“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun gənc yazarlar üçün növbəti nəzəriyyə dərsi təqdim ediləcək. Bu dəfə Məti Osmanoğlunun obyekti Oldos Hakslidir.
OLDOS HAKSLİ VƏ İSTEDADIN ÖLÇÜ VAHİDİ
İngilis yazıçısı və filosofu Oldos Hakslinin (1894-1963) əsərləri ictimai proseslərə kəskin tənqidi münasibəti ilə seçilir. O, dünya ədəbiyyatında antiutopik fantastikanın nümunəsi hesab edilən “Cəsur yeni dünya” (1932) romanı ilə daha çox tanınıb.
İngiltərə tarixində adı hörmətlə anılan ziyalı ailənin övladı olan Oldos Haksli – gənc yaşlarından görmə qabiliyyətində ciddi çətinliklər yaransa da – 1916-cı ildə kollec təhsilini tamamlayıb və həmin il ilk kitabını nəşr etdirib.
İntellektual əsərlər kimi səciyyələndirilən “Sarı boya” (1921), “Təlxəklər dövrəsi” (1923) və “Kontrapunkt” (1928) romanları o zamanın ideoloji və mənəvi böhranından bəhs edir. Hakslinin bu romanlarında insanlığın fəlakəti olan Birinci Dünya müharibəsinin dərin yaraları göynəməkdədir. Bu əsərlərdə müharibənin insanların içində yaratdığı mənəvi böhranın, ruhi sarsıntıların əks-sədası duyulur.
Oldos Hasklinin nəsrində reallıq ən müxtəlif xarakterlərin ərintisi kimi, fərqli qütblərə aid dəyərlərin qarışığı kimi göstərilir. Roman qəhrəmanlarının düşüncəsində müharibənin ağrılı xatirələri, yeni həyatın sarsıntıları, qorxu dolu gözləntilər həyat eşqi ilə qarışdırılır. Yazıçının təsvir etdiyi dünyada kədər, ruh düşkünlüyü ilə laqeydlik, mənəvi yadlıq iç-içədir. Zahirən xaotik təsir bağışlayan təfərrüatların montaj poetikası ilə bir araya gətirildiyi bu əsərlədə satirik gülüş nifrətlə müşayiət olunur.
Oldos Hakslinin “Cəsur yeni dünya” (1932) və “Meymun və varlıq” (1948) antiutopik romanları totalitarizmə qarşı yazılıb. Bu satirik əsərlər “istehlak cəmiyyətinin” standartlaşdırılmış həyat tərzini əks etdirir. Yazıçının fəlsəfi və sosioloji görüşləri “Cəsur yeni dünya” (1932) antiutopik romanında daha bariz şəkildə təcəssüm olunub. Rus yazıçısı Zamyatinin “Biz” romanındakı ədəbi eksperimentin davamı olan bu əsər sonradan C. Oruellin yaradıclığına da təsir göstərəcəkdi. Bu mütəfəkkir yazıçılar insanlara iki təhlükə barədə xəbərdarlıq etmək məqsədi güdürdülər və roman janrını bu xəbərdarlıq üçün ən təsirli vasitə hesab edirdilər. Bir əsr bundan öncə onlar bəşəriyyətin iki böyük təhlükə qarşısında olduğundan narahat idilər: birincisi, sürətlə inkişaf etməkdə olan texnikanın həyata müdaxiləsi, ikincisi, dövlətin gücyetməz zorakılığı.
Hakslinin utopiyası, əslində, ironik utopiyadır, parodiyadır, başqa sözlə desək, antiutopiyadır. Bu antiutopiyanın əhatə dairəsinə düşən cəmiyyəti idarə edən dövlətin əsas hədəfi xoşbəxtliyin yeganə mənbəyi olan insan fərdiyyətini məhv etməkdir. Oldos Haksli bununla xoşbəxtlik və azadlığın bir-biri ilə uzlaşa bilməyəcəyini göstərmək istəyir, azadlığa, sənətə, sevgiyə, mənəvi dəyərlərə, insan münasibətlərinə önəm verdiyini vurğulayır. Yazıçının düşüncəsinə görə, azadlıq, sənət, sevgi, mənəvi dəyərlər olmayan yerdə yaşamağın da mənası qalmır.
