?

Könlümü oxşayan qoşa misratək,

Boynuma sarılan qolların hanı?!

 

Sənsizlik qoxuyan qərib misralar

Gör necə üşüdür mənim qəlbimi.

Ovcunun içində tutrək əllərim

Kaş yenə çırpınsın göyərçin kimi.

 

Qərib bir nəğməyə dönüb,əzizim,

Daha ləzzəti yox sənsiz həyatın.

Kədər ocağıtək üşüdür məni,

Hər gün dodağımı isidən adın.

Sən də məni unutdun...

 

Sənə sarı qanad açan ürəyim

Köynək geyib gözlərimin yaşından.

Hər gün mənə məktub yazır ümidlər,

Gəlib çatmır dünyanın o başından.

 

Sən də məni hamı kimi unutdun,

Gedib durdun ayrılığın yanında.

Xatirələr üzün yuyur hər səhər

Yazmadığım misraların qanında.

 

Yığışdırıb aparmısan səbrimi,

Sözüm yoxdur daha sənə deməyə.

Gözlərimdə bir ev tikib həsrətin,

Əlim qalxmır qapısını döyməyə.

 

Asta oxu gözlərinə dolacaq,

Varaqdakı bu misralar külümdü.

Son qürurum dodağımı dişləyir,

Deyəmmirəm sənsiz qalmaq zülumdü.

 

Urəyimdə dəfn elədim yenə də

Eşq qoxulu qərib-qərib sözləri.

Məktub-məktub göy uzündə ağlayır

Yetim qalan bu sevginin gözləri.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.