“Ədəbiyyat və incəsənət” portalının poçtunda ilk dərcimizdən sonra çoxsaylı pərəstişkar əldə etmiş Nail Zeyniyevin növbəti şeiri var. “Xəzər çağırır məni” adlanan şeiri təqdim edirik. Biz çox bəyəndik, siizn də bəyənəcəyinizə inanırıq.
Mənə tikan vermisiz,
Son dəfə məzarıma gül-çiçək bağışlayın.
Yenə çıxıb gedirəm,
bu dəfə qayıtmasam,
siz Allah, bağışlayın.
Sadəcə, gözəldir!
Xəzər çağırır məni...
Bu səsləniş naləmin cavabıdır, elə bil,
Səndən elə gedərəm,
Məndən sonra ürəyin
kimi istəsəsevə bil.
Burda kimlər boğulub?
Burda kimlər özünü atıb sənin qoynuna?
Yanına gələnlərin ana məhəbbətitək
Sarılırsan boynuna?!
Şikayət eyləmirəm, nə həddimə
tanrının verdiyi zibil günə.
Yaşamışam ömrümü arsız adamlar kimi
mən, hər gün gülə-gülə.
Mən dəliyəm, özümdən
soyumuşam nə vaxtdı,
Onsuz da hamı burda bir ötəri qonaqdı.
Bir az sevinc istədim, çarəsiz uşaq kimi,
Divarım uçuq-sökük, dağılmış otaq kimi.
Xəzər çağırır məni...
Dünyada cəhənnəmi yaşamışam, yanmışam.
Bilmirəm, gəlib çatar
sənə uzaq diyardan
Bir məktub yollamışam.
Mənə tikan vermisiz,
Son dəfə məzarıma gül-çiçək bağışlayın.
Yenə çıxıb gedirəm,
bu dəfə qayıtmasam,
siz Allah, bağışlayın.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)