“Bilirəm ki, mənimsən, bilirəm ki, səninəm” - Aysel Zülfüqarın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Aysel Zülfüqarın şeirləri təqdim edilir.

 

 

İşıq doldu hardansa gün görməyən ömrümə,

Gözümə inanmadım, işıq hara, mən hara?!

Mən ki daim öyrəşdim yaşıl ümid vəd edən,

daha çox payız üzlü yalançı baharlara...

 

Yağışımı da sevdim, göz yaşımdan su içən...

Ürəyimin közündə xəzəl oldu arzular...

Mən də belə dəliyəm, öz-özüylə oynayan,

Məndə tapmaca kimi çözülməyən suallar...

 

O gur işıq nə idi?! - soruşdum, cavab gəldi,

Bir sevginin milyon il yol gələn zərrəsiydi.

Göydən sənə pay kimi göndərilən duanın

Allah qatından enən ən sirli ayəsiydi.

 

Açsan xoşbəxt olarsan, anlasan mənasını,

Bu dünyada sənintək varlı biri tapılmaz.

İndi özüm-özümün içimdə gizlənim, qoy,

Qoy bir qeybə çəkilim içimdə elə az-maz.

 

Çözüm, tapım, yaşayım... qaçışlardan yoruldum...

Bir az durulum indi, mənim qazancım olsun.

Nə isə, mən gedirəm, öz dünyamda gizlənim,

Məndən bütün dünyaya atəşli salam olsun!..

 

*

Darıxmağın şəklini çəksəydim əgər,

sonuncu qış gecəsində

görüşünə tələsdiyim

o bağçada,

ağacların dövrəsində                                                                                     

qalamağa çalışdığın

o ocağın

qışın qarlı rütubətinə

dözməyib,

söndüyü an

qəmli-qəmli

öləziyən

kösövünün

arxamızca

boylanan

boz tüstüsünün

havada cizdiyi

rəqsin

qara şəklini

çəkərdim...

Darıxmağın şəklini çəksəydim

əgər,

məni hədəf aldığın

o son qartopu

vuruşunun

məndən azca yan keçib də,

qollu-budaqlı

ağacın gövdəsində

qar qırçınlı

iz buraxan

ağ surətini çəkərdim...

Darıxmağın şəklini çəksəydim əgər,

səni kor bilinməzliyə

uğurlayan

gözlərimin

aciz-aciz gülümsəyən,

dönməyəcəyini bilməyən

baxışının

çarəsizcə

alacalanmış

sükutunu çəkərdim...

İndi, indi sənsizlikdə

baxar, baxar...

xatırlayar...

səni, səni, səni

içimə çəkərdim...

 

Bir şairin xatirəsinə...

 

Hər açılan səhər

hələ yaşamaqçün bəhanə deyil...

Bilirsən ki, yenə gələcək gecə...

Gecənin gəlməsi də

ölümə səbəb deyil.

Bilirsən hardasa var bir səhər...

Qırtlağına bıçaq kimi dirənsə də qəhər,

sabah unudacaqsan hər şeyi...

düşəcəksən bir tikə çörək dərdinə...

hansısa bir başıbatmışın xətrinə

çıxacaqsan küçəyə...

və külək yellədəcək səni,

kiminsə zivədən asılan

yırtıq çuxası kimi...

Günəş zenit nöqtəsinə dirənəndə,

içinin göz-gözü görməyən qaranlığında

bir-birini tanımayanda duyğuların,

itirəndə solun-sağın,

güclə sürüdüyün ayaqlarınla

qayıdacaqsan xarabana

axşam düşəndə...

Qorxuların ruhunda

qarışqa kimi gəzişəndə,

bu gecədən səhərə sağ çıxmağa

daha qalmayanda dözümün,

məzar kimi soyuq

yorğan-döşəyində açıla bilməyəndə

buz kəsmiş dizin,

düşünəcəksən ki,

gərək elə səhər asaydın özünü

düz kəllənə düşən Günəşin şüasından...

Ya da Ayın kölgəsi və işığı altında

iki yerə bölünən yatağında uzanıb paralanaydın...

amma işıq düşən tərəfdə...

Heç olmasa, ölümün işıqlı olaydı...

Və səhər dibçəkdəki

hələ açılmamış güllərini

elə köklü-köməcli kimsə qopardıb,

hələ təzəcə qazılmış qəbrinin üstünə qoyaydı...

Artıq heç kəsə lazım olmayan

bir cüt köhnə ayaqqabını

küçə uşaqları götürüb geyəydi,

gəlib qəbrinin üstünə

ruhuna Fatihə oxuyaydı...

Və biləydin ki,

hardasa bir insan qəribsəyib sənsiz...

Və hardasa bir Günəş

səni xilas edə bilmədiyi üçün

özü-özündən utanır,

hardasa bir Ay özünü sənin qatilin sanır...

 

*

Bir vaxt yaddaşının mən olan yeri

indi gecə-gecə darıxıb mənsiz,

mənli günlərini xatırlayırmı?!

Bir vaxt gözlərinin mən dolan yeri

indi yetim-yetim ağlayıb mənsiz,

qara gözlərimi soraqlayırmı?!

Bir vaxt ürəyinin mən vuran yeri,

indi için-için göynəyib mənsiz,

solğun xəyalımı qucaqlayırmı?!

Bir vaxt sol yanının mən duran yeri

indi həzin-həzin sızlayıb mənsiz,

titrək çiyinimi arzulayırmı?!

