BİRİ İKİSİNDƏ – Ramil Mərzilinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Ramil Mərzilinin şeirləri təqdim edilir.

 

 

ŞEİR VAXTI

 

Ramil MƏRZİLİ

 

 

AĞRİNİN ŞƏKLİ

 

Bir dözüm də görmədim

Ruhumda dözüm kimi.

Ümidlərim qaraldı,

Yanmadı közüm kimi...

 

Taqətini əzdirən,

Öz-özünü bezdirən,

Başdaşını gəzdirən

Görmədim özüm kimi...

 

Elə ki qəlb aldanar,

Cismin ruhunu danar.

Baxışlarım tapdanar

Yollarda izim kimi…

 

Göz yaşlarım yorula,

Kirpiyimdən ayrıla.

Bu yollar da sıyrıla,

Qanaya dizim kimi...

 

Arzuların öldümü

Ağzımda sözüm kimi?!

Sevmədi kimsə məni

Anam, ya qızım kimi...

 

 

***

 

Elə bilmə sənsiz ömür asandı,

Nə "qızıl teşt, nə də qızıl taxt" ola.

Ruhum səni arzulayır haçandı,

Sənlə birgə darıxmağa vaxt ola,

Mən darıxam, sən yüz yerə yozasan...

 

İlk nəfəsdən son nəfəsə aparar,

Ömür yolu başdan sona kədərdi.

Bir gün gələr, ruhun fəryad qoparar

Baxarsan ki, gördüklərin hədərdi,

Mən öləndə batacaqsan yasa sən...

 

Bir kəpənək qanadından asılıb

Yol gedəsən ürəyinin dincinə.

Yanağının çuxuruna qısılıb

Gülüş qona dodağının küncünə,

Bir baxışın ilğımında azasan...

 

Ömür nədir? "Keçmiş"lərlə "gələcək",

"Ölüm-qalım" oyununda zərin yox.

Duyğuların tüğyan edər beləcə,

Görsən əgər sığınmağa yerin yox,

Öz əlinlə məzarını qazasan...

 

 

HƏSRƏT BÜRÜYÜB DÜNYANI…

 

Sən baxma ki günbatanı günçıxandan sərin olur,

Sən baxma ki enişləri yoxuşlardan dərin olur,

Sən baxma ki vüsalları həsrətindən şirin olur,

Həsrət bürüyüb dünyanı...

 

Sən baxma ki eşq yükünü çəkənlərin gözü nəmdir,

Sən baxma ki sevənlərin bu dünyada bəxti kəmdir.

Sən baxma ki doğru yolun sağı dərddir, solu qəmdir,

Tanı, doğru yolu tanı...

 

Sən baxma ki taleyini vuranlar var, yıxanlar var,

Sən baxma ki bu sınaqdan üzüqara çıxanlar var.

Sən baxma ki tənhalıqdan öz əlini sıxanlar var,

Göstər görüm, əlin hanı?!

 

Sən baxma ki şair ömrü başdan-sona hədər olur,

Sən baxma ki bu həyatın son akkordu kədər olur.

Sən baxma ki bir gün gələn həmin yolla gedər olur,

Gözlərində gəzdir qanı,

Ciddiyə alma dünyanı...

 

 

MƏSAFƏLƏR...

 

Məsafə uzandıqca

Bilirsən ki, darıxır.

Adını sayıqlayıb

Öz səsinə karıxır...

 

Bəlkə də, məsafələr

Olanı unutdurub.

Boğazda qəhər olan

Qəmi, kədəri udub.

 

Məsafələr soyudar,

Buza dönər adamlar.

Həsrəti dərk edəndə

Dizə döyər adamlar.

 

Məsafələr yandırar

Adamı öz içində.

Ahı duman, sis salar

Buludların köçündə.

 

Məsafələr əridər

Ürəkdə hərarəti.

Uzaq ol məsafədən,

Yaxın buraxma qəti !!!

