“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.
Əbilin gündəliyindən:
Lev Tolstoy haqqında üçüncü yazı.
1 sentyabr 2006.
Bu gün Tolstoyun "Hacı Murad" povestini oxuyub bitirdim. Dünən isə Tolstoyun "Dirilmə" romanını oxuyub bitirmişdim.
Tolstoy bir dahidir və məni özünə məftun edib. İlk öncə "Dirilmə" haqda bir neçə söz demək istəyirəm.
1899-cu ildə bitirdiyi "Dirilmə" romanı çoxları kimi məni də "Hərb və Sülh", "Anna Karenina"dan daha çox cəlb etdi. Birinci ona görə ki, bu romanda ədib oxucunun qəlbinin ən sirli qatlarına enib, ona buradan səslənir. Və insana özünün belə bu vaxta qədər vaqif olmadlğl sirlərdən söz açır. Əsər "İncil"dən ayələrlə başlanır və elə bu ayələrin mənasına bütün əsər boyu çavab axtarır. Bu suallara cavabı elə yenə "İncil" ayələri verir. "Dirilmə" "İncil" ayələri ilə bitir. Tolstoyun yaradıcılığından bəllidir ki, ədib öz hümanist fikirlərini yaradıcılığının Nexlyudov surərində verib. "Dirimə"nin də baş qəhrəmanı Nexlyudovdur -18 yaşlı Katya Maslovanı aldatdığı üçün Maslova həbs edildikdən sonra onun yolunda sürgünə belə razı olan, öz torpaqlarını təmənnasız kəndlilərə paylayan Nexlyidov...
Tolstoy yaratdlğı bütün obrazların bütün cizdilərini ən incə məqamlara qədər açdığı kimi, onların dini görüşlərinin mistikasına qədər də nüfuz edir. Və yaxud etməyi bacarır. Bütün bunlar hər bir obrazın dini görüşlərinin çox incəliklə verilməsi ilə öz təsdiqini tapır.
Əgər “Dirilmə"də rus həyatı, cavan ikən etdiyi bir səhvin bağışlanması üçün bütün həyatını dustaq bir qadına bağlayıb hər şeyindən keçən bir knyazın peşimançılığı - " tövbəsi" verilibsə, “Hacı Murad"da rusların apardığı haqsız müharibə, dağlı xalqlarının öz vətənlərinə olan məhəbbəti tərənnüm olunur.
İnsan, təbiəti özünə boyun əydirmişdir. Meşələri qırır, dağları yonur. Amma eyni zamanda, insan yenə də təbiətdən zəifdi, ona möhtacdı. Təbiət insanı daha güclü sarsıda bilir- zəlzələ, vulkan, sellə.
I kursda oxuyarkən Şeyx Şamil haqqında bir kitab oxumuşdum. Selçuk Kulalı Çeçen dağlarındakı qartallardan danışıb, bu dağların Şamildən sonra qartal yetişdirib səmasında uçurmadığından ürək ağrısı ilə yazırdı. Şamildən incik düşən "Hacı Murad"ın qəhrəmanı Hacı Murad rusların tərəfinə keçsə də, ruslarla döyüşdə öldürülür, ruslara satılmış dostu tərəfindən başı kəsilir. Tolstoy bu səhnədə imperiya siyasətinin eyni millətin dost evladlarını bir-birinə necə düşmən etməsinə toxunur... İnsanlar tərəfindən yetişdirilən bir qartal balası böyüdükcə uçub yenə dağlara, qartalların yanına gedir, amma gümüş buxovlu, boynu dəmir halqalı bu qartalı, köləlik görməmiş qartallar qəbul etmirlər. Amma boynu buxovlu qartal, dağlardakı qartallardan ayrılmır, çünki Allah onu yaradarkən, ona da azadlıq sevdası vermişdi. Buna gümüş buxovlar mane ola bilməz. Cünki Allah onu buxovsız yaratmışdır. Ancaq o getmədikdə azad qartallar onu didib öldürürlər. Bunları da Tolstoy nəql edir.
Ancaq o gümüş bəzəklu qartal o birilərindən daha azad yaşadı. Çünki o köləlik nədir, onu görmüşdü. Və azadlığın qiymətini onlardan daha çox bilirdi.
Dağların başında hər zaman qartallar uçacaq. Balıq suda olduğu kimi, qartal da səmada olsun gərək. Onlardan daha yüksəkdə didilmış bir qartalın ruhu vüqarla azadlığın sevgisini duyar öz qəlbində.
2 sentyabr 2006
…Tolstoy insanın fiziki gücünə əyilməyən ayıpəncəsi otundan gəlir Hacı Murada. Və öz yazısında bu qəhrəmanı Qafqaz dağlarının "ayıpəncəsi"nə bənzıdir. Meşənin dərin qatlarında bir ayıpəncısini məhv etmək, bütün meşəni məhv etməkdən daha çətindi. Səlcuq Kuleli "Şeyx Şamil" kitabını Qafqazda doğacaq yeni "qartallar"ın imidilə bitirir. Tolstoyun da ayıpəncələri bənzətməsi onu sübüt edir ki, bir insanı buxovlayıb azadlığını əlindən almaq olar, ancaq onun ürəyinə heç cür buxov vurmaq olmaz. Mövlanənin dediyi kimi, insanın ürək azadlığını yalnız ürəyi ona vermiş Allah ala bilər.
(ardı var)
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)