 

Mənim yaddaşımın sən olan yeri,

Mənim gözlərimin sən dolan yeri,

Mənim ürəyimin sən vuran yeri,

Mənim sol yanımın sən duran yeri...

Xatırlayır...

Soraqlayır...

Qucaqlayır...

Arzulayır...

 

Səni...

Səni...

Səni...

Səni...

 

*

Mən sənlə ayrılığın ən gözəlin yaşadım,

Dəlicə sevilərək, qopdum səndən, gərəkdi.

Bir vüsal həsrətini gözdən salmayım deyə,

Səninkən Sən olmadım,

Xəyalım kəpənəkdi.

 

Qondum elə ruhuna, qondum elə telinə,

Gözlərində şehinə, içdə ehinə döndüm.

Mən xəyaldan gerçəyə enib

adiləşmədim,

Mən hər zaman səninçün

müəmmaya büründüm.

 

Özüm seçmədim bunu,

ruhumun istəyiydi.

Bəlkə də, qorxdum, düzü,

sənin olsam, ölərəm.

Atəşində qovrulub, öz odumda yandırıb,

Ani parlayıb, sonra qəfilcə də sönərəm.

 

Arzulanan olmuşdum,

illərcə, çox illərcə...

Bəlkə də, xəyalımı sevdin deyə,

bütləşdim.

Bu bütə sitayişi necə adi edəydim?!

Mən Allahın olmuşdum, bir azca da sərtləşdim.

 

Amansızlığım belə sevimli idi mənim,

Gözünə görünürdüm ilğım kimi,

qaçırdım.

Mən iti xəyalının əngin üfüqlərinə

Məni aydın görməkçün sirli qapı açırdım.

 

De, maraqlı deyildi

bu cazibəli oyun?!

Çalıquşu olmağım

məni səndə qorudu.

Bəlkə, səndə qalsaydım

bütün varlığım ilə,

Günlərin bir günündə

varlığım unuduldu?! -

deyərək çox düşündüm.

 

Yox, bunu görməməkçün

əfsanə olum dedim,

əlçatmazın, ilahın,

toxunulmazın olum.

Eyb etməz, kiminləsə

ömrünü birləşdirsən,

Yanında qoy o olsun,

ruhunasa, mən dolum.

 

Bilirəm ki, mənimsən,

bilirəm ki, səninəm.

Bu əbədi gerçəyi

yalnız Allah dəyişər.

Mən ki, Allahın oldum,

Sən də mənim Allahım.

Bu ilahi yazımız

Cənnətdə gerçəkləşər.

 

Orda daha qorxmarıq

yerdəki ayrılıqdan.

Adiləşmək

qorxusu cəsarətsiz də etməz.

Orda daha heç vədə səninlə ayrılmaram,

Orda əbədi olan varlığım gözdən itməz.

 

*

44 günlük Vətən müharibəsinin 

bütün Şəhidlərinə və Şəhid analarına ithaf olunur!

 

Oğlunun,

yaddaşında qalan

son baxışlarından

süzülən nurda yuyundu,

yenidən doğuldu Şəhid Anası...

21 ildi anaydı,

bir gündə oldu Şəhid Anası...

44 günə 44 illik ömrünə

sığmayacaq ağrıları sığdırdı,

bütün sevinclərini unutdu,

yaşanmamıştək,

dərdlərindən doğuldu Şəhid Anası...

44 gün oğlunun başı üzərindən

uçuşan gülləri

yuxularında gördü,

onları ürkütdü,

onları söydü...

balasına öz canından sipər hördü...

Allaha yalvardı,

gecə-gündüz dil tökdü,

amma qoruya bilmədi

tək oğul balasını,

qoruya bilmədi ana...

Oğlunun köksünə

güllələr sancılanda,

içində

doğuş sancılarını duydu...

Sanki oğlunu

bir də, bir də təkrar doğurdu...

Ananın içindəki ağrıdan doğulurdu oğlu,

daha bu dünyayçün yox,

əbədi dünyayçün

yoğrulurdu oğlu...

Saçlarının hər teli ağrıyırdı,

ağzındakı dili ağrıyırdı...

Bağrında ana olduğu

21 ili,

ömrünün bütün 44 ili ağrıyırdı...

Oğlunun beşiyi başında

keçirdiyi yuxusuz gecələri,

balasının dil açıb "A-na!" dediyi hecələri,

oğul balam, noğul balam, -

deyə-deyə danışdığı

nağılları, öyrətdiyi

şeirləri,

əlindən tutub məktəbə

apardığı səhərləri

ağrıyırdı...

və ağlayırdı, ağlayırdı...

Oğlu ilə birlikdə Şəhid olurdu Ana!

Kaş ki dünya

bir Şəhid anasının içindəki

əzabların paklığında nurlana,

kaş ki dünya

bir Şəhid anasının

dünyalara sığışmayan

oğul dərdi qarşısında

əbədi sayğı duruşunda dayana!..

 

*

Əvvəla, salam...

Şeirlərimə baxanda

səni düşünürəm.

Hər bir sətrim

nə vaxtsa yaşadığımız

parlaq günlərin

indi işığını itirmiş

solğun kölgələridir...

Vərəqlərə çilik-çilik tökülənlər

göz yaşı deyil əsla,

sınıq ürəyimin qırıqlarıdır...

Hansı ürək yarası sağalmadı ki!..

İlk bahar rüzgarlarından

neçə rüzgarlar keçib...

Bircədənəm, bağışla!..

Bəlkə, unuduram səni,

Bəlkə, kimisə xoşbəxt edəcəm...

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.