BİRİ İKİSİNDƏdə Əlizadə Nuri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə cəlilabadlı şair Əlizadə Nurinin özüylə söhbəti və şeirləri təqdim ediləcək.

 

 

Özüylə söhbəti...

 

 

         Poeziya heyrətdən yaranır – ilahi heyrətdən. “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni...” deyirdi böyük Füzuli. Poeziyanın iliyi, mayası, cövhəri də elə bu heyrətdədir.          Poeziya həm də ürəyin sirli-sehrli simfoniyasıdır. Qrasian özünün məşhur “Kamillik elmi” əsərində “ürəyinə və ürəyindəkilərə inan” deyirdi...

         Poeziya ömür haqqında, ölüm haqqında bir nəğmədir. Yalandır ki, deyirlər ömür qısadır, əksinə, Tolstoysayağı hərdən adam ölməyəcəyindən qorxur. Düşünürsən, bu boyda ömrün məsuliyyətini necə daşıyacaqsan və elə bu vaxt poeziyanı öz yanında görürsən...

         Bizdə şeir yazanların çoxu Tanrıdan yox, kitabdan gəlir. Mütaliə hesabına sözə girişənlər o qədər çoxdur ki... Amma baxırsan ki, heç sısqa istedadları da yoxdur.

         Ədəbiyyat bəzən illüzor, utopik xoşbəxtliklər vəd etsə də, hər halda vizual ahəngi, cazibədarlığı ilə könül oxşayır. “Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz” deyəndə çox haqlıydı Akutaqava...

         Kant poeziyanı “fikirlərin bədii oyunu” adlandırırdı. Əsas olan fikirlərin hansı havaya oynaması yox, necə oynamasıdır. Əsl şeirin oxucunun milli-mənəvi məfkurəsinə böyük təsiri olur, insan idrakına sığal çəkir əsl poeziya. Deyəsən, Hüqo deyib: “Fransa inqilabını Volterin əsərləri törədib”.

Sonda şöhrət haqqında: Böyük söz ustadlarında şöhrət hissinin olmasına normal baxıram. İnstinktiv olaraq belədir. Əsl poeziya bu qədər əzablı proseslərdən keçirsə, şairin bir qədər şöhrətpərəst olması niyə qıcıq yaratsın ki?

         Al Paçinonun gözəl bir sözü var: “Şöhrətpərəstlik günahların ən sevimlilərindən biridir”. Məncə, net və konkret deyilib...

 

...və şeirləri

 

 

FIRLANIR

 

Neçə acın yuxusunda

Dəyirman daşı fırlanır.

Bəlkə, elə şərab içib –

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Bu yarpaq da bir çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi –

Nə qədər naşı fırlanır...

 

 

DÜNYA BU UŞAĞINDI...

 

Yerdən göyə yol uzaqdı,

Göydən yerə yaxındı.

Yağış hansı buludundu? –

Ürəyi yumşağındı.

 

Yağışdı da, yağıb gedir,

O qız yağan bu yağışı

Saçlarına taxıb gedir...

...Adamlar da axıb gedir –

Hamı axın-axındı...

 

Kim çağırdı qəssabları?

Kim apardı hesabları?

O payızın xatirəsi,

Bu ağacın əzabları

Sonuncu yarpağındı.

 

Tanrı, bunu nədən cızdın? –

Halal olanlar halsızdı.

Yerdəki rəsmin o qızdı,

Göydə göy qurşağındı.

 

Əlim də gəlmir oyadam

Bu yuxudan, bu röyadan.

...Xəbəri yoxdu dünyadan –

Dünya bu uşağındı...

 

 

NƏ OLSUN Kİ, BİR MİSRASAN...

 

Bir dəfə bəxtim gətirdi,

Dedilər ki, zər tutursan

Qəm əkib-biçirəm deyə,

Sən məni rəncbər tutursan?!

 

Ömür axıb gedən çaymış...

O ay – sən baxan bacaymış.

Dünya səndən balacaymış –

Sən nə qədər yer tutursan?!

 

Bir nəfərsən, min sırasan,

Kirpiyimdə sırsırasan.

Nə olsun ki, bir misrasan,

Gör neçə əsər tutursan?!

 

 

NƏFƏSDƏRMƏ

 

Günəşi gizlədiblər

Buludun arxasında.

Adam var, toylardadı,

Adam var, öz yasında...

