Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
(“Düşüncə döngələri” silsiləsindən IX yazı)
-Mən bütün dünyadan küsəndə, yadıma sən düşürsən...
-Mənsə, dünyanı sevəndə, hələ yaşamaq istəyəndə adını pıçıldayıram...
-Hansımız haqlıyıq?-dedi oğlan.
-İkimiz də...-gülümsədi qız.
...Və onlar ikisi də bilirdilər ki, dünya fani, insan gəldi-gedər, ömür yolu üzü bircə yana, özü də, gedər-gəlməzdir...
***
Tanış gəldimi bu rəsm? Bilirəm, hamımız bu rəsmin qəhrəmanı, rəssamı, baxıb heyran olanıyıq. İncəsənət bir ana olsaydı, bütün balalarını başına yığıb onlara rəsmdən danışsaydı, mahnı oxusaydı, onlara bayatı çəkə-çəkə yaxası butalı nimtənələr, çiyni çinli arxalıqlar tiksəydi, nə olardı? Hə, yenə söz qalib gələrdi! Dolayısı ilə, incəsənətin bütün balaları ondan söz əmir! Ədəbiyyat budur!
***
Təranə Vahidin röyalarında söz elə eynidir - tanıdığımız. Hərdən Təranə Vahid yaradıcılığının qapısını döyür, qonaqpərvərliyini bildiyimizdən ərk eləyir, fəlsəfəsindən nuş edirik. Sonra da günlərlə düşürük düşüncə döngələrinin canına. Yüyürhayüyür, qaçhaqaç ki, özünə çatasan... Ay çatdın ha! Siz elə bilirsiniz ki, nağıllarda bizi aldadıblar “fikir hər şeydən yüyrəkdir” deyəndə? Yox... Biz özümüz özümüzü aldatmağa meyilliyik. Bizdən öndə gedən bizdir fikrimiz.
***
Bu noyabrda Təranə Vahidin yaradıcılıq qapısından içəridə qısa hekayələr tapdım. “Sarı ovqat”a büründüm, Telli arvadla birgə ömür boxçamı açdım, içindəkilərə baxıb o ki var ağladım. Anamın saçlarına təzə-təzə dən düşəndə şeirlərindən birində yazmışdı: “Saçımda ağ kağızın boz kölgəsi...” Mən də şeirimdə arzu tutmuşdum: “...O kölgə heç canlanmasın!” Ömür boxçamda bu payız nə axtarsam, əlimə bu iki misra gəldi. Ağladım. Sonra kiridim, elə Telli arvad kimi qıvraqlaşdım, durub eşiyə çıxdım, Şəkinin nəm havasından doyunca çəkdim ciyərlərimə, baxdım zəfəranların çiçək açmağı unudan yaşıllığına, onların başını sığallayan sapsarı zoğal yarpaqlarına və Telli arvadın dediyini dedim: “Adam da bu gözəllikdə dünyanı qoyuf ölərmi?!”
***
“Sevginin şəkli” qoyub qısa hekayələrindən birinin adını Təranə Vahid. “Fırça toxunmamış ağ kətan sevginin şəkli idi...”-yazıb. Bundan sonrasını xatırlamaq istəməyib. Yoxsa o da bilirdi ki, həmin kətan ünvanına çatmamış rəssam peşmanlayıb. Əl dəyməmiş, bəmbəyaz sevgi şəkli olmaz ki! Bu bütövlükdə, bu mübhəmlikdə sevginin özü olar. İnsansa sevgini öz bildiyi kimi “düzəltməyə”, “rəngləməyə” qadir olduğunu sanır. İnsan nəfsi sevgini olduğu kimi qəbul etməz ki!
Sevməyin peyğəmbərlik olduğunu hayqıran səslə razıyam amma... (“Səs” hekayəsi). O boyda Eynşteyn soyadını verməkdən imtina etdiyi, sevmədiyi, böyüməsi üçün qohumlarının üstünə atdığı qızına ünvanladığı məktubunda yazırdı: “Kainatda ən böyük güc sevgidir!” Məncə, Dino Bussati Eynşteynə ironiya etdiyi hekayəsini yazanda özünü Lieserl`in yerinə qoymuş, yazıçı hünəriylə dahidən qisasını belə almışdı. Nə isə... Eynşteyn Vestministrdəki saata baxaraq nisbiliyi anlayanda düşünən insan olmağın zirvəsinə qalxmış, qızına yazdığı məktubda üzrxahlıq etmək əvəzinə sevgini öyəndə peyğəmbərliyə umsunmuşdu...
