Cənub həsrətli inqilab şairi Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,

Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,

Nə qədim əsrləri yada salıb ağlayan,

Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,

Nə dövrün hakiminə şeir yazıb pul alan,

Nə cəlladlar önündə həyat üçün alçalan,

Nə peymana, nə saqi, nə sərab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm. 

 

Mən əyilib hakimin əllərindən öpmədim,

Şeirimi çiçək kimi ayaqlara səpmədim.

Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,

Nə saray məddahıyam dərgahlardan qovulam.

Mən ellərin oğluyam, ellər böyütmüş məni.

Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.

Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm. 

 

Mənim könül dəftərim bənzəyir gülüstana,

Onda yer verilməmiş qarlı qışa, tufana,

Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,

Baharın həsrətilə yaşayıram özüm də.

Mən əl açıb göylərdən diləmədim azadlıq,

Mənim arxalandığım onlardan daha artıq.

Ölkələr həsrət çəkən afitab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

 

Ötən gün cənub həsrətli xalq şairi, özünün təbirincə desək, inqilab şairi Balaş Azəroğlunun doğum günü idi. 

 

Balaş Allahbaxış oğlu Abizadə 1921-ci il noyabr ayının 11-də Bakı şəhərində anadan olmuşdur. İlk orta təhsilin də burada almışdır. Şairin  "Dnepr" adlı ilk mətbu şeiri də 1937-ci ildə Bakıda çap olunmuşdur.

1937-ci ildə əslən cənublu olduğu üçün o da, ailəsi ilə birgə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə sürgün edilib. Burada fars ibtidai məktəbində təhsil alıb. i1941-ci ildə İranda Milli azadlıq hərəkatına qoşulub və onun ən fəal üzvlərindən biri olub. 1942-ci ildə İran Xalq Partiyasına daxil olaraq 1943-cü ildə Azərbaycan zidd faşist cəmiyyətinin  Ərdəbil vilayəti şöbəsinə sədr seçilib. Və bu cəmiyyətin mətbu orqanı olan "Yumruq" qəzetinin redaktoru olur. Azərbaycan demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, "Cövdət" qəzetinin redaktoru, Şairlər məclisinin Ərdəbil şöbəsinin rəhbəri olmuşdur.

1946-cı ildə Təbrizdə Milli Hökumət qurulanda ona Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsi verilib, həmçinin o, İran Azərbaycanı Milli Məclisinin deputatı, Yazıçılar və şairlər cəmiyyətinin idarə heyətinin üzvü seçilib.

İlk şeir kitabları da 1943 -1945-ci illərdə Ərdəbildə, Təbrizdə çap olunur.

Lakin Milli Hökumət elə qundaqdaca boğulur və Balaş Azəroğlu da bir çox həmkarı kimi Bakıya gəlir, 1947-1952-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. Eyni zamanda Cənubi Azərbaycan yazıçılar cəmiyyətinin sədri vəzifəsində çalışır.

1948 - 1953-cü illərdə Azərbaycan qəzeti redaksiyasında ədəbi-bədii şöbənin müdiri, 1953 -1956-cı illərdə məsul redaktor, 1956-1958-ci illərdə ADF MK-da təbliğat şöbəsinin müdiri, 1958-1959-cu illərdə Azərbaycan Ali partiya məktəbində xüsusi fakultənin dekanı işləyir. 1959-1963-cü illərdə ADF MK-nın sədr müavini seçilir.

O, 1963-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına ədəbiyyat İnstitutunun orta əsrlər ədəbiyyat şöbəsinin baş elmi işçisi  işləmişdir. 1966-cı ildə filologiya elmləri namizədi elmi adını almış,

1981–1991-ci illərdə  Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.

1991-ci ildə  Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin olunmuş, həmçinin Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

O, İran Xalq partiyasının və ADF MK-nın üzvü, SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsi rəyasət heyətinin üzvü olmuş,  bununla yanaşı, Azərbaycan SSR Yazıçılar İttifaqının plenum üzvü və katibi seçilmişdir. Çoxcildlik "Azərbaycan ədəbiyyatı"nın müəlliflərindən biridir.

Ədəbi və ictimai fəaliyyətinə görə Balaş Azəroğlu  “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri ilə, “21 Azər”, “Firdovsi” və digər medallarla, iki dəfə 

1960-1971- ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, 17 mart 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

1981-ci ildə Azərbaycanın “Xalq şairi” adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Şair 2011-ci il aprel ayının 24-də Bakıda vəfat edib. 

Şairin qırxdan çox kitabı çap olunub, əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

"Sinəm Savalan dağıdır", "Mənim köksümdə ürək dayananda, ürək vurmayanda köksümün altında vətən döyunür" söyləyən Balaş Azəroğlunun yaradıcılığının əsas motivini vətən, parçalanmış Azərbaycan, intizar təşkil edirdi.

Müasirləri onu novator, poeziyası ilə insanları ayağa qaldıran, mübarizəyə və gələcəyə səsləyən şair adlandırırdılar.

Balaş Azəroğlu ömür yolunu özü kimi cənub həsrətiylə yaşayan, elə özü kimi inqilabçı şair olan Mədinə Gülgünlə birləşdirir. O sadəcə vətəninə deyil ömür gün yoldaşına qarşı da çox sadiq olur. Mədinə xanım dünyadan köçəndən sonra da evdə onun səliqə səhmanını qoruyub saxlayır. Yaşadığı bina qəzalı olduğu və bütün qonşuları köçüb getdiyi halda o buradan köçüb getmək istəmir.

Balaş Azəroğlu gəncliyində çox ağır bir xəstəlik keçirir, hətta həkimlər onun öləcəyini deyirlərmiş. Lakin, Mədinə xanım öz ömür gün yoldaşı üçün bir quş tək çırpınaraq ölkənin ən yüksək səviyyəli insanlarıyla əlaqə saxlayaraq lazım olan dərmanları tapır. Sonralar Balaş Azəroğlu həmişə Mədinə olmasaydı mən cavan yaşda dünyadan köçərdim söyləyir.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.