 


ÖLƏN ADAMIN ŞEİRİ

 

Heca-heca, misra-misra,

Şeirlərdən sökülürsən.

Bulud olub xəyalımda,

Gözlərimdən tökülürsən.

 

Hücum cəkir qəza, qədər,

Qatıram başın birtəhər...

Sonuncu nəfəsə qədər

Ciyərimə çəkilirsən.

 

Səpilib yollara yolçun!

Çoxdan sökülüb bu xurcun.

İtirib kələfin ucun,

Yumaq kimi bükülürsən.

 

Gəmiləri batırıram,

Ömrə pənah aparıram,

Yaddaşımdan qoparıram,

Ürəyimə əkilirsən.

 

Can verirəm görə-görə,

Zərrə-zərrə sökülürsən.

Ürəyimdə ölə-ölə,

Gözlərimdən tökülürsən.

 

 

ÖMÜR ESKİZİ

 

Birimiz yasdayıq, birimiz toyda,

Birimiz həşirdə, birimiz hayda.

Biz nəyə inandıq bu götür- qoyda,

Dərdlə loxmaladıq bu yavan ömrü.

 

Şirin sözləri də yeyə bilmədik,

Qürurun başını əyə bilmədik,

Nəyi qazanmışıq, deyə bilmədik,

Zamana uduzduq bu cavan ömrü.

 

Quru addımladıq yaşımız üstdən,

Ölüm gözə endi qaşımız üstdən.

Əl atıb qopartdıq başımız üstdən

Sərdik döşəməyə bu tavan ömrü...

 

 

***

 

Min tişədən keçir ömür,

Heykəl gəlib büt gedirik.

Acımamış xəmir kimi

Ha yapılsaq, küt gedirik.

 

Yerim fani, göyüm fani,

Nə görürsən, deyim fani.

Əyinlərdə geyim fani,

Lüt doğulub lüt gedirik.

 

Aç qapını, gələn mənəm,

Göz yaşıyla "gülən" mənəm.

Nə olsun ki, ölən mənəm,

Bax içimə, cüt gedirik...

 

 

PAYIZ ETÜDLƏRİ...

 

Taqqıldayan saat

zamanın işarəsidi.

Qarşıdakı göstərici –

ömrün dayanacağı...

Şüşəsilənin əlləri

alın yazısını silir yağışın,

göz yaşıma əlləri çatmır.

Radiodakı mahnı darıxmağımın səsidi.

 

Ömür yozulmayan yuxu,

Dəyişən fəsildi elə,

Həyatla ölüm yarışarsa,

Bəlkə, ömrün taqəti kəsildi elə.

Bu gecənin qaranlığında mənim kimi azanı var,

Ömrümüz də dəyişkəndi, baharı var, xəzanı var,

Min bir yerə yozanı var...

 

Çəkil!

Çəkil gözümün önündən,

Qarşımı görmürəm...

Boğazımdakı qəhəri aç!

Nəfəs ala bilmirəm.

Çəkil gözümün önündən,

Ölümümə yol alacaqsan,

Çəkil!

Yoxsa qəzam olacaqsan!..

 

 

QARANLIĞIN NAĞILI

 

Yenə qaranlıq qaçdı –

Kiminin ürəyinə, kiminin küçəsinə.

Ulduzlar qucaq açdı –

Kiminin gülüşünə, kiminin gecəsinə.

 

Mən bu zülmətdən keçib səni sevməyə gəldim,

Deyirəm ki, biləsən.

Gözlərinin qarası gecələrdən gözəldi,

Qalarsanmı belə sən?!

 

Sən dünyamın məvhəri, üzümdəki gülüşsən,

Ulduzusan gecəmin.

Yarımçıq şeirimdə sonuncu düzəlişsən,

Dilimdəki hecamın.

 

Mən – gözündən qor alan gülüşünün xəstəsi,

Ala-yarımçıq adam...

