BİRİ İKİSİNDƏ - 70 yaşa salam verən şairə dost məktubu Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Ədəbi tənqidin növbəsidir, sizlərə Elxan Yurdoğlunun İbrahim Yusifoğlunun yaradıcılığı barədə qeydlərini təqdim edəcəyik.

 

 

KÖVRƏK ÜRƏYİNDƏ HƏZİN BİR KƏDƏR DAŞIYAN ŞAİR  

yaxud 70 yaşa salam verən İbrahim Yusifoğluna dost məktubu

 

Elə bil dünən idi. “Gəlib çatdım 50 yaşa” deyən İbrahim Yusifoğlunun bir əsri yarılamasının sevincinə şərik olmaq üçün şair dostlarla birlikdə Şərur rayonuna yollanmışdıq. Zarafat deyil, 50 il. Şərur şəhər 2 nömrəli orta məktəbin geniş zalında onun yubiley gecəsi keçirilirdi. Hamı bir-bir danışır, ürək sözlərini söyləyir, təbriklərini çatdırırdı. Dostlar... qohumlar... şairlər... Yazı adamları... Heç şeirə aidiyyəti olmayan adamlar da çox idi. İbrahim Yusifoğlu sevənlərin məclisi idi.

O isə başda oturub qayğılı baxışlarını zalın tavanında, əslində isə sonsuz bir nöqtədə düyünləyib əlini ağappaq saçlarında gəzdirirdi qeyri-ixtiyari. Ağlıq həm də zirvə nişanəsidi axı. Sanki şair uca bir dağa yaslanmışdı. 50 yaş da zirvədi axı. 50 yaşa yaslanıb, bəlkə də, ömrün kulminasiya nöqtəsindən geriyə boylanırdı.

Bu günlərdə, daha dəqiqi desəm, sentyabr ayının 30-da isə onun 70 yaşı tamam olub. Dünənki kimi yaddaşımızda iz qoyan bu 20 illik ömür nə tez keçdi, İlahi!

Rəqəmlərin tilsimi ilə uşaqlıq illərimə, 10 yaşıma qayıdıram. Məktəb direktoru işləyən atamın hər dəfə Şərurdan qayıdanda gətirdiyi qəzetləri maraqla oxuyardım. 20 yanvar hadisələri yenicə baş vermişdi və rayonumuzun “İşıqlı yol” qəzetində dərc olunmuş “mənim inamımı güllələdilər” poemasını maraqla oxumuşdum. Mənə çox qəribə gəlmişdi; necə ola bilər axı, inamı da güllələməkmi olar? Amma olurmuş. Böyüdükcə, yaşa dolduqca nəinki inamı, sevinci də, sevgini də güllələməyin mümkün olduğunu anladım. Bunu isə mənə ilk dəfə üzünü görmədiyim, tanımadığım İbrahim Yusifoğlu başa salmışdı.

Bir müddət sonra atamın kitabxanasında əl içi boyda bir kitab diqqətimi çəkmişdi: bu, inamı güllələnən şairin ilk şeirlər kitabı olan “Araz bayatıları” idi. Həm də mənim oxuduğum ilk şeirlər kitabı.

Daha sonra tələbəlik illərimin ilk vaxtlarında atam mənə daha bir kitab gətirəcəkdi – “Mənim inamımı güllələdilər”. Təkrar oxuduğum həmin poemada mənim üçün hər şey apaydın görünəcəkdi:

 

Çoxu inanmırdı, doğrusu, mən də,

Bu qonşu qəsdinə inanmayırdım.

Bütün sərhədləri bütöv ölkədə

Torpaq davasını gülünc sayırdım.

 

Gözüm görə-görə, haqq deyə-deyə,

Yurduma xəyanət, qəsd eylədilər.

Sülhə, göyərçinə, süni hər şeyə,

Mənim inamımı güllələdilər.

 

İbrahim Yusifoğlu 1954-cü ilin sentyabr ayının 30-da Şərur rayonunun axarlı-baxarlı, dağların sinəsinə söykənmiş Axura kəndində anadan olub. Dağ adamlarının mayasında həmişə bir kövrəklik, həlimlik, zəriflik, bütün bunlarla birlikdə həm də daxili bir sərtlik olur. Mənə elə gəlir ki, haqqında danışdığım şair bu xarakterlərin hamısını özündə ümumiləşdirir. Yazdığı şeirləri oxuduqca da buna əmin olursan. Onun şeirlərində qayaların sivri sərtliyi, bulaqların həzin nəğməsi, çiçəklərin bihuşedici rayihəsi, göy qurşağının cəlbedici rəng harmoniyası var.

