“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ədalət SALMANın şeirləri təqdim edilir.
Bayrağım
Çox məşəqqətlər çəkdi
Elimiz Qarabağda.
Ucaltmağa çatmadı
Əlimiz Qarabağda.
Səni öyə bilmədi
Dilimiz Qarabağda.
Gör neçə il yaşadıq
Bu həsrətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
İgidlərin zərbindən
Tülkü tək qaçdı yağı.
Zirvələrə sancıldı
Qalibiyyət bayrağı.
Dosta Zəfər müjdəsi,
Düşmənə sən göz dağı.
Bədxahlarım boylansın
Qoy həsədlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Varlığınla tanıtdın
Dünyaya bu Vətəni,
Öpüb gözümüz üstə
Qoymuşuq hər vaxt səni.
Neçə şəhidin oldun
Sən müqəddəs kəfəni.
Anırıq ehtiramla,
Fəxarətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Sən sülhün keşikçisi,
Səadət nişanəsi,
Haqq-ədalət carçısı,
Həqiqət nişanəsi.
Bu torpağın, bu xalqın
Sən qeyrət nişanəsi,
Durdun düşmən önündə
Mətanətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Vətənimin adıyla
Adın çəkilir qoşa.
Hər dəfə yüksələndə
Qəlbimiz gəlir cuşa.
Günəştək ucal göyə,
Ucalarda hey yaşa!
Seyr etsin Türk dünyası
Məhəbbətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Şəhidlər xiyabanı
Ayaq saxla, asta keç
Şəhidlərin yanından.
Onlar Vətən yolunda
Keçiblər öz canından.
Bayrağım da rəng alıb
Şəhidlərin qanından.
Burda uyuyur neçə
Müharibə qurbanı.
Ziyarət et buranı,
Ziyarətgahın olsun
Şəhidlər xiyabanı.
Hər şəhidə qoyulan
Bir heykəldi başdaşı.
Burda daşları yuyur
Anaların göz yaşı.
Şəhidlərin müqəddəs
Ruhu burda dolaşır.
Ehtiramla yad elə,
Əziz tut bu məkanı.
Xalqımın qan yaddaşı,
Bir ölməzlik dastanı, -
Şəhidlər xiyabanı.
İgid oğullarıyla
Vətən hər vaxt öyünür.
Şəhidlərin ürəyi
O məşəldə döyünür.
Qürur hissi keçirir,
Qəlbimiz dağa dönür.
Bu yurdun yaxasında
Bir fəxarət nişanı.
Müqəddəs and yerimiz,
Əbədiyyət ünvanı, -
Şəhidlər xiyabanı,
Şəhidlər xiyabanı!
Şəhid anası gəlir
Bu yurdun igidləri
Sipər etdi özünü,
Vətənə qurban getdi
Heç qırpmadan gözünü.
Öz qanıyla tarixə
Yazdı Zəfər sözünü.
Qarabağda Bayrağım
Əzəmətlə yüksəlir.
Ehtiramla baş əyin,
"Vətən sağ olsun!"- deyən
Şəhid anası gəlir,
Şəhid atası gəlir!
Qarabağım məkrlə
Əlimdən alınmışdı.
Neçə yüz min soydaşım
Doğma yurd-yuvasından
Didərgin salınmışdı.
Malı, mülkü, sərvəti
Talanıb çalınmışdı.
Farsa, rusa güvənib
Ağnayırdı yurdumda
Erməni ulaqları.
Otuz ildi kar idi
Dünyanın qulaqları.
Eşitmirdi səsimi
Haqq-ədalət adından
Danışan o ölkələr.
Otuz ildi yurdumun
Başı üstə gəzirdi
Qara-qara kölgələr.
Daha bizi üzmüşdü
Boş vədələr, "bəlkə"lər.
Fəqət, Haqqın Günəşi
Dağıdaraq buludu
Doğdu Qarabağımda!
Cəngavər igidlərim
Erməni faşistləri
Qovdu itiqovantək,
Boğdu Qarabağımda!
Əsarətdən qurtuldu
Neçə kəndim, şəhərim.
Yenə güldü üzümə
Qarabağda səhərim.
Qəhrəman şəhidlərim
Əyilməyə qoymadı
Millətimin qürurun.
Yaradan da onlara
Pay vermişdi öz nurun.
Qarşısında diz çökün,
Dağlar, salama durun!
Şəhidləri xalqımın
Hamı baş tacı bilir.
Şəhidlər qanı hopmuş
Al Bayrağa bürünüb
Şəhid anası gəlir,
Şəhid atası gəlir!
Mübariz
Milli Qəhrəmanımız
Mübariz İbrahimova
O mənfur düşmənin başının üstə,
O gecə şimşək tək çaxdı Mübariz!
O gün daş qoymadı daşının üstə,
Düşməni odlara yaxdı Mübariz!
"Biz şəhid olsaq da, sağ olsun Vətən!" -
Deyib irəliyə şığıdı birdən.
Düşmənin üstünə gör neçə yerdən,
Güllətək, mərmitək yağdı Mübariz!
Göz aça bilmədi o gecə yağı,
Gördü qisasımı intiqam çağı.
Şəhidlər qanına batan bayrağı
Əsir torpaqlara taxdı Mübariz!
Türk oğlu dünyanı saldı heyrətə,
Vicdanı yatmışlar gəldi qeyrətə.
Vətən səmasından əbədiyyətə
Parlaq ulduz kimi axdı Mübariz!
Yaralı torpağı anası sandı,
Səməndər quşutək Vətənçün yandı.
Düşmən qarşısında mətin dayandı,
Yenə səngərdədi, sağdı Mübariz!
Qəlbimizdə yaşayırsınız
Qarabağ döyüşlərində itkin düşmüş Mübariz İsayevə və bütün şəhidlərimizə
Can fəda etdiniz bu yurd uğrunda,
Siz şəhid adını daşıyırsınız.
İtkin düşsəniz də Vətən yolunda,
Elin yaddaşında yaşayırsınız!
Düşmən endirəndə bayrağımızı
Silaha sarılıb öndə getdiniz.
Aldıq səngərlərdən sorağınızı,
Əsir torpaqları azad etdiniz.
Qalmadı düşmənin daşı daş üstdə,
Yenə dalğalandı məğrur bayrağım.
Özünüz geriyə dönməsəniz də,
Geriyə qayıtdı öz Qarabağım.
Vətən öz qoynunda dəfn edib sizi,
Hamı yad eləyir xeyir-şərində.
Mələklər qaldırıb cənazənizi
Tanrı dərgahına çiyinlərində.
Can fəda etdiniz bu yurd uğrunda,
Siz şəhid adını daşıyırsınız.
İtkin düşsəniz də Vətən yolunda,
Bizim qəlbimizdə yaşayırsınız!
Şəhidim
Nur üzlü şəhidimiz Mirəli Mirfəttah
oğlu Təhməzovun əziz xatirəsinə
Tanrının ən sevimli bəndəsi, nurdu şəhidim,
Bizə başucalığı, daim qürurdu şəhidim.
Vətənin çağrışına əldə silah getdi həmən,
Düşmənin qarşısında dağ kimi durdu şəhidim.
Qəhrəman oğullartək öz dəmir yumruğunu
Yurdumu zəbt edənin başına vurdu şəhidim.
Şəhidlik zirvəsinə ucalsa da haqq yolunda,
Bizim üçün həmişə sağdı, məğrurdu şəhidim.
Ey Ədalət, şəhidə nə qədər yazsan da, azdı,
Qəlbimizdə əbədi abidə qurdu şəhidim.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)