“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Gülər Mübarizin şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Gülər MÜBARİZ
DARIXMAĞIN TABLOSU
Elə darıxaram ki, həsrətin odu sönər, adım gəldiyi yerdə,
Baş götürüb gedər, geri qayıtmaz bir də.
Bütün darıxmaqların izinə kölgə salar,
Saçlarına dən düşər,
Sevdam örpəyin açıb ayaq altına atar,
Ağlın ilə hisslərin bir-birindən gen düşər
Yoxluğunun səfası hökm sürdüyü yerdə…
Hicranın qədəmini yolda vüsalın əzər,
Arzuları kəm gəzər.
Sənsizliyim utanar, gözünü məndən çəkər,
Kirpikləri nəm çəkər.
Yolunu ayrı salar, keçmişimə qarışar,
Taleyilə barışar.
İzi- tozu da qalmaz bir baxışın əsiri bapbalaca qəlbimdə,
Qapıların bağlayar üşüyəndə qəlbim də.
Baş-başayıq, bir mənəm, bir də ki darıxmağım,
Unudur yoxluğunu qəflətən karıxmağım.
Qorxma, gözümün nuru, bu darıxmaq dərd deyil,
Kədərə yoldaş deyil,
Gözlərində yaş deyil.
Sənin kimi gözəldir, əli məndən aralı,
Gözləri qaralı yar.
Mən elə darıxaram,
Elə darıxaram ki, qəmim gözəlliyiylə
Könüllərdə taxt qurar.
***
Deyəsən…
Deyəsən, gənc deyiləm,
Üzüaşağı gedir ömrümün il qatarı.
Yol çəkir həyatımdan üzü atama sarı…
Daha şıltaq deyiləm,
Nə də sonbeşik nazlı,
Segah üstə çalınır gəncliyin telli tarı.
Payız təslim alacaq mən doğulan baharı.
Düşüncələr qarışıq, dəyişibdir ruhum da,
Daha səs-küy sevmirəm indiki hüzurumda.
Tənhalığım qapadı köz olan yaraları,
İndi doğru sanıram, bir zaman qınadığım
Yaxına qoymadığım bütün o olmazları.
Daha uzaq deyiləm
Anamın danışdığı o “vaxt gələr” sözünə
Gedərək mən də daha bənzəyirəm özünə.
Bir zaman bəyənməyib dəyişdiyim dalğanı
İndi zövqlə dinləyib anlayıram hər anı,
"Rast", "Çahargah" muğamı, ya da telli sazdakı
O yanğılı havanı.
Daha ehtiyatlıyam, asta-asta baxıram
Əzrayılın gözünə;
Dəli-dolu deyiləm əvvəl olduğu kimi –
İllərlə barışmışam, yaş öz sözünü deyir.
Çayı dəmli sevirəm, anam içdiyi kimi,
Daha çətin gəlməyir
Qərarımı çevirəm onun seçdiyi kimi.
İndi görə bilirəm yaxşını, həm yamanı,
Düşmənə bənzətmirəm səhvimi üzə deyib
Mənə candan yananı.
Zamanın qüdrətiymiş, yaşayasan, görəsən.
Öyrənirəm get-gedə illər necə dəyişər
Daxilində qoruyub saxladığın insanı.
Bitir artıq nağılı, göydən üç alma düşür,
Beləcə sonlanıram.
Daha nələr yazırsan, qorxursanmı deyəsən?
Artıq cavan deyiləm, deyəsən, yaşlanıram.
***
“Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək”.
Deyirdi nakam şair…
Kəlmələri qor götürüb, köz yaradıb könüllərdə,
Elə rəssam tapın ki, şairimi vəsf eləsin,
Sızıldasın könül simi pərdə-pərdə.
Elə vəsf eləsin ki, anlasın cümlə-cahan
Gözündə yuva quran nə varsa, qüssəyə dair.
Elə vəsf eləsin, daş əriyib muma dönsün,
Okeanlar quma dönsün,
İzi qalsın vərəqlərdə.
Fikirlərdə tufan qopsun, kirpiklərdən leysan töksün,
Yarımçıq taleyinə qalanmış o ocaq sönsün.
Çəksin onun gözündəki baxışını, bacararsa,
İçindəki qəmiylə bir.
Çəksin gözünü sətir-sətir,
Ruhu o gözdəki mənanı sararsa…
Çəksin harayı, dilsiz olan naleyi-ərşi
Bu saatdan sonra bir rəsmə sığarsa..
Ya da bir qəlbə yararsa…
Elə çəksin ki, baxanlar oxusun,
Mən elə qəm görmədim, nur qoxusun.