Bu sözlərə akademik İsa Həbibbəylinin aşağıdakı fikirlərini də əlavə etməyə ehtiyac var: “Həyatı barmaqları bənövşəyi mürəkkəbli şagirdlərin və müəllimlərin arasında keçən İbrahim Yusifoğlunun bir çox misraları həm rəng çalarına, həm poetik mənasına görə bənövşə çiçəyinə bənzəyir. Bəlkə də, belə demək mümkündür ki, İbrahim Yusifoğlunun şeir yaradıcılığı bütövlükdə sanki badam ağacında bənövşə çiçəyidir”.

Bəli, onun ömrünun 70 ilinin 45 ili pedaqoji fəaliyyətlə keçib. Həmişə də öz peşəsinə sadiq qalıb. Müəllimliyin saflığı, müqəddəsliyi İbrahim Yusifoğlunun şeirlərində də dilə gəlir:

 

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdır, müqəddəsdir müəllim ömrü.

 

Həyatda hər zaman gözləri toxdu,

Ürək ovsunlayan sözləri çoxdu,

Dünyanını varında gözləri yoxdu,

Odlu bir nəfəsdi müəllim ömrü.

 

Əmək fəaliyyətinə başladığı dövrdən müəllim işləsə də, özündən fərqli olaraq, yetirmələrinin bir çoxu Əməkdar müəllim adına layiq görülsə də, bu, İbrahim Yusifoğlunun daxilində nə hansısa həsədə səbəb olur, nə də onu narazı salır. Onun dilindən dəfələrlə eşitdiyim cümləni olduğu kimi yazmaq istəyirəm: “Mənim dərs dediyim şagirdlər Əməkdar müəllim fəxri adına layiq görülüblərsə, bu, elə mənim Əməkdar müəllim olmağıma, bununla fəxr etməyimə kifayət edir”. Bir də ki, İbrahim Yusifoğlunu tanıyan hamı onu hər şeydən əvvəl şair kimi sevir. İndiyədək 30-dan çox şeir, poema və nəsr kitabının müəllifi olması da dediklərimizi təsdiq edər.

İbrahim Yusifoğlu şeirlərini iş masasının arxasında əyləşib, “bu gün mütləq bir şeir yazacam” iddiasıyla sözü zorlayaraq yazanlardan deyil. Onun şeirlərində səmimilik var. Bu səmimiliyi oxucu ilk misradan hiss edir, yaşayır:

 

Yaman gileyliyəm özüm özümdən,

Ürəyim istəyən bəxtim olmadı.

Şəvə saçlarıma səpələndi dən,

Məni kövrəldəcək kədər qalmadı.

 

Bu da bir taledi, başım üstündən

Bulud çəkilmədi, günəş doğmadı.

Heç nə istəmirəm Tanrıdan ki mən,

Ruhuma bircə bu yağış doğmadı.

 

Çıxıb gedəcəyəm sənin əlindən,

Dünya, fərq qoymadın ölüyəm, sağam.

Ruhuma qəm hopmuş nəğmələrimlə

Özgə bir dünyada yaşayacağam.

        

Xalq yazıçısı Hüseyn İbrahimov da İbrahim Yusifoğlununu səmimiliyinə işarə vuraraq deyirdi: “İbrahim Yusifoğlu xoşuma gələn şairdir, çünki nə yazırsa, ürəkdən yazır, şeirləri də özü kimi səmimidir”.

         Nədənsə İ.Yusifoğlunun bütün şeirlərində həzin bir kədər var. Bunu ancaq onu lap yaxından tanıyanlar bilər. Kövrəkliyi elə bil ki, onun alın yazısıdı. “Məni kövrəldəcək kədər qalmadı” desə də, o, bir uşağın küsməsindən də kövrələ bilər, bir qızın ayrılıq göz yaşlarından da. Bir şəhid anasının donmuş baxışı, külək aparan çörək qırıntılarının arxasınca hoppana-hoppana gedən sərçə çarəsizliyi də onun kövrəlməsinə səbəb ola bilər.

