Səhər oyanıb gördüm ki... - HEKAYƏ Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

... hər iki qolum çarpayımın kənarlarına qandallanmışdır və ovuc içlərimdə nə vaxt yaxıldığını bilmədiyim, sapsarı xına ləkəsinin izləri var. Saatın fərqində belə deyiləm, hətta bu çarpayıda nə qədər müddət hərəkətsiz olduğumu da bilmirəm.  Elə hiss edirəm ki, elə bil ana bətnindən yenicə dünyaya gəlmişəm. 

Yaşadığım situasiyanı az-çox dəyərləndirərək bu vəziyyətimlə bağlı nəsə bir tərslik olduğunu sezirəm. Bir müddət ətrafımı müşahidə etdikdən sonra anlayıram ki, mənim uzanaraq bir cüt gözümü zillədiyim nöqtə əslində otağımın döşəməsidir. Yatağım isə tavan və döşəmə arasında olan həmin o boşluqda üzür. Arabir isə öz limanına sərt şəkildə yaxınlaşaraq qayaya çırpılan gəmi kimi otağın divarlarına çırpılaraq  bir addım əvvəlki yolundan boyun qaçırır.

Həyatımda nə isə tərs gedir, ya da həyatımda heç nə düz getmir. Amma vücudum döşəməni özü üçün yeni bir tavan qəbul edəcək dərəcədə bu tərsliyə çoxdan öyrəşmişib. 

Bir an özümü yeni tavanımda parlaq işıq lampalarımı axtararkən tapıram. Amma bu addımımın mənim üçün böyük bir axmaqlıq olduğunu anladığım andan etibarən döşəmənin lampasından yönələn parlaq şüalar ilə kifayətlənməli olduğumu anlayıram. 

Saatın kəfkiri çəkic kimi qarşılaşdığı ilk divari döyür, saat daim 09.00 göstərir, təqvim isə ayın mövcud olmayan gününə sabitlənib. Sağ əlimin ovuc içi, alnımın tam mərkəzi , boğazımla qulağım arasında bir yer qaşınır, amma sol əlim sağ əlimə, sağ əlim isə üzümə doğru uzana bilmir.

Otağımdakı pəncərənin gəlinliyi qollarını açaraq üzərimə doğru şığıyır. Qapı isə öz qəzəbinin təsirindən qəlibini sındırmağa çalışaraq hiss etdirir ki, məni gəlinciyə qarşı qısqanır. 

Gözüm daim yatağımın yanındakı kiçik masa üzərində olan iki şərab qədəhinə sataşır. Üzü aşağı doğru olan qədəhlərdən döşəməyə bir damla belə şərab damcılamır. Yalnız o qədəhlərin birinin şüşəsi şəraba nüfuz edəcək bir şəkildə çatlayıb. Sınan parça şərabın təsirindən bihuş olmuş kimi özünü suya doğru atır. 

Sağ ovcumun içini barmaqlarımla bütün gücümü sərf edərək qaşımağa çalışırarkən hiss edirəm ki, biləyimin gücü tükənir. Dırnaqlarımla qan gölünə çevirdiyim ovuc içim indi də məni şiddətli yanğısı ilə göynədir. Elə bu dəmdə sınan şüşə parçası şərabın içinə düşərək onu lərzəyə gətirir. Sağ əlim gəlincikdən meh dilənərkən, bir damla şərab ovcuma nüfuz edir. Bu, eynilə bədbəxt bir əkinçinin öz məhsulu üçün yağmur duasının Allah tərəfindən qəbulu təsirini bağışlayır. İndi xına ləkələri üzərindən axan damlaların şərab, yoxsa qan olduğunu müəyyən etmək mümkün deyil. 

Bu damlalar mənim evimin yeni tavanına tökülür. Yerini və mənzilini unudan hər şeyə rəğmən bu damlalar öz nüfuz etməli olduğu yeri unutmayıbmış. 

Öz-özümə bir sualı verməyin tam zamanı yetişib: “Görəsən, hər şey indi olduğu kimi öz yolunu tapa bilərmi? ”

Sağ əlimin ovcuna kök salan xına izləri büsbütün qanla yuyulub. İnsan qırmızının əsalətində deyil, çirkabında boğulduğu zaman cismin gözəlliyinin ruhun doymasından hökmən asılı olduğunu anlayırmış. 

Gəlincik süzülərək boynuma dolanır, arabir ətəyi ilə qan izlərini təmizləyərək geri çəkilir. Qapı isə uzaqdan onunla mübarizəsini davam etdirməkdədir. Ömrün bu tozlu yollarında olanı və bitəni sadəcə izləyərək kifayətlənmək yetərli deyil, bilirəm. Amma mən izləyirəm, həm də üzərində ləkələrimi daşıyan o gəlinciyi izləyirəm. İndi onun tükənməyə meyilli dalğaları həzin-həzin boynuma dolanır. Bu bir son deyil, sadəcə mükəmməl başlanğıcın yazılmamaısna işarədir. 

İndi qapı bütün mübarizəsini dayandıraraq öz qəlibinə sığınır. İndi birotaqlı, yeni tavan və yeni döşəməyə malik evimin  tək gözündən çirkli bir pərdə asılmaqdadır. 

 

Təqvimdə bilinməz bir gün, saat 09.00. Səhər oyanıb gördüm ki, hər şey tərs  gedir, mən də düzəltməyə çalışmadım.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.