Gözəldir qəm də, əgər gözlərinə yaraşarsa,
Mikayıl kimi yorğun, Müşfiq təki nakam gəncin
Deyilməyən kəlamını çəkdiyi rəsmə toxusun.
Kim əgər rəsmi sorarsa,
Desin ki, qəm çəkirəm vərəqlərə,
Dərd əkirəm könüllərə, itibdir fırçamın dincliyi…
BİR GÜN DESƏLƏR...
Bir gün gəlib desələr ki, o çox yaxşı insan idi,
İnanma!
Hər kəlməni ismim ilə bəzəsələr,
Sətirlərə gül-çiçəyi düzsələr də,
Bu nağıla çox güvənmə, eşit, amma inanma,
Deyiləni əsl qiymət, deyəni adam sanma.
Yaxın otur, gəl dərdləşək, həyat yaman qısadır,
Bu dünyadan küsənləri o dünyaya susadır.
İki yolun astanası uçurumdur, dayanma,
Sən də sonradan yanma…
Get söylə ki, bu dünyanı əldə çıraq,
Cümlə-cahan dolaşsalar,
sərhədləri də aşsalar,
tapmayacaqlar gedəni.
Görmüsənmi ərşə çıxıb sonradan yerə enəni?
İtiriblər daha məni...
Gedənlərə bəzək vurub ağlamağı bacarırıq,
Mənzil başına çatmamış, biz başqa bir yol alırıq.
Bu nə gərdiş, nə gedişat, nə hikmətsə,
Gedən birdən ən qiymətli kimsə olur,
Hər bir kəsdən yaxın olur.
İnsanları sonda sevib, qiymət vermək ədalətsə,
Yoxdur mənim doğru işim,
Yalan imiş hər vərdişim.
Bax beləcə…
Çox düşünmə, yazdıqlarım bir nağıltək unudular,
Sözün sehri gül ömrüdür, dildən çıxan kimi solur.
Soruşsalar məni səndən, denən, o qız xəyal idi,
İstəmədi yalanları, alışmadı saxtalığa,
Həsrətinə, hicranına yoldaş olan vüsal idi.
Baş əymədi ayrılığa…
Riyakara yovuşmadı, bu üzdən də dərd başından sovuşmadı.
Hər kəlməsi halal idi, qovuşmadı yaxşılığa.
Arzuları, istəkləri başlaya bilmədən bitdi,
Bir yuxutək bu dünyadan ötdü-getdi…
YORĞUN FOTOLAR
Sən sevdamın qatilisən, mən ki sənə yar demişəm,
Xəyalına hərsət ikən qəlbdə yerin var, demişəm.
Güvəndiyim o dağlara yağan gizli qar demişəm
...Gəl boynumu sar, demişəm.
Gecələr həmdəmim olub, gündüzlərim küskün düşüb,
Fotolarda qalan əksim yorğun düşüb, üzgün düşüb.
Arzularım bu dünyadan o dünyaya sürgün düşüb
...Bəxtimə naçar demişəm.
Şəhriyarın naləsinə qoşulmuşam sətir-sətir,
Nə uzatsam, əlim çatır, nə qışqırsam, ünüm yetir.
Son görüşə gələn zaman dincliyimi mənə gətir
... Ruhumu apar demişəm.
***
Ay şəhidim…
Gözlərinin alovunda sönmüşəm,
Yoxluğunda damla-damla, zərrə-zərrə yandıqca
Hər gün, hər an çökmüşəm.
Nisgilinə qurban olum, elə bilmə,
Hər qapını döyəni sən, hər yolumdan keçəni sən,
Gələni də, gedəni də sən sandıqca,
Elə bilmə, xəyalını əvəz edən, səni mənə unutduran birisi var,
Sanma ki, mən bircə an da xatirəni qəlb evimdən çıxarmışam, ya sökmüşəm.
Düşünmə ki, səndən sonra bu həyatın gerisi var.
Ya da sənsiz dinlədiyim kəlmələrin qulağımda bir həniri, bir səsi var.
Gedişinlə aparmısan yaşamağın dadını da.
Gözlərimdə əks olunan həyat filmin adını da.
İndi ancaq yalnızlığın “Sən” adında bir kəsi var,
Ovunmayır xatirənlə, pıçıldayır qulağıma:
“Xəbərin var, o gedəndən mən ölmüşəm?”
Günah yazır ayağıma –
“Ay insafsız, ondan sonra daha nəyin mənası var?”
Mən bu ömrü iki yerə “sənli, sənsiz”ə bölmüşəm.