         Şəvə saçlarına ağappaq qar yağan bu şairin şeirlərini oxuduqca əmin olursan ki, o, küsməyi bacarmır... İnciyir. İncikliyini də heç vaxt büruzə vermək istəmir. Şeirlərinə hopdurur. Sözlərlə açır ürəyini. Vərəqləri qaraldır. Küsə bilməmək azarındandır ki, etiraz kimi oxunur bəzi şeirləri: “Çıxıb gedəcəyəm sənin əlindən” deyir, “Ən əzablı işlərə dözüb sinə gərərəm” deyir. Bəzən isə daha da hiddətlə dinir. “Mən zalım adamam” şeirindəki kimi. Amma taleyinə şairlik yazılıbsa, dünyaya şair kimi gəlibsənsə, istəsən də, zalım ola bilməzsən, İbrahim müəllim. Əsgərlik illərində belə çəkdirdiyi şəklində əlində silah əvəzinə çiçək tutub qoxlayan şairin zalım olmasına kim inanar ki?! İndiyə kimi də kimsə sizin zalımlığınızdan şikayət etməyib, bilirəm.

         Bir məqamı da xüsusi qeyd eləmək istəyirəm. Atalar deyib ki, birini yaxşı tanımaq istəsən, onunla gərək yol yoldaşlığı edəsən. Mən də bir dəfə İbrahim müəllimlə bir həftəlik yol yoldaşlığı eləmişəm. 2008-ci ilin noyabr ayının əvvəllərində mən, Zeyqəm Vüqar və İbrahim Yusifoğlu Urmiya şəhərinə şeir festivalına yollanmışdıq. Hər üçümüz bir otaqda qalırdıq. Axşamlar sərin havada şəhərin mərkəzindən axan Urmiya çayının kənarında o qədər səmimi və şirin söhbətlərimiz olub ki. O vaxta kimi yaxından tanıdığım şairi lap yaxından kəşf elədim. Həmin günlərdə Naxçıvan-Urmiya-Tehran-Məşhəd-Təbriz-Naxçıvan dairəvi marşrutumuzdakı şirin söhbətlər zamanı yazdığı şeirlərin, demək olar ki, hamısının necə yarandığını özündən dinlədim. Bildim ki, “Sulara danışdım yuxularımı” inamına söykənən, “Şairlər Allahdılar, sözlərinin Allahı” əminliyi, “Bu qış xasiyyətdə mənə oxşayır” etirafı, “Sən məni duymazsan duyulan kimi” kskünlüyü hardan gəlir, nədən qaynaqlanır.

         Bəlkə də, sözlərimdə yanılıram, amma İbrahim Yusifoğlu oğul kimi, qardaş kimi, dayı kimi, əmi kimi, ata kimi, həyat yoldaşı kimi, cəmiyyətin üzdə olan ziyalısı kimi tamamilə fərqli bir ampluadadırsa, baba kimi tam başqa bir aləmdədir. Bunu onun uşaqlar üçün yazdığı şeirlərini oxuyanda daha gözəl hiss edirsən. Şairlər onsuz da öz uşaqlıqlarını daim içlərində, gizli bir tərəfdə saxlayırlar. Tək qalanda öz uşaqlıqları ilə uşaq oyunları oynamağı da sevdiklərini bilirəm. Nəvələrinə qoşulub uşaqlaşmağı şairlərdən çox heç kim şiddətlə istəyə bilməz. Çünki şairlər, əslində, nəvələri üçün uşaqlaşmırlar, öz uşaqlıqlarını yaşayırlar. İbrahim Yusifoğlunun şeirlərində də onun uşaqlığını görmək olur. Buna görə də o, uşaqlar üçün yazdığı şeirlərdə də balaca fidanlara nələrisə öyrətməyi, onları düşündürməyə çalışmağı qarşısına məqsəd qoyur:

Günəbaxan, günəbaxan,

Ay özünü günə yaxan.

Quşlar səni dənləyəcək,

Açıq qalıb axı yaxan.

