Könül, “Ədəbiyyat və incəsənət”
Elə şeirlər var, həqiqətən dillər əzbəridir. Sizə təqdim etdiyim bu şeir kimi. Şaiq Vəli şair kimi bəlkə də çox məşhurlaşa bilmədi, az yazdı, amma gözəl yazdı. Onun poeziyası sərrast poeziyaydı, quşu sanki gözündən vururdu Şaiq Vəli.
Haqqında da çox az bilgi var. 1950-ci ildə
Qazaxın Əskipara kəndində doğulub, 2013-cü ildə Sumqayıtda vəfat edib. 7 övladı olub, oğulları bir-birinin ardınca faciəvi şəkildə vəfat edib, ailəsi dağılıb.
İlk şeirlər kitabını görmədən dünyadan köçüb.
Vəssalam!
Hə, bir də, ona çoxları dərviş deyərdilər…
Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Aşiqlər sənə tapınar…
Keç, keç, meyxanəçi!
Olubmu öldüyün sənin?
Dərddən güldüyün sənin?…
Elə hey xaç bildiyin sənin
Hac, Hac, meyxanəçi!
Aranı dağa daşımısanmı?
Solunu sağa daşımısanmı?
Özünü uzağa daşımısanmı? –
Köç, köç, meyxanəçi!
Baxma naşı-naşı mənə,
Mey gətir – söz daşı mənə.
Könlün varsa qoşul mənə,
Uç, uç, meyxanəçi!
Cahil əllərində aşiq başları –
Minarə kərpici, qüllə daşları…
İçib ayılır eşq sərxoşları…
İç, iç, meyxanəçi!
Mən bu çağın nəyiylə yaraşım?
Mən bu torpağın nəyiylə qarışım?!
Mən bu dünyanın nəyiylə barışım? –
Puç, puç, meyxanəçi!
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)