Unutmuşam daxilimdəki insanı, məsum baxan qadını da,
Sənsiz neynim bu dünyanın qohumunu, yadını da?
Varlığına qovuşmağın çarəsi var?
Yuxuma gəl, dərdin alım, gəl görüşək, söhbətləşək,
Xəbər verim, sən gedəli qəlb evimdə nə talan var.
Xəbər verim, sən gedəli mən nələri unutmuşam, gör bir nələri silmişəm,
Bilsən nədən, ya nələrdən vaz keçmişəm?
Elə baxma,
Qurban olum gözlərində məskən salan
Mən sarıdan təlaşına, qüssə yağan
O qayğılı baxışına…
Nə qədər ki xatirən var, adın yaşar könüllərdə,
Mən də varam, vətən deyən, səni anan o dillərdə.
Nə söyləyək bu taleyin naxışına?
Cənnətməkan qoxulumsan, ay şəhidim,
Sən yarımçıq yuxulumsan.
Oxşamağa qıymadığım nakam qismətli oğlumsan.
QÜRBƏTİN DƏRDİ
Baş götürüb yollanıram göylərə, səndən uzaq yerlərə,
Sənsizliyi və səni bu diyarda tərk edim,
Özüm özümdən gedim…
Yer üzündən silinim.
Xəyalınla savaşıram, orda qal,
Mən adlı dərddən sağal.
Getdiyim yerə gəlmə, yollarını gendən sal.
Mən səndən gizlənirəm, bəs sən hara gəlirsən?
Özün mənə deyirdin, məndən betər dəlisən.
Gəlmə deyə yalvarıram sözlərə,
Sözlər də üsyan edir, dava açır gözlərə.
“Bu nə baxış?”
Rəhmin gəlsin ellərə.
Hər baxdıqca bağrım başın dəlirsən.
O baxışa məğlub olan biçarəyəm, bilirsən.
Nə sən Məcnun deyilsən, nə də ki mən Leyliyəm, düşməmişik çöllərə.
Dünyanın o başına gəlmişəm ki, unudum,
Yaddaşımı sökmüşəm, xatirəni də silim.
Ayrılığı tale yox, özün yazdın alnıma,
Yastığımdan qoxunu sulara etdim təslim.
Bəs niyə sızıldayır canımın sol tərəfi ?!
Qoxun gəlir burnuma…
Elə bil itirmişəm ən əzizi-xələf səni.
Küləyi gətirmişəm özüm ilə arxamca,
Sənə havadar gəlib, sanki bəllidir əslim.
Pıçıldayır astaca:
"Qəlb evində talan var,
Gözü yolda qalan var".
Deyəsən, səhv gəlmişəm, ya da dəli oluram,
Səndən neçə dənədir, ay zalımın balası, hər yerdə surətin var.
Mənlə bərabər gəlib sən adlı obam, elim,
Mən uzağa qaçdıqca sənə yaxın oluram.
Yüz illik dərdi-səri sığdırdığım qırx ilim
Sənsizliyə sığmır heç düşünüb mat qalıram.
Və... buludtək doluram.
DARIXMIŞAM
Gedişinə namə yazdım – mürəkkəbi göz yaşımla,
Gözlərimi kor etsə də, sətir-sətir oxumuşam.
Ay insafsız, inanmırsan,
Neyləyim ki, anlayasan,
Mən səninçün darıxmışam.
Uzaqlaşıb başqa səmtə gedərkən də
Ayrılığa aparan o nazlı yerişə baxmışam.
Yoxluğunu gözüm görüb, ürəyimdə saxlamışam.
Gizli-gizli ağlamışam.
Yollarını bağlamadım, getmə, dayan.
Demədim ki, gəl ol hayan.
Sənli olan hər nə varsa,
Gəl, nə qalıb, al o zaman.
Bu yüklərdən sıxılmışam.
Toplayacam, nəyin varsa,
Gəl, yığ apar, öldürəcək məndə qalsa.
Bir sirr açım… Doğru yoldan yıxılmışam.
Bilirsən də, mən yalanı bacarmadım heç bir zaman.
Bəhanədir xatirələr, bəhanədir əşyan-filan…
Gəl,yetər ki, səni görüm,
Gedərkən bir də üzülüm.
Nə deyirəm, heç bilmirəm, sənsiz yaman karıxmışam.
Barı qayıt qonaq kimi, mən razıyam.
Bu dönüşün olsa da ötəri, yalan,
Düşünmərəm bu sevdada yanılmışam.
Bir də qayıt, yalvarıram.
Gözlərinə bir də baxım, baxışına tamarzıyam.
Pıçıldayım qulağına: sənsiz yaman darıxmışam…
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)