 

         Filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazovun təbirincə desək, “mayası büllur bulaq suyu ilə nanəli, qərənfilli dağların torpağından yoğrulmuş” İbrahim Yusifoğlunun şeirlərinin böyük bir qismini lirika təşkil etsə də, onun doğma yurda, vətənə, böyüyüb boya-başa çatdığı Axura kəndinə, Şərur torpağına, Naxçıvan elinə, bütün bunların timsalında Azərbaycanın dərdinə, kədərinə, sevincinə həsr olunmuş onlarla şeiri var ki, həmin şeirlərin ovqatı milliliklə mayalanıb. Bu baxımdan onun “Torpaq bayatıları”, “Dərdlərin belimi əydi, ay vətən”, “Vətən haqqında şeir”, “Bu nəğməm sənədi, doğma Naxçıvan”, “Axura kəndi”, “Ana kəndim, qayıtmışam qoynuna”, “Daha Araz boyu qatar getməyir” və bu qəbildən olan şeirlərini oxumağa dəyər.

Hələ Sovet hökuməti dağılmamışdan qabaq inamı silahlara tuş olan İbrahim Yusifoğlu hirsini boğa bilməyərək təəssüflə qələmə sarılırdı:

 

Bizim haqda iftiralar, yalanlar təzə,

Bayquşlara duz veririk, səsləri batmır.

Yaltaqların yaltaqlığı çatır mərkəzə,

Bizim isə haqq sözümüz mərkəzə çatmır...

 

Daha sonra qazanılan müstəqilliyin nələr bahasına başa gəldiyini yaşadığı üçün Vətənə səslənirdi:

 

Axır ki, ayırıb düşməni dostdan,

Tanıdın ən qəddar yağını, Vətən.

Qoynun uzaq olsun alovdan, oddan,

Yaşa müstəqillik çağını, Vətən.

        

İllər keçdikcə, qazanılan müstəqillik firəvan həyata, rahat yaşayışa çevrildikcə, evindəki, qonşudakı, kəndindəki, yurdundakı uşağın, gəlinin, qocanın üzü güldükcə, sevinci gözlərində bərq vurduqca, gündən-günə gözəlləşən doğma el-obası rəngbərəng dona büründükcə, Naxçıvan özünün gül-çiçək ətirli həyatını yaşadıqca İbrahim Yusifoğlu yenə şeirlə dillənəcəkdi:

 

Qovmusan başından dumanı, çəni,

Toylu-büsatlıdı qoynunda hər yan.

Qəlbimdən süzülən bu şən nəğməni

Sənə bəxş edirəm, doğma Naxçıvan.

        

Sevimli şairim, aramızdakı yaş fərqinə baxmayaraq, (İbrahim Yusifoğlu mənim atamla həmyaşıddır) dəyərli dostum İbrahim Yusifoğlu haqqında deyiləcək sözüm çoxdur. Nədənsə varlığımda sevincdən uçunan titrəyiş hiss edirəm. Barmaqlarım klaviaturanı döyəclədikcə demək istədiklərimin hamısını deyə bilməməyin nigaranlığı ürəyimdə qövr eləyir. Əlli yaşında yazdığı şeirini pıçıldayıram qarşımdakı kitabının üz qabığından boylanan ağ saçlı şairə:

 

Əllərim başım altında,

Qismətim daşın altında,

Ölümüm qaşın altında,

Gəlib çatdım əlli yaşa.

 

Əlli yaş nədi ki, İbrahim Yusifoğlu! Bu gün artıq 70 yaşın şeirini gözləyirik sizdən. Aşıq Alı necə demişdi: Yüzə nə qaldı... Həəəə, hələ 80 yaşın, 90 yaşın, 100 yaşın şeirini də gözləyəcəyik sizdən. Axı özünüz demisiz:

 

Ömrümün elə bir zirvəsindəyəm,

Qalıb damağımda gəncliyin tamı.

Yenə yaratmağın həvəsindəyəm,

Məndən ola bilməz özgə adamı.

 

Şair doğulanın başqa adam olmaq şansı olmur. 70 yaşınızda belə yolunuza ağappaq saçlarınızdan işıq düşürsə, nur süzülürsə, 100-ü də yaşamağınızı arzulamadan keçmək olmur. Yenə və yeni-yeni şeirlər yaratmağınız arzusuyla, 70 yaşınız mübarək, İbrahim Yusifoğlu...

 

Elxan YURDOĞLU,

şair dostunuz...

Naxçıvan şəhəri

 

 

 

 

İbrahim Yusifoğlu 1954 –cü ildə Şərur rayonun Axura kəndində anadan olmuşdur. NDU –nun Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmiş, uzun müddət təhsil sahəsində çalışmışdır.

1968 – ci ildən bədii yaradacılıqla məşğul olan İbrahim Yusifoğlunun 32 adda müxtəlif janrlarda bədii kitabları çap olunub. O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Qızıl Qələm” media mükafatıçısı və Prezident təqaüdçüsüdür.