Oldos Hakslinin 1955-ci ildə nəşr etdirdiyi “Dahi və ilahə” romanında da insanlığın gələcəyi sarıdan narahatlıq, sosial tərəqqiyə və fərdin mənəvi potensialına inamsızlıq daha qabarıq nəzərə çarpmaqdadır. Yazıçı yaradıcılığının son dövründə mistisizmə meyillənib. Qədim Hindistan filosoflarının görüşlərindən və buddizm fəlsəfəsindən aldığı qənaətlərin təsiri ilə 1962-ci ildə “Ada” romanını yazıb.
Yaradıcılığa şeirlə başlayan Oldos Haksli romanlarla yanaşı, fəlsəfi əsərlərin və ədəbi-nəzəri səciyyə daşıyan esselərin də müəllifidir. Təqdim etdiyimiz “Sənətdə səmimiyyət” essesinin Azərbaycan oxucuları üçün də maraqlı olacağını düşünürük.
Məti OSMANOĞLU
Oldos HAKSLİ
SƏNƏTDƏ SƏMİMİYYƏT
Ədəbiyyat agenti[1] Maykl Cozef ədəbiyyatın biznes tərəfi haqqında son kitabında bestsellerdən bəhs edir. Kitab necə olmalıdır ki, “Ford” maşını, sabun və ya yulaf əriştəsi kimi satılsın? Yəqin ki, hamımızı bu sualın cavabı maraqlandırır. Əgər pula dəyən bir sirrimiz olsaydı, dərhal dəftərxana dükanına gedib, altı quruşa bir bağlama kağız alıb, həmin sirri sehrli hərflərlə yazıb altı min funta satardıq. Kağızdan faydalı material yoxdur. Bir pud dəmiri saat mexanizminə çevirəndə qoy bir neçə yüz dəfə, lap minlərlə dəfə bahalaşsın; lakin populyar romana çevrilən bir pud kağızdan, həqiqətən də, milyonlarla gəlir götürülə bilər. Bircə kağızı populyar ədəbiyyata çevirməyin reseptini bilsən, yetər! Amma heyif ki, bu resept heç cənab Cozefə də bəlli deyil. Yoxsa cənab Cozef, əlbəttə ki, bestsellerlər yazacaqdı, çünki bu, onun hazırkı işindən, yəni kitab satmaqdan daha sərfəlidir. Bestseller səmimi olmalıdır – cənab Cozefin deyə biləcəyi söz budur. Bu tamamilə doğrudur, faydasının az olduğu dərəcədə qeyd-şərtsiz doğrudur. Hər cür ədəbiyyat, hər cür sənət, yaxşı, ya da pis satılmasından asılı olmayaraq, səmimi olmalıdır. İstər Çarlz Harvisi[2], istərsə də Şellini[3] təqlid et, qərəzli saxtakarlıq çoxlu sayda insanı çoxlu sayda illər uzunu aldada bilməz. Müəllif yalnız özü olmaqla uğur qazanır. Bu, aydındır. Yalnız “Azad olmuş Prometey”i yazan Şellinin ağlı kimi bir ağıl bestseller yazacaq. Saxta əsərlərin yaradıcısı öz müasirlərini aldada bilər, gələcək nəsilləri isə şübhəsiz ki, aldada bilməyəcək.
Düzdür, ədəbiyyat tarixində bilərəkdən edilmiş saxtakarlığa az rast gəlinir. Saxta əsərlərin yaradıcıları arasında Yelizavet dövründə yaşamış Qrin də var. O, Marlonun pyeslərini və Lilinin[4] romanlarını alqışlayan publikanın rəğbətini qazanmaq ümidi ilə “Evfues” əsərini və Marlonun poetik üslubunu mənimsəyib öz adına çıxdı. Öz üslubundan istifadə edərkən Qrinin öz üslubu valehedici və şirindir. Amma onun öz adına çıxdığı başqasının qələmi kimdəsə təəssürat yaradacaq qədər inandırıcı deyil.
Sonrakı dövrdə adı ədəbi saxtakarlıqda hallandırılan daha bir müəllif fransız Katyul Mendesdir[5]. Onun şablon əsasında tikilmiş, iyrənc qırışlı əsərlərini oxuyanda bu əsərlərin bu qədər insanı necə aldatdığına təəccüblənirsən – onun qızılının parıltısı belə ucuzdur, brilyantları isə teatr rekvizitlərinə oxşayır. Mendes kimilər insanları nə ilə maraqlandıra bilər? Onların yazdıqları sənət nöqteyi-nəzərindən heç nədir, ya da heç nə kimidir, bu üzündən o üzü görünən bu əsərlər psixoloqu maraqlı və incə araşdırmalara həvəsləndirməyə qadir deyil. Bu insanlar pul üçün rəsm əsərlərlərinin və ya qədim mizlərin saxta surətlərini çıxardanlara bənzəyirlər. Amma qeyri-səmimi sənət bilərəkdən deyil, təsadüfən qeyri-səmimidirsə, müəllifin səmimi olmaq istəyinə baxmayaraq, qeyri-səmimidirsə, psixoloqun diqqətinə layiqdir.
