Əbil Əbilovun gündəliyindən ikinci paylaşım Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.

 

Əbilin gündəliyindən:

“Lev Tolstoy haqqında ikinci yazı”

 

28 avqust 2006. 

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. "Danabaş kəndinin məktəbi"  keçdi xəyalımdan. Ona görə xatırladım ki, "Danabaş kəndinin məktəbi"ndə kəndə məktəb açmağa gələn dövlət məmurlarından uşaqları gizlədirlər. Səbəb də o olur ki, bizim uşaqları birdən əsgər (soldat) apararlar. 

“Dirilmə"nin qəhrəmanı Nexlyudov öz torpaqlarını rus kəndlilərinə vermək istəyir, amma gəl, kəndlilər buna boyun qoymur və deyirlər ki, əvvəlki qayda-  biyar, köləlik yaxşıdı. Əsas da onu gətirirlər ki, ağa öz torpaqlarından keçməz. Bu oyunlar, sadəcə, bizi aldatmaq üçündü.

İnsan psixologiyasını gözəl bildiyi kimi Tolstoy, elə cəmiyyət sosiologiyasını da gözəl bilir. Tolstoy "Dirilmə"ni ömrünün sonuna doğru yazıb. Tolstoyun da ahıl vaxtlarını yaşadığı illər XIX əsrin sonu, XX əsrin əvvəlinə rastlayır ki, bu dövr Rusiyada kommunizmin yaranıb, təşəkkül tapdığı dövrə təsadüf edir. Yəni bu dövr sosializm anlayışının təşəkkül tapdığı dövrdür.

Bu dövr Rusiya ədəbiyyatında "inqilab"  dövrü olsa da, siyasi cəhətdən sosializm anlayışının hələ formalaşmadığı dövr idi.

Liberallığı ilə dostları arasında şöhrət tapan Nexlyudov torpağı kəndlilərə verəcəyini kəndlilərə bildirəndə doğan narazılıqla elə Tolstoy özü rus kəndlisinin buna hazır olmadlğını açıb göstərmiş olurdu. Baxmayaraq ki, elə Tolstoy özü də bütün sərvətini - torpaqlarını kəndlilərə paylamaq istəmişdi. Nexlyudovun torpaq islahatında Tolstoy özünü yazıb - desək bəlkə də mübaliğəyə yol vermiş olarıq. Amma hər halda bu, həqiqətlə az-çox uyğunlaşır. 

Rus kəndlisi torpağı özəlləşdirməyə hazır olsa da, sosializmə hazır deyil. Çünki "sosializm" özlüyündə bir quruluşdur. Və bu quruluşu insanlar gəririb və yaxud apara bilməzlər. Necə ki, edə bilmədilər. Sosializm yaşayıb-tutuna bilmədi. 

İnsanlar sadəcə avanqard qüvvə kimi bəzi şeyləri sürətləndirib, ləngidə bilərlər .

Bəli, Rusiyada sosializm tam mənimsənilməmiş özü özünü dağıtdı. Çünki sosializm yarananda aydın proqram xətti belə yox idi. Beləliklə, sosializm üçün sosial şərait yetişməmişdi. Bu da özünü onda sübut etdi ki, kəndlilərə verilən torpaqları 1926-cı ildə kolxozlaşma adl ilə əlaqədar geri alanda bu səfər mülkədarlar yox (o dövrdə keçmiş mülkədarlar hamısı ya həbsdə, ya Sibir sürgünündə idilər) elə kəndlilər özü üsyan qaldırıb torpağı vermədilər. Bu da sübut etdi ki, torpaq kəndliyə o sosializmi mənimsəmədiyi formada verilmişdi.

                  (ardı var)

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.