İbrahim Yusifoğlu hazırda AMEA–nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır.

 

YAŞADIĞIN YAŞA DƏYƏR

 

Bu həyatda naşı olsan,

Bir sapandan daşı olsan,

Yanaqların yaşı olsan,

Bəxtin gedib daşa dəyər.

 

Könlün seçdi igid, mərdin,

Çox bəlaya sinə gərdin,

Qurtarmadı sevgi dərdin,

Yanağında yaşa dəyər.

 

İlk eşqini saxlasan da,

Yada salıb ağlasan da.

“Ah”larınla oxlasan da,

Gözdən ötüb qaşa dəyər.

 

Günah sənlə gəzirdisə,

Ürəyini əzirdisə,

O günaha nəzirdisə –

Payladığın aşa dəyər.

 

Hər günü tay ilə bilsən,

Dərdi qəlbdən silə bilsən,

Ömrü ömür bilə bilsən,

Yaşadığın yaşa dəyər.

 

 

MƏN  ÇƏKƏN  DƏRDLƏRİ SƏN  BARI ÇƏKMƏ

 

Mən dedim... sən gəldin...durdun önümdə,

Gözləri çağlayan bulaq kimiydin.

Ruhum ovsunlanan bu xoş günümdə

Sən mənə ünyetməz uzaq kimiydin.

 

Nə qədər yaxındıq, o qədər uzaq,

Sarsıldım duyğulu baxışlarından.

Nə bir qol qaldırdın, nə açdın qucaq,

Qorxdum gözlərinin yağışlarından.

 

Sən ki bənzəmirdin yada, özgəyə,

Bilirdim, sən məni duyub gəlmisən.

Şeir söylətməyə, söz eşitməyə,

Qəlbinin səsinə uyub gəlmisən.

 

Görən, nə tapmısan şeirlərimdə?

Onların sevincdən kədəri çoxdu.

Elə sinəmdəki dərdlərimin də

Qədəri varsa da, hədəri yoxdu .

 

Daha nə söyləyim bu payız günü,

Görürsən, yarpaqlar xəzələ dönüb.

Sənə deyəcəyim şeirlər, düzü,

Yaza bilmədiyim qəzələ dönüb.

 

Mənli hisslərini saxla özündə,

Axı qəm dəniyəm, qəlbinə əkmə.

Yansam da çatdığın ocaq közündə,

Mən çəkən dərdləri, sən barı çəkmə.

Mən dedim...

           sən gəldin...

                      durdun önümdə,

Gözləri çağlayan bulaq kimiydin.

Ruhum ovsunlanan bu xoş günümdə

Sən mənə əlyetməz uzaq kimiydin.

 

 

MƏNƏ BİRCƏ GİLƏ GÖZ YAŞI BƏSDİ

 

Göylərin üzünü aldı buludlar,

Qəlbimi ürpədən külək də əsdi.

Eh, səndə nə qədər əmanətim var,

Qaytarsan... bir gilə göz yaşı bəsdi.

 

Bitdin bənövşətək yolumun üstə,

Yaydın yaylığını qolumun üstə,

Yığdım dərdlərimi solumun üstə,

Ağrılar çoxaldı, səbrimi kəsdi,

 

Mənə bircə gilə göz yaşı bəsdi.

Vətənin obasın, elin sevmişəm,

Günəşin, yağışın, yelin sevmişəm,

Anamın şipşirin dilin sevmişəm,

Zirvənin qartalı, sərt qaşı bəsdi.

 

 

GECİKMİŞ MİSRALAR

 

Özümü   duyandan  gizlicə,  aşkar,

Ruhumu  oxşayan  gül  axtarırdım.

İlməsi  qardan  ağ,  üstündə cüt  nar,

Pəncərə  önündə  tül  axtarırdım.

 

Sənə tuş   gəlmədim  baharda,  yayda,

Çölü,  çəmənliyi  gəzdi  gözlərim.

Bir  payız  günündə çatdılar  dada

Səndən  əllərini  üzən gözlərim.

 

Gördüm, o çiçəksən – gəzdiyim  gülsən,

Ruhuma  yayılan  ətrin  bəsimdi.

  qədər xoşbəxtəm,    qədər,  bilsən,

Sevincdən  ürəyim  əsim-əsimdi.