 

Silkələnir göy üzü,

Buludlar divar-divar.

Ulduzlar elə qəmgin...

Ayın da ay dərdi var.

 

Tanrı insan yaradıb,

Hər yan haydı, haraydı.

Yoxsa tək darıxdı O? –

Gərək darıxmayaydı...

 

Yağış da yuya bilmir

Bu dünyadan hüzünü.

Baxıb yaratdığına

Tanrı tutub üzünü...

 

...Yüz il ömür istəyir,

Əlli il bəs eləmir?

Özünə bir ev tikib

Günü günbəz eləmir...

 

Hər yan saxta parıltı –

Yox, ora girmirəm mən.

Qaranlıqdan qorxmuram,

İşıqda görmürəm mən.

 

Onun iştahına bax,

İstəmir tacı düşsün.

Göydən də üç alma yox,

Alma ağacı düşsün...

 

...Yanında qəm qardaşı,

Bu adam toya gedir.

Ömür – qatar kimidi

Sonda depoya gedir...

 

 

ƏL AÇDIM – AÇMAMIŞ BİR ÇİÇƏK ÜÇÜN...

 

Çıxaq sevgimizin günçıxanına,

Nə yolda dayanaq, nə tin kəsdirək.

Bizim bu eşqimiz göydən düşüb ki –

Gedək göy üzünə kəbin kəsdirək.

 

Əllərim ümidin boş cibindədi...

Quru yaylığım da yaş cibimdədi.

Xoşbəxtlik dünyanın döş cibindədi –

Neynəyək – dünyanın cibin kəsdirək?!

 

Gözlərim tor hörür hörümçək üçün...

Əl açdım – açmamış bir çiçək üçün.

Quyuya sallanaq görüşmək üçün,

Sonra o quyunun ipin kəsdirək...

 

 

BU DƏRDİN BAŞINA TAC QOYMUŞAM MƏN...

 

Mən də yıxılanda sözdən tutmuşam –

Bizi söz gəzdirir can əvəzinə.

Bəlkə, göy üzünü yaralayıblar –

Damır ay işığı qan əvəzinə?!

 

Sənsiz bu yollarda yol azan səsəm,

Sənsiz neynəyər ki bu halı sərsəm?

Bəlkə, bu dünyanın günəşi sənsən –

Sökülür ürəyim dan əvəzinə?

 

Vaxtın darağında saç qoymuşam mən,

Neçə gün qələmi ac qoymuşam mən.

Dərdimin başına tac qoymuşam mən –

Taxta çıxartmışam xan əvəzinə...

 

 

MƏNƏ GÖY ÜZÜ VERİN...

 

Mənə bir yelləncək verin,

tapıb oynadacam uşaqlığımı.

 

Bir cüt qərənfil verin,

bir şəhid məzarı girib yuxuma...

 

Mənə bir parça kağız verin,

yığım qələmə qısılan sözləri.

Son şeir vəsiyyət kimi olur.

 

Bir əlçim bulud verin –

gözlərimə sıxıb özüm yağışa çevirəcəm...

 

Mənə bir kamança verin –

ağlatmalı nə çox dərd var.

 

Bir qurtum su verin –

bu ümid çox qurudu,

keçmir boğazımdan.

 

Məni azadlıqla tanış eyləyin,

görüm halı necədi.

 

Mənə bir ulduz verin –

isidim əllərimi...

 

...Bir az göy üzü verin,

bir tikə ay işığı,

Yer üzü sizə qalsın...

 

 

BU ÖMÜR İSLANMIŞ KAĞIZMIŞ, DEMƏ...

 

Hər gün ürəyimdən durnalar uçur –

Mənim bu canımda payızmış, demə.

Məni bu dünyanın yadına salan

Yaddan çıxartdığım o qızmış, demə.

 

Bu yol hara belə köçünü çəkir?

Ölüm də kəfənin ucunu çəkir...

Gördüm ki, bir söyüd içini çəkir –

O da mənim kimi yalqızmış, demə.

 

Udduğum havanın içində dadın...

Yanım – bir az isin, üşüyən qadın.

...Çərpələng düzəltdim, o da uçmadı –

Bu ömür islanmış kağızmış, demə...

 

 

GÖY ÜZÜ BİR ÇƏTİRDİR...

 

Yağış yağıb... çiçəklər

Elə bil doluxsunub.

