“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Nemət Mətinin nəsr nümunələri təqdim ediləcək.
YÜK
İnsan ömrü boyu yük daşıyır. Kimi ailə yükünü, kimi vicdan yükünü, kimi də çiyinlərinə aldığı hansısa bir yükü... N də iri anbarlardan birində yükdaşıyan işləyirdi. Artıq bir il idi ki, bu ağır işi görürdü. Baxmayaraq ki, iki diplomu vardı, amma bir çox gənclər kimi universitet illərində avaraçılıqla başını qatmışdı. Gənclik şirin şeydir. Adamı nə günlərə salır. Çılğın gənclik havası adamı evdə oturmağa qoymur. N də belə gənclərdən idi. Gəncliyini yelə vermişdi. O, “dolu” yaşamağı sevirdi. Qrup yoldaşları dərs oxuyanda N qız sevirdi. Dəli-divanə olub çöllərə düşmüşdü...
Yük daşımağı sevmirdi N. Kim sevər axı? Amma ümidi vardı ki, nə vaxtsa vəzifəsi qaldırılar, ali təhsilli olmağına önəm verilər. Bu minvalla düz bir il işlədi. Danışığını, hərəkətini bilməyən adamların içində itib-batdığını görmürdü. Lakin içlərində dosent, hərbçi, usta, idmançı da vardı. Tale hamını ovcuna yığıb həmin anbara atmışdı...
Qocalı-cavanlı hər bir yükdaşıyanın üzündən zəhrimar yağırdı. Kir-pasın, çirkin içində cırıq-cırıq olmuş əlcəklərlə irili-xırdalı yükləri sağdan sola, soldan da sağa daşıyırdılar. Kimi deyinir, kimi söyür, kimi də qarğış edirdi...
Bir gün gecə növbəsində o qədər gərgin iş gedirdi ki, bir işçinin ürəyi getmişdi. Bədbəxt hadisə də az olmurdu. Elə yeni ildə də işə düşmüşdülər. Gecə saat on ikini gözləyirdilər. Hər kəs evdən gətirdiyi yeməkləri stola düzməyə tələsdiyi vaxtda yük maşınları anbarın ağzına düzüldü. Dilxor olan işçilər maşınlara doğru addımladılar. N də digərləri kimi yükləri daşıdıqca telefonla bayram təbriki yazırdı. Saat on iki tamam olanda alınlarından axan tər damcılarını silə-silə, gözləri işıldaya-işıldaya uzaqda görünən atəşfəşanlığa tamaşa elədilər. N-in dostu K-nın başı mesaj yazmağa bərk qarışmışdı. Üstünə gələn yük maşınını görmədi. Maşını görəndə artıq gec idi. O, yerə yıxıldı və sağ ayağı təkərin altında qaldı. Bağırtısı aləmi başına götürdü, N qaça-qaça onun yanına gəlsə də, artıq iş işdən keçmişdi...
N bir il işləyəndən sonra əsgərlik dövründə oxuduğu kitabları xatırladı. Görünür, necəsə monoton həyatını dəyişmək istəyirdi. Ona elə gəldi ki, təkcə kitab oxuyanda özünü xoşbəxt hiss edib. Yenidən kitab oxumaq istədi və o gündən telefonuna kitablar yükləməyə başladı. İşdə vaxt tapan kimi oxuyurdu. Şekspirin “Romeo və Culyetta”sını, Kamyunun “Yad”ını, Kafkanın “Çevrilmə”sini oxuduqca ürəyinə fərəh hissi doldu. Özünü azad, güclü hiss etdi. Kitabların mistikası onu ələ aldı. Zaman ötdükcə daha çətin əsərlərə baş vurdu. Don Kixotun macəralarına həm güldü, həm ağladı. Robinzonla adada “yaşadı”. İvan İliçlə “öldü”. Sergi ata ilə “oyandı”. Dorian Qreyin portretini “çəkdi”. Martin İdenlə səyahətə yollandı. Qulliverlə “balacalaşdı”, “böyüdü”.
