Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Firuz Rəhmaninin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
Firuz Rəhmani
I.
Aparın üzünə daha xoş baxın,
Söylədi sözləri doktor əfəndi.
Bəlkə dözə bildi bir ilə yaxın,
Gecikdi Əzrail, əcəl yubandı.
Evə qaytardılar yara bədənin,
Yığdılar dərmanı başının üstə.
Vaxtsız köçməyini, ölüm nədənin,
Nə təhər yazarlar daşının üstə.
Daldada ağlayıb, üzdə güldülər,
Gündə bir tanışı gəldi yanına.
Dərdləşib dərdləri iki böldülər,
Yaşamı qatdılar soyuq qanına.
Dövrəsin aldılar quru yataqda,
Uzaqdan, yaxından dostlar yoxladı.
Onu bu dünyada, bu dar ayaqda,
Məhəbbət yaşatdı, sevgi saxladı.
II.
Könlümü saz görüşündə telə qandır xan aşıq!
Addım-addım Qarabağ üstə dolandır xan aşıq!
Üzüm öyrəndi sükutun iki gün öncəsinə,
Saz-sözü bağla, müxəmməsdə dayandır, xan aşıq!
Yol yaxındırsa mənim göylümü almaqda nə var?!
Qürbətində darıxan dağları dindir, xan aşıq!
Sözü var "Göyçə Gülü" sevgi dilində oxuna,
"Baş sarıtel" havasın bir də yubandır, xan aşıq!
Elə bir "Cəngi Koroğlu", elə bir Misi qılınc,
Dizlərə taqətini bir də inandır, xan aşıq!
Səni sevgi, dilə tut yolda qalan arzuları,
Çal çoban yaylağını bir də, amandır xan aşıq!
Durnalar tellərini tökməsə bir Dilqəmi çal,
Mənsuriyyə ocağında sazı yandır xan aşıq!
III.
Bir gün gedib mən görərəm əlini,
Oxşayaram üzə düşən telini,
Yaxşı-yaman anlayaram dilini,
Dildən düşmüş ürəyimi neynəyim?
Yolu eniş, yolu yoxuş dünyanın,
Hər sözünə inanırdım zamanın,
İndi gendən ayırıram yalanın,
Boşa gedən əməyimi neynəyim?
Gəlib dursa lap yaxında uzaqlar,
Dilə tutsa dumanları bu dağlar,
Coşa-coşa axsa yenə bulaqlar,
Zədələnmiş sənəyimi neynəyim?
Söz həmin söz, dodaq həmin dodaqdır,
Göylümüzdən keçənlər də yasaqdır,
Mən gözləyən, sən gəlməyən o çağdır,
Əldə solmuş çiçəyimi neynəyim?
IV.
Göylümün istəyi, dilimin andı,
Ayrılıq yol atıb yolda dayandı.
Günə çıxmağımız nə çox yubandı,
Gözlərəm yolunu ölənə kimi.
Gəlmək istəmirsən, yenə üz salım,
Yoluna çıxmağa işimdən qalım,
Hələlik maaşı gözündən alım,
Tale üzümüzə gülənə kimi.
Sevincin, şənliyin gözündən iraq,
Həsrət at oynadır, səndən yox soraq,
Axan gözyaşına sığınıb qalaq,
Gülüş yerimizi bilənə kimi.
Yolunu gözləyən minlərcə kaş var,
Alnıma yığışan qırx iki yaş var,
Gələn günlərimin əlində daş var,
De harda gizlənim, gələnə kimi?
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)