Gecəni məst eləyib

Axan çayın ovsunu.

 

O ay işığına bax,

Kim dəyişər altuna?

Göy üzü bir çətirdi –

Hamı girib altına.

 

Bu da yaşın əllisi,

Ölüm gəlib haqlayıb.

Sənin yükün ağırdı –

Ver, dərdini saxlayım...

 

...Çıxıb getdim meşəyə,

Qaldım koğuşlar ilə.

Ad günümü keçirdim

Meşədə quşlar ilə.

 

İçim səhra olandan

Gözlərimdən qum gəlir.

...Unutmuşdum adımı –

Adıma məktub gəlib...

 

 

ÖMÜR YANMIŞ ZƏMİ KİMİ...

 

Suçəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə, qandı

Yığılıbdı dan yerinə?

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi, eşq rəsmi çəkir

Sinəmin kətan yerinə?!

 

Ömür – yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

...O qız batan gəmi kimi

Dönmədi liman yerinə...

 

 

DÜNYA BOYDA İMARƏTİ NEYNİRƏM?

 

O söz məni ovsunlamaz, a şair,

Nə məcazı, nə ecazı yoxdusa.

Bir hecası əsir idi vətənin –

Və – tən olmur bir hecası yoxdusa...

 

Əl tutmuşduq, oynayırdıq ələmnən...

Bir ləl tapıb, böldüm onu lələmlən.

...O özünü bir gün vurdu qələmnən –

Neynəyərdi, tapançası yoxdusa?

 

Dağdan ağır bu minnəti neynirəm?

Sədəqətək sədaqəti neynirəm?

...Dünya boyda imarəti neynirəm –

Sənə baxan bir bacası yoxdusa?!

 

 

BƏLKƏ, SƏN SON BAHARSAN?

 

Yaman imiş ayrılıq,

Nə yaman sənsizlədim...

Hara alıb apardın,

Bu dünyanı gizlədin?

 

İndi döyüşmək gərək –

Gəlir bu qəm alayı...

Bir az öz səsiməm mən,

Bir az durna harayı...

 

Deyirdin yaz gələcək,

Bəs haçanmış, haçanmış?

Axşam çıxıb getmisən –

Ömür axşamacanmış...

 

Harda durmusan axı –

Yolu sənə göndərim.

Günəşin də ətri var,

Bəlkə, sənə gün dərim?!

 

...O yandan sərin gəlir –

Bəlkə, sən son baharsan?

Silmişəm gözlərimi –

Gələndə daranarsan...

 

 

ÜŞÜYÜR

 

Ağaclar yarpaq yerindən,

Gül nəfəsindən üşüyür.

Payız çatıb quşlara da –

Dimdiyində dən üşüyür.

 

Gəldi bu qəm boyu bəstə

Mən qəfəsdə, o həvəsdə.

Yaşamaq istəyən xəstə

Öz həvəsindən üşüyür.

 

Azıb qalıb naşı kimi,

Kor adamın daşı kimi.

Şair də qu quşu kimi

Son nəğməsindən üşüyür...

 

 

MƏN BİR AZ EŞQ TORPAĞIYAM

 

Şirin-şirin al canımı,

Qılıncında şəkər saxla.

Bu gün bir az öldür məni –

Sabaha da şikar saxla!

 

Bəlkə də, eşq torpağıyam –

Bəlkə, elə pirəm, zalım?

Hər gün səni çağırsam da,

Adını bilmirəm, zalım.

 

Özgəsinə qıyma məni,

Özün elə sitəm mənə.

Bir ipək köynək kimiyəm –

Yaman tez batır qəm mənə...

 

 

SULAR ÇAĞIRIR BİZİ...

 

Bir sükuta uduzur

Milyon adamın səsi.

Hara çıxıb getdi ki

O qaraçı nəğməsi?

 

İndi necə gizləyim,

Mən bu boyda hüzünü?

Quşlar qanadlarıyla

Saxlayıb göy üzünü...

 

Haqqın səsi batıbmış,

Yoxsa təkcə kar mənəm?

Mən həm günah imişəm,

Həm də günahkar mənəm.

 

Sular çağırır bizi,

Səs gəlir o quyudan.

Daş intihar edirmiş

Atılaraq qayadan...

 

...Başımızı kəsdilər –

Baş əymədik şahlara.

Mənə bir ümid verin,

Paylayım uşaqlara...

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.