 

Gəlmişdin  mələyin  qanadlarında,

Saçını  küləklər   darayırdılar.

Alma  qızartısı  yanaqlarında,

Gözlərin  yolumu  arayırdılar.

 

Yamanca  ürkəkdin,   yaman  təlaşlı,

Arxanca   bir  qısqanc   göz  izləyirdi.

Ancaq  xəyalında  bir  qaraqaşlı,

Səni    oxşayırdı,  əzizləyirdi.

 

Sənli   keçəcəkdi  ömrümün ardı,

Qəlbimdən  kədəri,  qəmi   silmişəm,

  yaxşı,  həyatın  payızı  vardı,

  yaxşı,  mən  səni  tapa  bilmişəm.

 

 

NUR SAÇILSIN

 

Bir azcana üzüm gülcək,

Qismətimə daş atılır.

Zərrə boyda sevincimə

Kədər, qüssə, qəm qatılır.

 

Bu ömürdən bezikmişəm,

Çox istəyə gecikmişəm,

Əlli ilə ev tikmişəm,

Nəm çəkməkdən ev dağılır.

 

Yetəmmədim söz taxtıma,

Heç düşmədi söz vaxtına,

Közü basdım öz baxtıma,

Söz süzülür, qaş çatılır.

 

Saçım, qışın qırov qarı,

Yeməyimdi yarma darı.

Şəkər, təzyiq düşmür barı,

Yeməyimə həb qatılır.

 

İçim isti, çölüm buzdu,

Dodaq quru, dil susuzdu,

“Düşmənlərim” şəkər, duzdu,

Yağ da, bal da nəhs sayılır.

 

Qızıl ömrüm döndü misə,

Alov söndü, düşdüm hisə,

Fərq olmadı yaxşı, pisə,

Yerə, göyə çən yayılır.

 

Bu halımla gedim hara,

Dərd əlindən gəldim zara.

Ulu Tanrı, et bir çara –

Dan sökülür, nur saçılır.

 

 

BİR QIZ GÖRDÜM SƏNƏ BƏNZƏR

 

Bir qız gördüm sən yerişdə,

Sən duruşda, sən biçimdə.

Sənə oxşar gülüşündən

Ovsunlandı söz içimdə

 

Yanağı dağ lalasıydı,

Ürkək ceyran balasıydı,

Pəmbə bulud talasıydı,

Yağasıydı su içimdə.

 

Qaşlarını dartması da,

Gözdə ocaq çatması da,

Saçların yan atması da

Sən nizamda, sən idimdə.

 

Süzgün baxıb boylanmağı,

Nazla gəzib dolanmağı,

Hamını xoş, dost sanmağı

Sənə bənzər, sən seçimdə.

 

Bir az dəcəl, şıltaq qızdı,

Neçə donmuş qəlblər qızdı,

Baxışları sərhəd cızdı:

Sənə bənzər, sən seçimdə.

 

Bir qız gördüm, sənə bənzər,

Duyğulanıb saldım nəzər.

Bu sən idin, lap təzətər,

Közərdi bir köz içimdə

 

 

ÖLÜMÜ GÖZLƏYƏN QOCA

 

Gen otaqlar ona dardı,

Çıxıb həyətdə gözləyir.

Deməyə çox sözü vardı,

Yetişən anı izləyir.

Qol da açıb onu quca –

Ölümü gözləyən qoca.

 

Nəfəs dərir ağır-ağır,

Üz-gözündən giley yağır.

İstər dindir, istər çağır,

Çətin sözə qulaq asa –

Ölümü gözləyən qoca

 

Saf ömrünə lil qatdılar,

Böhtan, nöqsan, çirk atdılar,

Sındırdılar, alçaltdılar,

Hər halında oldu uca –

Ölümü gözləyən qoca.

 

Dönüb bir də geri baxmır,

Nə kövrəltmir, nə də yaxmır,

Torlu görür, eynək taxmır

Baxışları dönüb buza –

Ölümü gözləyən qoca.

 

Bilə bilmir, bu nə haldı,

Ölüm harda ölüb qaldı.

Yəqin, şeytan tora saldı,

Heç bilmir ki, necəyoza –

Ölümü gözləyən qoca.

 

Dinən çağı dinənmədi,

Gülən vaxtı güləmmədi,

Ölən çağı öləmmədi.

Həyatından bezən qoca –

Ölümü gözləyən qoca! 

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.