Gündəlik həyatda səmimiyyət insanın iradəsindən asılıdır. Səmimi olub-olmamağa biz qərar veririk. Onda müəllifin səmimi olmaq istəyinə baxmayaraq, sənət əsərinin qeyri-səmimi ola biləcəyi barədə mübahisə etmək paradoks deyilmi? Əgər müəllif səmimi olmaq istəyirsə, mənə deyəcəklər, buyurun, ona burada öz bəd niyyətindən başqa heç nə mane olmur. Amma bu belə deyil. Sənətdə səmimi olmaq üçün təkcə səmimi olmaq istəyi yetərli deyil.
Həyatda səmimiyyət nümunəsi olsalar da, əsərləri qeyri-səmimi olan bir sıra sənətkarların adını çəkmək çətin deyil. Məsələn, Kitsin[6] və Şellinin dostu, nəhəng və təmtəraqlı dini rəsmlərin yaradıcısı Bencamin Robert Haydon belədir. Naşirlərin axmaqlığı ucbatından yarım əsrdir nəşr olunmayan tərcümeyi-halı bu qəbildən olan ən yaxşı kitablardan biridir, Haydonun həyatdakı səmimiyyətindən, nəcib idealizmindən, ilhamının çalxantılarından və oxucu üçün əziz olan saysız-hesabsız uğursuzluqlarından xəbər verir. Bununla belə, onun həyatını və ehtirasını əks etdirən rəsmlərə nəzər salın. Əgər tapa bilsəniz, bu rəsmlərə baxın, onlar qalereyaların divarlarında olmadığı üçün muzey zirzəmilərində saxlanılır. Buradakı ehtişam saxtadır, ehtiras soyuq və şərtidir, hiss parodiyadan və ritorikadan ibarətdir. Haydonun rəsmləri “qeyri-səmimidir” – istər-istəməz ağıla gələn bu söz olur.
Belçika rəssamı Virts də insan ilə rəssam arasındakı heyrətamiz təzadı göstərir, şəhərdəki təsviri incəsənət qalereyası ilə müqayisədə Vertsin Brüsseldəki emalatxanasına onun rəsmlərinin estetik dəyərə malik olduğuna və ruhu həyəcana gətirdiyinə görə deyil, əndazəsiz ölçüsünə və dəhşətli dərəcədə sentimentallığına görə daha çox insan gəlir. Bu əsərlərin Mikelancelonun xəyallarının daşıyıcısı olan müəllifi rəssamlığın Barnumu[7] oldu, onun muzeyinə sanki dəhşətli görüntülər otağına gəlirmiş kimi gəlirlər.
Əsərləri qeyri-səmimi və köntöy olan Alfyeri[8] də səmimi və dərin insanlar kateqoriyasına aiddir. Onun tərcümeyi-halı ilə bu küt, təmtəraqlı, basmaqəlib faciələrin eyni adam tərəfindən yazıldığına inanmaq çətindir.
İş bundadır ki, sənətdə səmimiyyət insanın iradəsindən, düzlüklə vicdansızlıq arasında mənəvi seçimindən asılı deyil. Bu, əsasən, istedaddan asılıdır. İnsan bəzən səmimi, dərin kitab yazmağı bütün qəlbi ilə istəyir, amma buna istedadı əl vermir. Niyyətinin əksinə olaraq, kitab cansız, yalançı çıxır, şərtiliklər və teatrallıqla dolu olur; yazdığı faciə poza verməyə və faqqılığa, yazdığı dram isə şümal melodrama çevrilir. Bütün bunları oxuyan tənqidçi əsnəyir, üzünü turşudur. Kitab qeyri-səmimidir, qərarı tənqidçi verir. Əsəri ən xoş niyyətlə yazan müəllif tənqidçinin ilk baxışda onun ədəb-ərkanını, mənəvi ləyaqətini şübhə altına alan, əslində isə intellektual qabiliyyətlərini ləkələyən hökmündən hiddətlənir. Çünki sənət dilində “səmimi olmaq” “psixoloq olmaq, düşüncə və hissləri təcəssüm etdirmək vergisinə sahib olmaq” deməkdir.