Sən – sevgi şeirimin əsrarəngiz bəstəsi,

Hər sözə açıq adam...

 

Saçının hər telinə qurban olan bəndəyəm,

Zülfünü yana dara.

Mən özümdən gedəli bilirəm ki, səndəyəm,

Sən hara, mən də ora...

 

Mən səndən gedə-gedə sənə doğru gəlirəm,

Deyirəm ki, biləsən.

Bu təzadlar içində xəfifcə dincəlirəm,

Ağlayıram, güləsən...

 

 

REKVİYEM...

 

Bəzən elə yanarsan,

Gecələr səssizliyin qoynunda uzanarsan.

Bir "sabahın xeyir"ə möhtac olar ürəyin,

Gəlməz gözlədiyin də...

İçindəki şaxtadan yerindəcə donarsan.

Özünü bu dünyanın ən bədbəxti sanarsan.

 

Bir daha görmək üçün min bir yalan uydurub, özün də inanarsan..

Həqiqəti danarsan.

Gülüb acizliyinə,

Özündən utanarsan...

Gəlməz səsi sədası, gün dönüb gecə olar,

Yolunu gözlədiyin,

Anını izlədiyin,

Bilməzsən necə olar?!

Gecəsi uzun olar gəlməyən sabahların,

Yarımçıq yuxularda ona tərəf qaçarsan...

Beləcə sabahları bu kabusla açarsan,

Özün-öz qucağında yorular, usanarsan...

 

Hər yazılan mesajda, hər döyülən qapıda

Elə bilərsən odur.

Ürəyinin doğması, ürəyinin yadı da

elə bilərsən odur.

Damağının dadı da elə bilərsən odur.

Bu qədər yox içində

hər şeyi itirərsən, heç nəyi qazanarsan.

Gəlməyəni gözləmək ağır olar, İlahi.

Nəfəs qədər özləmək ağır olar, İlahi.

Adını sayıqlayıb, yastığı qucaqlamaq,

Hönkür-hönkür ağlamaq,

Bütün arzularını açılmadan bağlamaq

Ağır olar, İlahi.

 

Elə sınıxmışam ki, güzgülərə də yadam,

Külü göyə sovrulan ocağı sönmüş odam.

Fəryadım qulağımı batırır eee, ay adam...

"Harda qaldın, ay qadam?!"

Qayıt qurban olduğum,

Həsrətin dağa dönüb

Qəlbdə şişmədən, qayıt!

Təqvimin son səhifəsi

Qopub düşmədən qayıt!

 

 

"SEVGİNİN ASTARI"

 

Bu dünya gözlərimdə oval deyil, düz xətdir,

Sən o xətlə paralel uzanırsan, Suzanna.

Bu həsrətə, bu dərdə dözmək də müsibətdir,

Gör nə qədər "günahlar qazanırsan", Suzanna.

 

Məndən uzaqda qalmaq günah deyil, bəs nədir,

Sən bu boyda yoxluğun harasında durmusan?

Bu necə vüsaldır ki, sol yanımı göynədir,

Bəlkə də, sən hicranın sırasında durmusan ?!

 

O dodaqlar, o gözlər, saçlarının qoxusu,

Hələ mələk baxışlar – cənnəti xatırladır.

Yüz ildir ki, çəkilib gözlərimin yuxusu,

Kirpiklərin enəndə zülməti xatırladır.

 

Saçlarından sürüşüb sol çiyninə qonardı,

Bir kəpənək misalı öpüşlərim, Suzanna.

Gecənin lal sükutu sübhədək uzanardı,

Dəyişməzdi heç zaman vərdişlərim, Suzanna.

 

Ya gəl günün birində, al yükü kürəyimdən,

Ya elə get ki, daha görməsin gözüm səni.

Bir ağrı rəsmi çəkib asmışam ürəyimdən,

Səni mən yaratmadım, öldürüm özüm səni...

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.