ƏN YENİ POEZİYA Qulu Ağsəsin “Yuxu dərmanı” mənzum şeiri ilə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə sevilən şairimiz, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin  yaradıcılıq laboratoriyasınadır yolumuz. 

Yeni mənzum şeirində nədən bəhs edir şair? 

 

Qulu AĞSƏS

 

YUXU DƏRMANI

(“Ərzi-əsri-hal-namə”dən)

 

...Həə, əzizlərim,

uşağın asfalta düşən

çörəyi öpüb gözü 

üstünə qoymağına –

nağıllardakı kimi – 3 gün, 

3 gecə kövrələndən 

sonra üz tutdum 

psixoloqa. Xanımın 

tıxacdan verdiyi 

suallara könülsüz

“hə-hı” elədim.

Psixoloq bu dəfə 

kimyəvi biliyimi 

yoxlayıb, ardınca 1 şeir 

deməyimi xahiş elədi.

İstədim, “Uşaq və 

buz”u deyəm, 

fikirləşdim, qadın 

seansı uzadar. Keçdim 

öz yaradıcılığıma.

“Görsən üşüyürsən, 

yandır özünü!” – 

gözucu baxdım ki, 

psixoloq aglayır. Qəfil 

ayağa durub:

“Yandıracam bir gün!”  

dedi. Xanımı güc-bəla 

sakitləşdirib çıxdım...

Küçədə yerə düşən 

çörəyi öpüb gözü üstə 

qoyan uşağı axtarıram.

Onu öpüb gözüm üstə 

qoyacam...

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.