“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr vaxtıdır, sizlərə Nurlana Məmmədovanın “Qazinin qızı” hekayəsi təqdim edilir.
Həmin il çox uşaq atasının yolunu gözləmişdi. Atası qayıtmayan uşaqların isə gözləri yol çəkirdi...
– Qızım, otağını səliqəyə sal, sonra hazırlaş, bu gün atanın xəstəxanadan çıxan günüdür. Onu qarşılamağa birlikdə gedirik.
Aydan karandaşlarını qutuya yığaraq başını qaldırmadan dedi:
– Ana, atam necə gələcək bəs? Axı onun ayaqları yoxdur...
Ananın ilk cümləsi sərt olsa da, sonra səsi biixtiyar zəiflədi:
– Necə yəni yoxdur?! Həkimlər ona süni ayaqlar qoyublar, atan həmişəki kimi gəzə biləcək, qızım.
Qadın otaqdan çıxdı, bir neçə saniyə qapının arxasında dayandı, göz yaşlarını silib oğluna səsləndi.
– Turan, hazırsan?
– Çoxdan, ana.
Qaş qaralanda ailə evə yığışmışdı, onların gözlərindəki qürur evə qəribə ab-hava gətirmişdi. Ən çox da Turan sevincindən yerə-göyə sığmırdı. O, həyətə düşüb dostlarına atasından danışmaq üçün həyəcanlanırdı. Ailənin kiçiyi – Aydanın ağzını bıçaq açmırdı. Gizlin- gizlin atasının hərəkətlərinə göz qoyurdu. Yeməkdən sonra qızcığaz atasının kənara qoyulmuş protezlərini qucağına aldı, atasının ona baxdığını görüb dedi:
– Ata, bunu necə geyinirlər?
– Gətir, göstərim.
Balaca qız protezləri incə çiyinlərindən aşırıb atasının oturduğu divanın yanına gəldi.
Qazi yeni ayaqlarını bir daha nəzərdən keçirib geyinməyə başladı.
– Bax belə...
Aydan maraqla prosesi izlədi, sonra atasının ayaq barmağını basıb dedi:
– Ata, indi sənin hansı barmağını basdım?
– Baş barmağı.
– Bəs indi?
– Ortadakı.
– Ata, axı sən necə bilirsən? Bu ki sənin öz ayağın deyil.
Qazi sadəcə gülümsədi, amma bu gülüşdəki közərən yaraları balaca qızı hiss etmədi.
Günorta həyət uşaqlarla qaynayırdı. Qonşuların əkdiyi çinar ağacları təzə gəlinlər kimi başlarını aşağı sallamışdılar. Onların çətirinin altında üç qızcığazın şən-şux səsi ətrafı canlandırırdı. Sərçələr civiltisini kəsərək budaqlardan asfalta enib onları çoxdan tanıyırmış kimi yan-yörələrində arxayın-arxayın hoppanırdılar. Qızlar torbalarından çoxlu oyuncaq qab-qaşıq çıxarıb ortalığa tökmüşdülər. Hərəsinin də bir gəlinciyi vardı. Oğlanlar isə səs-küylə futbol oynayırdılar. Turan yorulub oyundan çıxmışdı, tərli saçlarını əliylə sığallayaraq gəlib skamyanın arxasından qızlara baxa-baxa nəsə düşünürdü.
Bu zaman qızlardan biri başını qaldırıb, tellərini yana atıb acıqlı-acıqlı dedi:
– Bizə baxma, get futbolunu oyna.
– Evcik-evcik oynayırsız? – Turan soruşdu.
– Yox, piknikə gəlmişik. Ey, sənə nə var?
– Baxıram da, maraqlı gəlir.
Hirslənmiş qız nə qədər israr etsə də, hətta qulpu qırıq çaydandakı suyu oğlanın ayağı tərəfə töksə də, o, yerindən tərpənmədi. Bu zaman Turan küncə atılmış, ayağı olmayan, üz-gözü göy qələmlə yazılmış Lolo adlı çəhrayı saçlı kuklanı gördü.
– Bəs onu niyə oyuna qatmırsız?
Qızlardan balacası candərdi, bir az da acıqla cavab verdi:
– Çünki ayağı sınıb, özü də çirklidir…
– Həm də çirkindir, – qızların sarışını əlavə etdi, – çirkini neynirəm, bax gül kimi uşağım var, – əlindəki təzə gəlinciyi əzizlədi.
Turan köks ötürdü:
– Yazıq kukla…
Qızların bəstəboyu sakitcə dedi:
– Bizim öz balalarımız var, bunu çox istəyirsənsə, götür, sənin olsun. Qız bu söhbətdən bir az da cılızlaşmış Lolonu oğlanın qoynuna qoydu.
Nədənsə Turana elə gəldi ki, bu bəstəboy qızın adı Lalədir. Belə yumrusifətli, balacaboy qızın adı mütləq Lalə olmalı idi. O, məhləyə təzə köçmüşdü. Turan ondan adını soruşmağa utanırdı. Oğlan qızların Lolo adlandırdığı gəlinciyi xəyalında Lalə adlandırdığı qızdan sakitcə alıb oradan uzaqlaşdı.
Turan axşam yeməyində atasına Lolonu göstərib soruşdu:
– Ay ata, bunun ayağına da sənin protezindən düzəltmək olar?
– Ay Allah, nə gözəldir, – bacısı gəlinciyi alıb dağınıq saçlarını oxşadı.
– Yeməyi soyutmayın, – ana sözü dəyişdirib gizlincə oğluna göz ağartdı. Qadın ayağı olmayan gəlinciyin Qarabağ qazisi olan ərini kədərləndirəcəyini düşündü.
Ata masadan qalxdı, yeməyini bitirməmişdi. Pəncərəni açıb çölə boylandı. Kim bilir, bu yaralı gəlincik müharibənin hansı dəhşətli anını onun yadına saldı. Qazi çevrilib masa arxasından ona izləyən ailəsinə dedi:
– Onu əsl gəlinciyə çevirmək olar! Hər kəsin üzündə ümidin əsl sevinci parladı.
– Mən ona tül parçadan təzə don tikərəm, – ana nəvazışlə balalarına baxdı.
– Çox sağ ol, anacan, onu bacıma bağışlayacam, – Turan sevindi.
Ancaq qazinin qızı onları dinləmirdi, o, Lolonu qucağına alıb nəsə mızıldana-mızıldana sakitcə yırğalanırdı.
Qardaşı:
– Hə, bacı, bəyəndin ideyamızı?
Bayaqdan səssiz qalan qızcığaz böyük adamlara xas amiranəliklə dedi:
– Heç nə lazım deyil, mən onu belə də çox sevəcəyəm…
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)