Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə ilk dəfə gənc şairimiz Cavud Qasımovu görüşdürürəm.
Keçib Tanrı ilə barışmağımdan,
Gətirə bilməzsən bir yola məni.
Namaz üstündəymiş müqəddəs Məryəm,
Tətiyi sıxmağa gücüm qalsa da
Təxirə saldılar güllələnməni, - deyən şair həqiqətən də mükəmməl ifadə edib fikrini. Şeirdə bir az mistika, bir az sirr-sehr var.
Xoş mütaliələr.
Təxirə saldılar güllələnməni…
Bəxtim gətirmədi, Müqəddəs ata,
Təxirə saldılar güllələnməni .
And olsun ağlayan kilsə şamına,
Bir təmiz adam da olmadı assın
İsanın boş qalan yerindən məni...
Daha diksinmirəm ağacdan düşən
Yarpağın səsinə uşaqlar kimi.
Yerin kölgəsinə and olsun, bir-bir
Şəhər heykəlləri qulaqlarıma
Gecə pıçıldayır tənhalıq himnin.
Çoxdandır yaxamdan üzüb əllərin
İtirmək qorxusu, ölüm qorxusu.
Mənə nə edəcək, Müqəddəs ata,
Uçulmuş evimə hücum çəkəndə
Dimdiyi çöp boyda sərçə ordusu?
Keçib Tanrı ilə barışmağımdan,
Gətirə bilməzsən bir yola məni.
Namaz üstündəymiş müqəddəs Məryəm,
Tətiyi sıxmağa gücüm qalsa da
Təxirə saldılar güllələnməni.
Ədəbiyyat və incəsənət”
(05.11.2024)