Artıq işlədiyi yerdə anbardar vəzifəsinə yüksəlmişdi. Fiziki işinin azalacığını düşünsə də, elə olmadı. Əksinə, yükdaşıyanlara kömək etməli idi. Həmişə nəsə, kimsə çatmırdı. Adam, texnika, vaxt... Üstəlik bütün gördüyü işləri kompüterdəki proqramlara yazmalı və rəhbərliyə göndərməli idi. İşi başından aşırdı. Son zamanlar işdə oxumağa vaxt tapmasa da, evdə, yolda oxuyurdu. Oxumayanda həyat N-ə mənasız gəlirdi. Sanki oxuyanda fikirlər beynində daha tez formalaşırdı. O qədər oxudu ki, bir gün məqalə yazdı. Yazıçıların həyatından maraqlı hadisələrə istinad etdi. Beynindəki yükü vərəqlərə boşaltdıqca ürəyindəki yükdən də azad olduğunu hiss etdi. Tibet buddistləri haqqında məqalə yazdı, işə Milarepa ilə başladı. Bir çox balladaların, şeirlərin müəllifi aydınlanmaq barədə tez-tez düşünərdi. O qərara gəlmişdi ki, bu barədə tanımadığı insanlardan soruşsun. Çoxundan soruşmuş, hər kəs fərqli şeylər demişdi. Bir gün o, dağ cığırında ağır yük daşıyan qəribə rast gəlmiş, eyni sualı ona da vermişdi. Qərib isə kürəyindəki yükü yerə atmış, dərindən nəfəs almışdı. Milarepa qışqırmışdı:
– Anladım! Bəs, aydınlanmadan sonra nə baş verir?
Qərib gülümsəmiş və yükünü götürüb yoluna davam etmişdi.
N növbəti bir il ərzində xeyli məqalə yazdı. Kitab çap etdirmək istəyirdi. Dostu K bunu öyrənəndə sevindi. N daha da həvəsləndi. Kitab çap etdirmək üçün B nəşriyyatının baş redaktoruna müraciət etdi. Həyəcanlı idi. Amma onu narahat edən bir şey vardı. İşdən bezmişdi. Özünü aqressiv aparırdı. İş yoldaşları onu heç vaxt belə görməmişdilər. N-in uzun illər ərzində ürəyinə yığılan qəzəbi vukan kimi partlayırdı. Artıq qəti qərara gəlmişdi. O gün səhər “İşləmək istəmirəm!” – deyə çığırmışdı...
İşə çatan kimi bunu rəisə bildirdi. Göygöz, bəstəboy rəis belə məsuliyyətli işçini itirmək istəmirdi. Üstəlik N-dən incimişdi. Onu otağına təkrar çağırıb dedi:
– Elə bilirsən, bu anbarda Tolstoyu yalnız sən oxumusan? Tolstoyun səni xilas edəcəyini düşünürsən?
N sadəcə gülümsədi. Gözləri par-par parıldayırdı.
– Mən rus dilində Tolstoyun külliyyatını oxumuşam...
Rəisin uzun-uzadı pafoslu çıxışını N artıq dinləmirdi. Axırda rəis ona belə bir təklif etdi:
– Bu anbarın harasında hansı vəzifəni istəyirsənsə, götür.
N-in cavabı qısa, amma ağır oldu:
– Mən sizinlə işləmək istəmirəm!
N çiynindəki ağır yüklərdən birini yerə qoysa da, qarşıda onu xeyli ağır yüklər gözləyirdi...
QISA HƏYAT TARİXÇƏSİ
Saleh yeddi aylıq doğulmuşdu. Yaşayacağına dair ümid olmasa da, anası onu gözünün işığı kimi qoruyub cana gətirmişdi. Yenə də cılız idi. Yaşıdlarından azı iki dəfə balaca olsa da onlarla ayaqlaşmağa çalışırdı. Qaçırdı, yıxılırdı, ağaca dırmaşırdı...
Zaman keçdikcə Saleh də böyüyürdü, inkişaf edirdi. Boksa getdi, aldığı zərbədən burnu qırıldı. Güləşdə üç gün keçməmiş qulaqları əzildi. Karatedə sol ayağı zədələndi. Sonunda əsgərliyə apardılar. Komandirin sevimli əsgəri idi. Əmrə müntəzir, sadiq əsgər oldu. Hara buyurulurdusa, canla-başla yüyürdü. Tərxis olunanda ürəkdən sevinmişdi. Onsuz hər işə saf ürəklə yanaşırdı. Mülki həyata gec öyrəşdi. Bir qız gördü, bir könüldən min könülə o qıza vuruldu. Ürəyi quş olub uçdu. Onu görəndə otuz iki dişinin otuz ikisi birdən görünürdü. Belə sevirdi Saleh o qızı, lap ürəkdən. İşlə məşğul olmurdu, bir işin qulpundan yapışmırdı, heç düşünməyə də macalı olmurdu. Qızın qardaşları onu döyəndən sonra da ağıllanmadı. Ağzı açıq qızın kölgəsində süründü.
