Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”
O görünən ev bizimdir,
Sökülü, uçuq olsa da
Qapısız, pəncərəsiz,
Lap yarımçıq olsa da
O ev bizim evimizdir...
Atam tikmişdi o evi,
Xatirəsi dünya boyda
Səhərəcən nənəm tikən
Çiçəkli qırmızı donda
Oynayırdım;
Qışda, payızda, yayda...
Alçaq hasarlı olardı,
Yolları qabarlı olardı,
Bol nübarlı olardı
Bizim məhləmiz...
Hər cığırında izlərim
Hər küçəsində əzizlərim
Dolub daşardı nəşəmiz,
Bizim məhləmiz...
Səhər əzan ucalardı...
Bizdən sonrakı məhlədə
Dədə Cabbar qocalardı,
O küçənin ayağında
Xan əminin evi idi,
Sonra ,sağdakı məhlədə
Ustad Qurban Pirimovdu...
Üzeyir bəy musiqisi,
Natavanın zərif sözü,
Bülbülcanın elə özü
Bizim məhləmizdə idi...
Şüşə idi şəhərim,
Par-par alışıb yanırdı,
Şuşa idi şəhərim
Başını duman alırdı...
Göz gözü görməz idi
Amma elə təmiz idi
Elə bil nağıl idi
Məhləmiz...
Qonşuları mehriban,
Can yandıran, dada çatan,
Bayramlarda ocaq quran
Şən şaqraqdı məhləmiz,
Elə gözəldi küçəmiz...
Daşları xınalı olardı,
Suları sonalı olardı,
Qonaqlı -qaralı olardı
Şəhərimiz...
Əvvəl uzaqda olurdu
İndi yaxına gəlib...
Nə olsun ki, dağılıb,
Nə olsun ki, köhnəlib,
Lap qapısı olmasın,
Atam yenə qapı tikər...
Lap pəncərəsini qoymasın
Pəncərə də düzələr...
Qoy əşyalar qırıq olsun
Hamısınl anam qurar,
Təzə əşyalar alar...
Bircə o ev dağılmasın
O evdə xatirəm var,
Daşında, divarında
Hamısında xatirəm var...
O görünən bizim evdir,
Sökülü, uçuq olsa da,
Lap yarımçıq olsa da,
O ev bizim evimizdir...
Heyif indi köçənlərdən..
Görmədilər küçəmizi,
Məhləmizi,
Şuşamızı...
“Ədəbiyyat və incəsənət”
(08.11.2024)