Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsi
Ata bu gecə də yata bilmədi. Artıq neçə müddətdir ki, gözünə yuxu getmirdi. Bir yandan oğul həsrəti, bir yandan qəlbindəki nisgil və bitib-tükənməyən dərd, kədər gecə olanda onu boğurdu.
Üzünü tavana tutub pıçıldamağa başladı:
-İlahi, bu nə zülmdür? Hanı mənim balam? İki ildir ki, onun yolunu gözləyirəm. Nə olar, heç olmasa, balamın nəşi tapılsın. And olsun ki, onun toyu üçün saxladığım dananı qurban kəsəcəm. Ay oğul, hardasan? Heç olmasa yuxuma gəl, səsimə səs ver, sənin izini harada axtarım?
Otağın dərin, lal sükutu sanki onu qulaqlarını kar eləmişdi. Həyat əlaməti olmayan bu səssizliyin içində ürəyinin çırpıntılarını belə eşidilirdi.
Nəhayət, qərarını verdi: bu gecə neçə vaxtdır ki, beynində dolaşan o planı həyata keçirəcəkdi. Ağır-ağır yataqdan qalxdı, gözləri həyat yoldaşında ilişib qaldı, dərindən ah çəkdi və sakitcə dəhlizə çıxdı. Oğlunun otağına yaxınlaşdı, qapını asta açdı. İçəri daxil olan kimi oğlunun şəkilləri gözlərinə sataşdı, sanki ilk dəfə idi görürdü bu şəkilləri. Şəkillər divarlardan ona sevgi və iftixarla gülümsəyirdilər. Ata o şəkillərin qarşısında dayandı, hər birini sığallayaraq, öpə-öpə, həsrətlə için-için ağladı, göz yaşları sükutun içində səssizcə axdı. Bir müddət sonra dəhlizə qayıtdı, aralı qalmış qapıdan yenə həyat yoldaşına baxdı. Qəlbini bürüyən ağır yükü bir cümləyə sığdırdı: “Bağışla məni, Güləş, artıq dözə bilmirəm, suallarına cavab tapa bilmirəm…”
Evin qapısını asta açdı. Təəccübləndi, hər dəfə səs-küy salan, cırıldayan qapı bu dəfə sanki yağlanmışdı – qətiyyən səs çıxmadı.
Soyuq noyabr axşamı idi, payız olsa da, havadan qışın nəfəsi duyulurdu. 2 il əvvəl, məhz bu gecə oğlunun son döyüşü olmuşdu. O gündən bu yana oğlundan bir xəbər yox idi…
Səmadakı aypara soyuq və kədərli baxışlarla atanı tövləyə kimi ötürdü. Tövləyə girdi. İnəklər qapının səsinə qulaqlarını şəkləyib ona baxdılar. Yetim buzov onu görən kimi mələməyə başladı. Ata tövlənin məhəccərinə bağladığı çatılardan birini götürüb həyəcanla özünü asmaq üçün hazırladı. Əl-ayağı əsirdi, çox həyəcanlı idi, sanki öz tövləsinə oğurluğa girmişdi.
Gördü ki, ayaqları əsir, qapının ağzına qoyduğu ot bağlamasının üstündə əyləşdi, kürəyini divara söykəyib dərindən nəfəs aldı, amma ciyərində sanki hava qalmamışdı, ağzından od çıxırdı.
Bir müddət belə qaldı. Handan-hana özünə gəldi. Kəndiri bir ucunu halqa düzəldərək, düyünlədi, digər tərəfini halqadan keçirib başına keçirmək üçün hazırlayıb çıxış edirmiş kimi son sözlərini dedi:
-Bu əzablardan qurtulmaq, sənə qovuşmaq üçün başqa yol qalmadı, ay oğul…
Üzünü əlləri arasına alıb hönkürtü ilə ağladı. Bu zaman qəfildən tövlənin qapısı açıldı. Ata hövlnak əlindəki kəndiri axasında gizlədib qapıya baxdı, gözləri bərələ qaldı. Qapını açan əsgər dedi:
- Ata, nə edirsən burda?