Özünü qıza göstərmək üçün maşın almalıydı. Heç bu fikir də öz ağlına gəlməmişdi. Məhəllədəki başından qız əskik olmayan oğlanın elədiklərini yamsılayacaqdı. Əmisinin köməyi ilə zavodda işə düzəldi. Fikri-zikri ancaq pul yığıb maşın almaq idi. İşdə tər-su dabanından axsa da, xəyallara dalırdı. Xalidə onun qara maşınına baxıb sevinəcəkdi. Uzun saçlarını naz ilə yelləyib Salehə göz süzəcəkdi...
Vaxt-vədə yetişdi. On üç min manat pul yığan kimi özünə maşın aldı. Min manata da sürücülük vəsiqəsini qırx günün içində düz-qoş elədi. Artıq onun da maşını vardı, lap elə istədiyi kimi. Düzdü, maşını ona alverçilər sırımışdı, dörd min də xərci vardı maşının. Amma Saleh bütün bunları görməzdən gələrək qızın qaldığı məhəlləyə doğru şütüdü. Qızı görcək əli ayağına dolandı, əyləci səhv saldı. Sükanı əlindən çıxan maşın qabaqdakı maşına necə çırpıldısa, ələ gəlmədi. Alnı partlamışdı, amma yenə də gülümsəyirdi. Dünya-aləm onun üçün təkcə o qızdan ibarət idi. Yuxuda belə adını sayıqlayırdı, Xalidə... Xalidə... Xalidə...
Hələ uşaqlıqdan bizim kimi deyildi Saleh. Onu siqaret dalınca kim göndərsəydi, etiraz etməzdi. Sevinə-sevinə qaçardı. Otuz yaşı var, nə olsun, yenə də elədir. Saf ürəyi tozlu ağlına hakimdir. Keçən həftə futbol oynamağa getmişdik. Salehin bizi görcək elə bil gözlərinə işıq gəldi.
– Hara gedirsiz?
– Futbola. Gəlirsən?
– Bəs nə.
– Ay səni, canavar. Gəl!
– Nə götürüm?
Bu sualı eşidən məhəllə ağsaqqalı dedi:
– Saleh, bint, yod və dərmanları apar. Birdən kimsə yıxılar. Kömək edərsən.
Saleh gözdən itdi. Onu gözləmədən futbola yollandıq. Saleh oyun başlanandan on dəqiqə sonra təngnəfəs stadiona çatdı. Əlində bir sellofan dərman, bint və yod vardı. Bunu görəndə qarnımızı tuta-tuta gülməkdən uğunduq, qıpqırmızı qızardıq.
Salehin on yaşı olanda faciə yaşamışdı. Bacısı qış günlərinin birində soba kənarında yatıb qalır. Hörüyü alışıb yanan qızı xilas etmək olmur. O gündən Salehin ürəyi yaradır. Qızlara qarşı həssasdır.
Yeniyetmə olanda yaşıdlarının biriylə sözü çəp gəlmişdi. Qarşısındakı oğlan ondan olduqca zəif idi. Söhbət davaya çevriləndə Saleh onu döymədi. Sadəcə yaxasından tutub dayandı. Oğlan nə qədər əl-qol atsa da, ona dəymədi. Əksinə, oğlanın köynəyi cırıq-cırıq oldu. Davadan sonra ondan soruşdum:
– Saleh, nə üçün onu vurmadın?
– Özümdən zəifləri vurmuram, – dedi və gözləri sulandı...
Saleh harada adam görürsə, yaxınlaşır. “Əmi, salam. Bibi, necəsiz? Dayı, verin mən aparım. Qonşu, nə var, nə yox?”