***
“Təbəssüm” hekayəsində Təranə Vahid itirilən insanlığın harada gizlədilməsi haqqında ipucular verib. Və mən yenə Tolstoy babanın öz obrazı olaraq yaratdığı Levin`i xatırladım. O Levin ki, həyatı hər rəngiylə görməyi bacarırdı. Həyatın hər künc-bucağı haqqında düşüncələrə dalırdı. Problemləri tanıyır, onları həll etməyə çalışır, bacarmayanda da geri durmur, başqa üsulları sınaqdan çıxarırdı. “Anna sevimli obrazımdır” deyənləri anlamadığım bundandır. Düzdür, Tolstoy babaya Anna kimi mükəmməl ədəbi obraz yaratdığına görə təşəkkür düşür, amma Levin daha gözəl, işlənməsi üçün daha çox vaxt və düşüncə tələb edən obrazdır axı. Buna görə Tolstoy babaya təşəkkür etmək azdır. Ayrı nəsə etməliyik onun üçün. Adı çəkiləndə ehtiramla gülümsəmək... Hə, bu, təşəkkürdən daha uca mükafatdır!
Təranə xanım bizə bu ipucuları verir: Anna`nı tanıyın, Levin`i anlayın. Yoxsa hər şey tərsinə dönəcək, xüsusən, gənc qızlarımız Anna`nı anladığını düşünəcək, Levin`i tanımayacaq. İnsanlıq uçuruma doğru bir addım daha yaxınlaşacaq...
***
Hamımızın bildiyi nağıldır “Həqiqətlə yalan haqqındakı ən gerçək nağıl”. Bilirik, amma hər gün unuduruq. Bu nağılı hər gün yenidən xatırlamağa ehtiyacımız var. Təranə Vahid yazıçı missiyasına sadiq qalaraq bizə bunu xatırlatmağa tələsib.
“Adam əlçatmazları arzulayanda yaxınlığındakı reallığı qəbul edə bilmir”. Narıngül Nadirin “Çilli qız” povestindədir bu cümlə. Yəni bəzən özümüz həqiqətlə yalanın yerini dəyişirik ki, guya xoşbəxtlik uyduraq özümüzdən. Bir anlamda xoşbəxtlik yalanın ən böyüyü deyilmi? Həqiqət olaraq qəbul etsək, bu iki sözü əzbərləməliyik: “Xoşbəxtlik individualdır!” Xoşbəxtlik zövq məsələsidir və “zövqlər müzakirə olunmaz”. Belə də deyə bilərik. Gördünüzmü, xoşbəxtlik haqqında belə, uydura-uydura söhbəti “n” qədər uzatmaq mümkündür. Qısa yazaq, oxucular xoşbəxt olsun!
***
Təranə Vahidin “Ovcumdakı güzgü” qısa hekayəsi analara həsr olunub. Gəncəçayın sahilində, Abbas Səhhətin məzarı olan adsız parka darvazası açılan bir köhnə məhlədə kirayədə qalırdıq. Ev sahibəmizin yaşı səksəni ötmüşdü. Sonra başqa evə köçdük. Günlərin bir günü ev sahibəmizin qızı anama zəng edib ki, “anam ölüm ayağındadır, səni arzulayır”. Anam gedib. Yaşlı qadın gözlərini aça bilmirmiş. Deyiblər: “Gəldi arzuladığın...” Qadın əlini irəli uzadıb. Anam əlini qadının ovcuna qoyub. Qadın anamın əlini barmaqlarıyla yoxlayıb, sonra dərindən nəfəs dərib, deyib: “Hə, odur... Onun əlidir. Qabarından tanıdım”. O axşam qadın son nəfəsini verib...
Hekayədir, hətta romandır qabar əllər... Harada onlardan danışılsa, bilin ki, söhbət analardan gedir.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)
)