Güneyli şair Məsum Cabbarpur vəfat edib Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Güney Azərbaycanda fəaliyyət göstərən “Ədəbiyyat Evi”nə istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Güney Azərbaycanlı Məsum Cabbarpur vəfat etmişdir.

O, şeirləri ilə portalımızda da iştirak etmişdi, onun bir şeirini diqqətinizə çatdırır və ruhu şad olsun deyirik.  

 

 

SƏN

 

Sən sonsuzluğumun ilk ilişkisi

Əllərimi qanadan budaqların tilişkəsi

Toxunuram sənə, budaq-budaq.

Nəfəs çəkirəm səni yarpaq-yarpaq.

Tamsınıram dodaq-dodaq...

 

Sən

Əlləri boyalı bir qatil

Ayda boğulan bütün röyalar

Xəyallar

Həyəcanlar...

Sən, var anındakı yoxluq, boşluq

Yoxluq anlarındakı gərəksiz varlıq

Sıxıntı...

 

Mən gözümün ac qurdu

Mən gözümün tox qurdu

Sən gözlərimin ağı, qarası

Sən gözlərimin heç nəyi...

Sən gözlərə gərəkən

Rəssamların fırçası

Sən,

Gözlərdən uzaq düşüncədən qopan tufan

Sinədə parad marşı çalan darıxmaq,

Döyüntü...

 

Sən hər gecə yarısı üzümə açılan

Lüks taksilərin qapısı

Sən yaralı bir cənazəni köçürən tabut...

Sən toylarda ikili bir tanqo

Yaslarda göz yaşı.

Sən var ya, sən

Sən mənim ilkim, sonum.

Sən mənim ən paradokslu düşüncəmsən.

Gözlərimə tərsə bax

Şəkilin düzdən düzgün qalacaq

Gözlərimdə,

Beynimdə,

Ürəyimdə...

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.