Hər səhər arabayla zibil atmağa gedir. Həmişə düşünürdüm ki, hər gün bir ailə bu qədər zibili necə yığır? Sən demə, Saleh özü arabayla gedirmiş. Qonum-qonşuda nə zibil vardısa, atmalıydı.
Hər söhbətə girişərək mənasız fikirlərini deməsəydi, ürəyi partlayardı. Onu acılayanlara belə gülümsəyirdi. Ürəyini istəsən, çıxarıb verərdi. Heç kimi incitməyən, heç kimin toyuğuna kış deməyən Salehi dünən bıçaqladılar. Narkoman qonşusu ondan borca pul istəyəndə sözləri çəp gəlmişdi. Narkomanın da gözlərinə qan gəldisə, damarı qaşındısa, nəyə desən, əl atar. Dünyanın ən saf adamını da bıçaqlayar.
Həmin gündən saflıq məhəlləmizdən birdəfəlik itdi. Hətta Salehin aşiq olduğu qız da daha ürəkdən gülümsəmir...
YALAN
İdris qocalıb əldən düşmüşdü. Həyat yoldaşı Nazilə dəli olandan sonra onun başına ütü vurmuş, dəfələrlə onu söymüşdü. Bir dəfə məhəllədə yalan danışan yeniyetməni, nadinc oğlanı acıladı. Oğlan əsəbindən İdrisin əsasına bir təpik vurdu. Müzavinətini itirən İdrisin başı beton bardura dəydi. Beləliklə, İdris, gözlərini nakam həyata birdəfəlik yumdu. İyirmi il öncəyə qayıdaraq İdrisin həyatına baş vuraq. Film lentini geriyə çevirməyin əsl vaxtıdır. İdris hər zaman yalan danışmağı sevərdi. Məhəllədə dama oynayanda da cığallıq edirdi. Uşaqlara, böyüklərə, dostlarına, tanışlarına, tanımadıqlarına yalan danışmaqdan həzz alardı. Ancaq bu yalanlar heç kimin xətrinə dəyməzdi. Çünki yalanın kökündə gülüş vardı. İnsanların kefini açmaq üçün İdris gecə-gündüz çalışardı. İş yerində Elnur adlı oğlana bir dəfə dedi:
– Eh, mən günlər görmüşəm. Günlərin bir günü prezident zavoda gəlmişdi. Məni görüb ayaq saxladı. İşlətdiyim dəzgaha baxıb gülümsədi. Keyfi kök idi. Mənə dedi ki, qardaş, yeməyə nə var? Beləcə söhbətimiz açıldı. Mənə bütün həyatını danışdı. Kotlet-çörək yeyə-yeyə danışıb-gülürdü. Arabir doğranmış göyərtidən də ağzına atırdı.
Elnur inanmışdı. Kimə danışırdısa, uğunub gülməkdən gedirdilər. Çünki hamı gopçu İdrisi tanıyırdı. Elnur üç nəfərə danışandan sonra nə baş verdiyini anladı. Üzü qıpqırmızı oldu. Hər dəfə onu görəndə gülümsəyirdi. Ürəyinə xoş ovqat yayılırdı. İdris hər gün işdən sonra məhəlləyə çıxıb dama, şahmat, nərd oynayanlarla günü başa vururdu. Səhərə kimi samovar çayı içib gülüşürdülər. Əsl məclis adamı idi. Bir az içəndən sonra yalanın dərəcəsi artırdı. Məclisdəkilər əylənirdilər. Sinəsində Stalinin və Leninin döymələri var idi. Əsgərlikdən yadigar qalmışdı.Yayda isti olduğu üçün köynəyinin yuxarı üç düyməsini açıq saxlayırdı. Yaş öz sözünü deyirdi. Artıq İdrisin dişləri tökülmüşdü. Yay günlərindən biri idi. Məhəllədə hər gün futbol oynayırdıq. Təngnəfəs topun arxasınca o yana-bu yana qaçırdım. İdrisə o vaxt baba deyirdik. Məni yanına çağırıb dedi:
– Nahid, sənə yaxşı təklifim var. Ala bu beş yüz manatı, get dükana. İki dənə marojna al gətir, yeyək. İstidir, nəfəsimiz kəsilir.
