“Bu gün özün boyda yalansan mənə” – İntiqam Yaşarın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə -  İntiqam Yaşarındır.

 

 

 

İntiqam YAŞAR

 

 

***

 

Hamıdan ömrünü gizlədən adam,

Açdı qollarını taybatay günəşə tərəf.

İçində bütün yoxlara varımsan, – dedi,

Ruhunu doğrayan iti səslərə yenildi.

Bilmədi gözündəki edam ipi kimin hörükləridir.

Küləklər yenə yem axtaran sərçələri aldadır,

Suya danışılan yuxular buludlara qovuşdu,

Arzuların mənzili uzaq, arzular hələ də yoldadır.

Hə, o adam, o adam!

Hardadır, görəsən?

Görən oldumu?

Dedilər yetişib keçmişinə.

Sərçələr ovuclarındakı dənə yığışıb...

 

 

***

 

Sən ömrün uzağından,

Nə vaxt gələrsən bizə?

Nə vaxtsa gələrikmi

Bu ünvanda üz-üzə?

 

Nəfəs-nəfəs saçında

Gəzişməyim olarmı?

Yorulmağım olarmı,

Ya düşməyim olarmı?

 

Bu dünyanı bir anlıq

Unuda bilərəmmi?

Unutsam, nə olar ki,

Unutsam, ölərəmmi?

 

Saxla yadında, saxla,

Adımı yaxşı saxla.

Səni heç unutmayan,

Adamı yaxşı saxla.

 

 

***

 

İçimdə bir dərin havasızlıq,

Gözlərim önündə yenə sən.

Əlbəttə, yuxudur...

Öyrəşmişəm aldanmağa.

Hərdən həqiqətə tərəf addım atmaq keçir ruhumdan...

Yox, qorxuram...

İtirmək qorxusu...

Payızdır, payızda doğulanlar  payızda böyüyür daha çox.

Səni də bu günlərdə tapdım, saçları küləklər sevdalısı,

Gözləri intizar...

Payızdır, darıxıram... Payızdır, darıxma!

 

 

***

 

Dünən özün boyda həqiqət idin,

Bu gün özün boyda yalansan mənə.

İndi nə dəyişər, nə fərqi var ki,

İnanmasan mənə, inansan mənə.

 

Gözüm günəşi yox, səni axtarıb,

Zamanın dumanlı, sual çağları.

Səndə itirdiyim, səndən əzizdir,

Daha çox uzaqdır xəyal çağları.

 

Əlimdə  buz kimi əriyir əlin,

Nəfəsim od tutur adından sənin.

Hər nəfəs aldıqca bir az közərir,

Göz-qulaq oluram odundan sənin.

 

Səndən nə gəlibsə, mənə xoş gəlib,

Yorğun yaddaşımda adın işıqdır.

Uzaq xəyalınla nəfəssənsə sən,

Qadın möcüzədir, qadın işıqdır.

 

 

***

 

Müqəddəs şəhərlərdə yaşayan insanların

Dərdini düşünürəm,

Onların da, görəsən, soyuq divarlardakı

Nəfəsləri ölürmü?!

Tanrı o şəhərlərə bizdən daha yaxındı,

Görəsən, çağıranda köməyə tez gəlirmi?

 

Susurmu qaranlıqlar ağ kabuslar içində,

Yuxular qarışırmı, bulanıq sular kimi?

Düyünlənmiş qaşları, alınlarda kim açır,

Tanrı çoxmu yorulur bunca iş-güc içində,

Görəsən, bircə dəfə barı üzü gülürmü?

 

Küləklərə baş qoşub getmək havası varmı,

Oralar tərk edilib getməyə yarayırmı?

Yoxsa o şəhərlər də qəbir ağuşu kimi

Udur bir ayağını qaçaq qoyan kəsləri.

O şəhərlər necədi, Tanrı çox gözəl bilir,

Bu şəhərlər necədi, ora qədər bilirmi?

 

 

***

 

Heçmi xatirələr oyatmır səni,

Heçmi daşa dönmür balınc gecələr?

Heçmi nəfəsində düyünlənməyir

Bu tanış axşamlar, tanış gecələr?

 

Üzülən əlinə təsəllin nədir,

Şirin yalanların zəhərmi dadır?

Səni özün qədər inandıran yox,

Səni özün qədər bəs kim aldadır?

 

Başın çiynin üstə  şişirmi səsdən,

Beynində ucalan fəryad səsimi?

Kimə yas saxlayır göz qapaqların,

Kim səni itirib, yaxud sən kimi?

 

Ömrüm qucağında kətil gəzdirir,

Hər addım başında nəfəs dərəcək.

Dərdiyi sonuncu gül nəfəsini

Sənin saçlarına çələng hörəcək.

 

 

***

 

Sənə bir sevgi var köksümün altda,

Gözləri düz sənin gözünə bənzər.

Hələ mən bir ayaq izi görmədim

Ruhumdan saldığın izinə bənzər.

 

Bu dəli baxışlar, bu dəli gözlər

Alır aldığını can yiyəsindən.

Bir nida yüksəlir, bir ah ucalır

Ömrün ən sonuncu saniyəsindən.

 

Qona saçlarıma bir yaz səhəri

O ağ kəpənəklə əkiz əllərin,

Oxşaya ruhumu, hey oxşadıqca

O doğma əllərin, əziz əllərin.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.