Ata tərpənmirdi, donub qalmışdı. Heç nəfəsi də gəlmirdi, gözünü də qırpmırdı. Əsgər atasının çiynindən tutub sirkələdi:
-Ata!Ata! Qadan alım, özünə gəl. Bax gəlmişəm
Atasının əlini özünün üz-gözünə sürtdü:
-Bax, yuxu görmürsən, bu mənəm, oğlun.
Ata bir anda özünə gəldi. Oğlunun boynuna sarılıb onu duz kimi yalamağa başladı. Hər ikisi bir-birindən ayrıla bilmirdi. Bir müddət bu cür qaldılar, bir-birinin üzünə baxıb bir daha bir-birinə sarıldılar. Sonra ata oğlunun əlindən tutdu, hər ikisi ot bağlmasının üstündə əyləşdilər.
-Bəs hardaydın, ay oğul? Niyə iki ildir ki, səndən bir xəbər yoxdur? Niyə bizə bir xəbər vermirdin? Axı biz bu iki ildə hər gün ölüb-dirilmişik. Mən cəhənnəm, anan yazıq deyil?
Ata bunları deyib oğlunu bərk sinəsinə sıxıb yenə öpdü, qoxusunu içinə çəkdi.
-Ata, imkan olmadı, xüsusi tapşırıq yerinə yetirirdik, ona görə heç kim bilməməli idi, iki ildir ki, qarlı bir yerdə idim, heç çölə də çıxmırdım, tapışırıq belə idi.
-Ay oğul, axı dedilər ki, sən yaralanmısan, qanın axa-axa düşmənə hücum etmisən, sonra isə səndən bir xəbər çıxmadı. Ermənilər təslim oldu, müharibə qurtardı, şəhid olanlar dəfn edildi. Yaralılar xəstəxanaya yerləşdirildi. Amma səni gördüm deyən olmadı. Gəzmədiyimiz xəstəxana, hərbi hissə, morq qalmadı. Səni axtarmaqdan taqətdən düşdük, məhv olduq. Şəhid məzarlarına gedən ana və atalara həsədlə baxırıq, ay oğul…Nəsə çox şükür gəldin. Qoy anana xəbər verim, amma qorxuram, sevincdən ürəyi dayana.
- Səbr elə, ata. Gecədir, yatıb, narahat eləmə. Səbirli ol, hər şey yaxşı olacaq. Mənim iki günlük işim qalıb, həmişəlik gələcəm. Ona kimi anama heç nə demə.
-Nə? Yenə hara gedirsən? Yox qoymaram gedəsən, məni öldür, sonra get…
-Ata, əlindəki o kəndir nədir? Gecə vaxtı bura niyə gəlmisən?
Ata əlindəki kəndirə baxıb ilan görmüş adam kimi diksindi.
-Heç nə, buzovu bağlayacaqdım, boş şeydir.
Oğlu qətiyyətlə söylədi:
-Ata, özünə nəsə etsən, bir də görüşə bilməyəcəyik ha, bunu unutma!
Və atasının gözlərinin içinə sevgi və şəfqətlə baxdı.
Ata bu baxışları hardasa, görmüşdü. Axı hərbçi olan övladı ilə neçə dəfə bu cür göz-gözə gəlməyə vaxtları olmuşdu ki? Çox qarışıq hisslər keçirirdi. Xatırlamaq istəyirdi bu baxışları harda gördüyünü…Birdən otaqdakı şəkilləri xatırladı, bəli, bayaq evdən çıxanda divardakı şəkillər ona eynən bu cür baxmışdı.
Oğlunun səsi yenə onu ayıltdı:
- Ata, anam səni çağırır, get evə, mənim barəmdə danışma, iki günə özüm birdəfəlik gələcəyəm, oldu? Narahat olma. Özünüzdən muğayət olun!