Bütün insanlar, əsasən, eyni hissləri yaşayır, lakin çox az adam nə hiss etdiyini dəqiq bilir və ya başqalarının hisslərini təxmin edə bilir. Psixoloji müşahidə riyaziyyat və ya musiqi qabiliyyəti kimi xüsusi bir istedaddır. Buna sahib olan azsaylı insanların da cəmi iki və ya üç faizi müşahidələrini bədii formada ifadə edə bilmək qabiliyyəti ilə doğulur. Bunun aydın nümunəsi. Çoxları – bəlkə də, demək olar ki, hamı – həyatında nə vaxtsa ehtiraslı eşqə tutulur, lakin bir qayda olaraq, heç də hamı öz hisslərini başa düşə bilmir və bu hissləri ifadə etməyi bacaran tək-tük insanlar olur. Boşanma məhkəmələrində və ya romantik intiharların araşdırılması zamanı oxunan sevgi məktubları əksər kişilərin və qadınların bədii cəhətdən köməksiz olduqlarını sübut edir. Onlar həyəcan keçirir, əzab çəkir, səmimi hisslərlə nəfəs alırlar, amma bunu yaza bilmirlər. Adi bir sevənin təmtəraqlı, şablon sözlər, oxşar ifadələr və ölü ritorika ilə dolu bir məktubuna romanda rast gəlinsə, çox qeyri-səmimi görünər. İntihar edən insanların həqiqi intihar məktublarını oxumuşam, bu məktublara resenziya yazmalı olsaydım, onları tamamilə qeyri-səmimilikdə ittiham edərdim. Halbuki, hisslərin səmimiliyinə insanın o hisslər ucbatından özünü öldürməsindən inandırıcı dəlil varmı? İntihar edənlərin yalnız istedadlıları bədiilik baxımından “səmimi” məktub yazırlar. Digərləri isə yaşadıqlarını ifadə edə bilməyərək, istər-istəməz ikinci dərəcəli romanın bayağı “qeyri-səmimi” ritorikasına qapılırlar.
Sevgililərdən gələn məktublar da belədir. Kitsin məhəbbət məktubları bizi heyran edir, burada əzabını tam dərk edən bir qəlbin canlı, güclü bir dildə əzabı təsvir edilir. Məktubların “səmimiliyi” (müəllif dahiliyinin bəhrəsidir) onları maraqlı edir; bu, Kitsin məktublarını bədii cəhətdən onun poeziyası qədər, bəlkə də, daha çox əhəmiyyətli edir. İndi o dövrün başqa bir gəncinin, əczaçı köməkçisinin sevgi məktublarını təsəvvür edin. O öz sevgilisi Fanni Bronu Kits kimi ümidsizcəsinə sevə bilərdi, amma yazdığı məktublar boş, darıxdırıcı, ümidsiz, “qeyri-səmimi” olacaqdı. O dövrün səssiz-səmirsiz unudulmuş sentimental romanlarının qəhrəmanları ondan daha yaxşı yazardılar.
Elə buna görə də sənət əsərini “qeyri-səmimi” kimi təyin edərkən bilmək lazımdır ki, o əsər sözün hərfi, etik mənasında qeyri-səmimidir ki, Qrinin və ya Mendesin saxta əsərləri kimi şüurlu şəkildə təqlid və ya stilizasiyadır. Əksər hallarda isə “qeyri-səmimi” sənət yalnız müəllifin qabiliyyətsizliyindən, psixoloji istedadının olmadığından, düşüncə və hissləri ifadə etmək üçün sənətkara lazım olan verginin çatışmadığından xəbər verir.
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)
[1]Ədəbiyyat agenti – nəşriyyatla yazıçı arasında vasitəçi
[2]Çarlz Harvis (1833-1920) – dedektiv əsərlə yazan Amerika yazıçısı
[4] Con Lili (1554-1606) – İngiltərə yazıçısı, “Evfuos və ya hazırcavablığın anatomiyası”, “Evfuoa və onun İngiltərəsi” romanlarının müəllifi
[5] Katyul Mendes (1841-1909) – Fransa yazçısı
[6] Con Kits (1795-1821) – İngiltərə şairi, romantizmin nümayəndəsi, bir müddət əczaçı olub
[7]Финиас Тейлор Барнум (1810-1891) – Amerika şoumeni, sirk ustası
[8] Vittorio Alfyeri (1749-1803) – İtaliya şairi, faciə, komediya, sonet, satiralar, eləcə də “Astili Vittorio Alfyerinin özünün söylədiyi həyatı” kitabının müəllifi