Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə bir vaxtlar hədsiz sevilən, amma bu sevgiyə rəğmən hazırda kölgədə qalan şairimiz Musa Ələkbərlini görüşdürürəm.
Dünya sevgili dünyadı,
Qoyma məni qocalmağa,
- deyən şair həqiqətən də növbəti gözəl sevgi şeiri ərsəyə gətirib.
Xoş mütaliələr.
Ay tanrının söz sovqatı,
Göy uzaqdı, yer də qatı.
Kökdə saxla bu ovqatı,
Qoyma məni qocalmağa.
Kürsülərdə gur səsim ol,
Birincilik həvəsim ol.
Təngiyəndə nəfəsim ol,
Qoyma məni qocalmağa.
Üzüyümün qaşındasan,
Ürəyimin başındasan.
Sən gözəllik yaşındasan,
Qoyma məni qocalmağa.
Od sozalır ocağımda
Dərd boy verir qucağımda,
Çox kövrəyəm, bu çağımda
Qoyma məni qocalmağa.
Kamanında telə döndər,
Köksünə tax gülə döndər,
Ya da yandır külə döndər,
Qoyma məni qocalmağa.
Yoxuşlarda inadımsan,
Səmalarda qanadımsan,
Sevgi dolu həyatımsan,
Qoyma məni qocalmağa.
Ömür şirin bir röyadı,
Məhəbbətdi duzu-dadı.
Dünya sevgili dünyadı,
Qoyma məni qocalmağa,
Qoyma məni qocalmağa!!!
Ədəbiyyat və incəsənət”
(11.11.2024)