Bunu deyib oğul əvvəlcə atasının əllərindən, sonra başını əllərinə alıb alınından öpdü…
Yoldaşının səsi yavaş-yavaş yaxınlaşdırdı, o, tövləyə sarı gəlirdi.
-Kamil, ay Kamil, hardasan?
Gülşən tövlənin qapısını açıb Kamili ot bağlamasının üstündə divara söykənib bayılmış, əlində kəndir görəndə çox qorxdu, onu tutub silkələdi:
-Ay Kamil, qadan alım yox, yox…!!!
Ata yuxudan dəli kimi ayıldı.
-Nə olub, ay Güləş, niyə belə edirsən, sakitləş, de görüm nə olub?
Ata yoldaşını sakitləşdirmək istəsə də, özü ondan da betər təlaş içində idi. Axı oğlu gəlmişdi, burda idi. Göz qırpımında hara getdi?
Gah qapıya, gah da tövlənin o baş-bu başına baxdı. Bir azdan yuxu gördüyünü anlayıb özünə gəldi, yoldaşını sakitləşdirdi:
-Narahat olma, yaxşıyam, niyə belə təlaş keçirdin, ay Güləş?
-Niyə olacaq, gecə vaxtı yerində yoxsan, neçə gündür ki narahatsan, gəlib səni tövlədə əlində kəndir görürəm, nətər olum, ay evi tikilmiş? -dedi yoldaşı.
Bu zaman Ata əlndəki kəndirə baxdı, bir anlıq fikirə getdi. Hər şey aydın idi…
-Narahat olma, Güləş, mən heç vaxt intihar etmərəm. Allah öz kitabında necə deyir?
Yoldaşı onun əlindən tutub söylədi:
- Nisa surəsi, iyirmi doqquzuncu ayə. ”Özünüzü ölüdürməyin.” Özünü öldürmək haramdır.
Ata yoldaşının əllərindən bərk-bərk tutub: -Bəli, mən cənnətdə oğlumla görüşəcəm, özümü öldürsəm, görüşə bilmərik, -deyib onu sinəsinə sıxdı, iki ildə ilk dəfə idi ki bu cür ümid və inamla bir-birinə təsəlli verdilər.
-Gülşən, dur gedək evə, artıq saat altıya qalıbdır, sən nə yaxşı oyandın?
-Kamil, sənin telefonuna zəng gəlirdi, səni görüb unutdum deməyi. Gör kimdir?
Ata zəng gələn nömrəni yığa-yığa: -Xeyir ola, gecə vaxtı, bilmədin kimdir? -deyə soruşdu.
-Yox, açmadım, tanmadığım nömrə idi.
Bu vaxt zəng edilən adam telefona cavab verdi:
-Alo, Kamil qardaş, sizsiniz?
-Bəli, kimdir?
-Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məsləhətçi Kamranovdur.
-Bəli, buyurun.
-Bilmirəm, necə deyim. Oğlunuz şəhid olub, Kəlbəcər istiqamətində qar altından tapılıb…
Telefonda olan şəxs başqa sözlər də dedi, amma ata artıq heç nə eşitmirdi. Telefonu keçirib, əlinin əsməsini yoldaşından gizlətdi. Oğlunun bayaq yuxusunda dediyi ”İki günə birdəfəlik evə gələcəm, intihar etsən, bir də görüşə bilməyəcəyik” sözləri qulağında səsləndi. Qəhər onu boğdu. Gözlərindən yaş gəldi.
-Güləş, oğlumuzun nəşi tapılıbdır, oğlumuz gəlir, -deyə yavaşca söylədi.
Bir-birnini qucaqlayıb dizi üstə çökdülər.
Səmadakı ay isə göz yaşlarını gizlətmək üçün dağların arxasına keçirdi…
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)