– Yaxşı, baba. Yerimdən götürüldüm. İki dəqiqədən sonra ikimiz də taxta oturacaqda oturub dondurma yeyirdik. Sərinlik bədənimizi soyudanda özümüzə gəldik. Həmişəki kimi kefimi açmaq istədi.
– Bilirsən, o vaxt, hardasa on il öncə qapımız döyüldü. Açanda kimi görsəm yaxşıdır? Suala cavab verməyə məfər verməyib, davam etdi:
– Polis əməkdaşı. Məndən xahiş etdi ki, onunla gəlim. Razılaşmaqdan başqa çıxış yolum yox idi. Maşında tər məni aparmışdı. Hara getdiyimizi bilmirdim. Böyük bir villanın qarşısında polis əməkdaşı maşını saxladı. Evə daxil olduq. Ev nə ev. Uzan, tamaşa elə! Başdan-başa çilçıraqlar, italyanski mebel və daha nələr, nələr. Sən demə, deputatın evi idi. Məni görmək istəyirdi.
İdris babanın sözlərinə inanmışdım. Evə gedəndə atama danışdım. Uğunub özündən getdi. Sonra heç kimə işi olmayan İdris haqqında xatirə danışdı:
– Bir dəfə İdris xəstələnmişdi. Yaxınlıqdakı xəstəxanada yatırdı. Xəstəxananın qoxusundan insan daha da xəstələnir. Dərmanların qoxusu, xəstələrin iniltilərinə qoşulub rəqs edir. İdris orada sağala bilməzdi. Bir az cavan olsaydı arağa istiot səpib, içərdi. İndi isə qocalıb. İynə-dərmanlarla, sistemlərlə yaşayır. Özü kimi yalançı dostları onu görməyə gəlmişdilər. Zöhrab və İlkin alma, armud alıb yanına keçmək üçün tibb bacısının cibinə bir şirvan basdılar. Dostları dərman iyi verən otağa daxil olanda İdrisin gözlərinə işıq gəldi. Üç saat dayanmadan danışıb-güldülər. Zöhrab və İlkin İdrisin uşaqlıq dostları idilər. Zöhrab həmişə kimisə tüfənglə vururdu, İlkin isə basdırırdı. Yalan dünyalarının kriteriyaları bundan ibarət idi. Birinci Zöhrab sözə başladı: – O gün lotka(qayıq) ilə quş ovlamağa getmişdim. Gördüm vurduğum quşlar suya düşüb dibə enirlər. Ağlıma bir ideya gəldi. Xalçanı suyun üzünə sərdim. Hər dəfə quş vuranda xalçanın üstünə düşürdü. İdris güldükcə bunlar danışırdılar. Sanki əzələlərinə güc gəlirdi. Ardınca İlkin başladı nə başladı:
– O gün Zöhrabla işdə söhbət edirdik. Kənar şəxslər zavoda daxil oldular. Zöhrabın beyni çöndü. Tüfəngi götürüb alnından nişan aldı. Bir atışa yad insan yerə uzandı. Rəis xəbər tutmasın deyə, onu aparıb zavodun arxasında basdırdım. Üç saat ərzində İdris o qədər güldü ki, çənəsi ağrayırdı. O, dostlarından geri qalmamaq üçün Hindistan səfirinin evində qonaq olmağından, onunla tut arağı içməyindən danışdı. Beləcə üç saatdan sonra üç dost xəstəxananı tərk etdilər. Həkimin son diaqnozu belə olmuşdu:
– Xəstə turp kimidir. Buraxın getsin. Amma yaman zarafatlar edirdi. Onsuz darıxacağıq. Siz hələ bir onun yalanına baxın. Mənə deyir ki, bağıma oğru girmişdi. Yerkökü oğurlayırdı. Arxadan ona yaxınlaşdım. Boynundan yapışdım. Ayağa qaldıranda üzü göründü. Səməd Vurğun imiş. Dedim ki, nə edirsən, şair? Dedi, – nə edək, aclıqdı. Tibb bacılarını gülmək tutdu. Ağzını tutub gülən kim, at kimi kişnəyən kim...
Ölüm ayağında bütün hadisələri xatırlayan İdris xoş hal ilə göz qapaqlarını əbədi yumdu. Onun haqqında müxtəlif rəvayətləri bu günə kimi atalar uşaqlarına danışırlar.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)